“Azərbaycan ərazisi heç vaxt qarşıdurma poliqonuna çevrilməyəcək” - Politoloq

Pezeşkian - İlham Əliyev arasında telefon danışığı gərginliyin azalması üçün mühüm addımdır

Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Pezeşkian İlham Əliyevin İranın Ali Rəhbəri Ayətullah Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.

Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.

Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb. Həmçinin o, Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.

Politoloq Yusif Bağırzadə Sherg.az-a bildirib ki, prezident Pezeşkianın prezident İlham Əliyevə telefon zəngi etməsi və iki dövlət arasında yaranmış gərginliyin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparması təqdirəlayiqdir:

"Azərbaycan dövlət başçısı İran səfirliyinə gedərək İranın ali liderinin öldürülməsi ilə əlaqədar başsağlığı vermişdi. Bundan başqa, cənab Prezident çıxışında qeyd etdi ki, hətta Livanda yerləşən İrana məxsus diplomatik korpusun evakuasiya olunması ilə bağlı Azərbaycan təmənnasız yardım göstərib.

Azərbaycan bu gün də qonşularla dostluq münasibətlərinin davam etməsində maraqlıdır. Biz bütün dövlətlərlə, xüsusilə də qonşu ölkələrlə beynəlxalq hüquq normaları çərçivəsində əməkdaşlığımızı davam etdiririk. Azərbaycanın ərazisindən hər hansı bir qonşu dövlətə və ya üçüncü ölkəyə qarşı hücumun həyata keçirilməsinin tərəfdarı deyilik. Azərbaycan heç vaxt istəməz ki, onun ərazisi hansısa dövlətlərin qarşıdurma poliqonuna çevrilsin və ya bizə qonşu olan dövlətlərdə müharibə təhlükəsi yaransın. Halbuki hazırkı vəziyyətdə İran ilə İsrail və ABŞ arasında gərginlik və hərbi qarşıdurma mövcuddur. İranda çoxsaylı soydaşlarımız yaşayır və biz maraqlıyıq ki, İran dövlətində sabitlik və əmin-amanlıq olsun".

Politoloq Naxçıvana terror aktı ilə bağlı olan məsələyə aydınlıq gətirilməyinin vacib olduğunu söyləyib:

"Lakin bəzi məsələlər var ki, onlara aydınlıq gətirilməlidir. İranın Hərbi Hava Qüvvələrinin Naxçıvan istiqamətində göndərmiş olduğu pilotsuz uçuş aparatlarının iki mülki obyektə ziyan vurması məsələsi diqqət çəkir. Onlardan biri Naxçıvan hava limanına, digəri isə orta məktəbin yaxınlığına düşdü. Bu hadisə nəticəsində bir çox Azərbaycan vətəndaşları xəsarət alıblar.

Biz inanırıq ki, gələcəkdə İran dövləti belə halların baş verməsinə yol verməyəcək. Bu məsələ ilə bağlı iki dövlət başçısı arasında kifayət qədər müzakirələr aparılıb".