Azərbaycan İranla əməkdaşlığı genişləndirməyi planlaşdırır - ŞƏRH

"Lakin İranın hazırkı geosiyasi vəziyyəti və mümkün hərbi risklər iqtisadi layihələrin icrasına müəyyən çətinliklər yarada bilər"

Azərbaycan ilə İran arasında münasibətlər regionun siyasi və iqtisadi prosesləri fonunda diqqət mərkəzindədir. Coğrafi yaxınlıq və tarixi əlaqələr bu münasibətlərin formalaşmasında mühüm rol oynayır. Son illərdə tərəflər arasında keçirilən görüşlər və aparılan müzakirələr əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsinə yönəlib.

Mövcud geosiyasi şərait, regional layihələr və beynəlxalq münasibətlər sistemi iki ölkə arasındakı əlaqələrin dinamikasına təsir göstərən əsas amillər sırasındadır. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a Azərbaycan-İran əlaqələrinin həm siyasi, həm də iqtisadi müstəvidə yeni mərhələyə qədəm qoyduğunu deyib: 

"İki tərəf arasında keçirilən birgə komissiya iclasları və aparılan müzakirələr münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Tərəflər yalnız iqtisadi layihələr həyata keçirmir, eyni zamanda Bakı və region üçün strateji əhəmiyyət daşıyan nəqliyyat dəhlizləri-xüsusilə Şimal-Cənub marşrutu gündəmdədir. Azərbaycan bu istiqamətdə siyasi iradə ortaya qoyub. Rəsmi Bakı əməkdaşlığın genişlənməsində maraqlıdır.

İranla iqtisadi əməkdaşlıq konkret layihələrin icrası baxımından mühüm əhəmiyyət daşıyır. Lakin İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar və region ətrafında davam edən hərbi-siyasi gərginlik müəyyən əməkdaşlıq istiqamətlərinə mənfi təsir göstərə bilər. Ümumilikdə isə İlham Əliyevin mövqeyi aydındır: İranla əməkdaşlıq yüksək səviyyədə davam etməlidir və birgə iqtisadi layihələr reallaşdırılmalıdır. İran-Azərbaycan əlaqələrinin normallaşması qarşılıqlı etimadın formalaşmasına da töhfə verəcək".

Politoloq vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni siyasi-iqtisadi konfiqurasiya yaranıb: 

"Yeni şəraitdə Azərbaycan İranla əməkdaşlığı genişləndirməyi planlaşdırır. Lakin İranın hazırkı geosiyasi vəziyyəti və mümkün hərbi risklər iqtisadi layihələrin icrasına müəyyən çətinliklər yarada bilər. Bununla belə, əgər İranla Qərb arasında münasibətlərdə nisbətən sabitlik yaranarsa, Azərbaycan və İran iqtisadi layihələri daha çevik şəkildə həyata keçirə və regionda iqtisadi inteqrasiyanı sürətləndirə bilərlər. İran da bu müstəvidə yüksək potensiala malikdir və hazırkı mərhələdə rəsmi Tehranın Azərbaycana münasibəti müsbətdir. Tərəflər əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atmaqda davam edirlər".