Azərbaycan Sülh Şurasında yaradıcı üzv oldu: Dünya səhnəsində nüfuz artır!

Dünya İqtisadi Forumu çərçivəsində Sülh Şurasına qoşulmaqla bağlı dövlətlərə açıq müraciət edilib. Bu müraciət fonunda Azərbaycan Respublikası Sülh Şurasına yaradıcı (founding) üzv statusu ilə qoşulub. 

Politoloq Züriyə Qarayeva Sherg.az-a Azərbaycanın beynəlxalq sistemdə rolunun artdığını deyib:

"Azərbaycanın World Economic Forum çərçivəsində Sülh Şurasına yaradıcı üzv statusu ilə cavab verməsi ölkənin beynəlxalq sistemdə artan rolunun göstəricisidir. Təsisçi statusu sıravi iştirakdan fərqlənir. Çünki bu, platformanın məqsəd və prinsiplərinin formalaşmasında söz sahibi olmaq deməkdir. Azərbaycan son illərdə regional münaqişənin həlli, postmünaqişə bərpa modeli və çoxtərəfli diplomatiya təcrübəsi ilə diqqət çəkib. Bu baxımdan ölkənin belə bir qurumda yer alması həm siyasi etimadın, həm də beynəlxalq tərəfdaş kimi qəbul olunmasının nəticəsidir".

Analitik vurğulub ki, üzvlük Azərbaycanın qlobal sülh və təhlükəsizlik gündəliyində daha aktiv rol oynamaq niyyətini göstərir: 

"Bakı yalnız regional aktor kimi deyil, dialoq və nəticəyönümlü diplomatiya təşviq edən tərəf kimi çıxış edir. Ermənistanla sülh prosesinin irəli aparılması və suverenlik çərçivəsində əldə olunan nəticələr Azərbaycanın təqdim etdiyi modelin praktik nümunəsi kimi qiymətləndirilə bilər. Sülh Şurasında təmsilçilik ölkənin diplomatik imkanlarını genişləndirən və beynəlxalq nüfuzunu möhkəmləndirən addımdır".