- “İki ölkə arasındakı müttəfiqlik 500 milyon dollardan çox yeni əməkdaşlıqla möhkəmlənir”
Azərbaycan-Türkiyə münasibətləri son illərdə siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə həyata keçirilən əməkdaşlıq çərçivəsində inkişaf edir.
İki ölkə arasında müxtəlif istiqamətlər üzrə qarşılıqlı əlaqələrin genişlənməsi münasibətlərin gündəlik siyasi proseslərlə yanaşı, daha uzunmüddətli və institusional müstəvidə də nəzərdən keçirilməsini zəruri edir. Hazırkı mərhələdə Azərbaycan-Türkiyə əlaqələrinin əsas istiqamətləri və son dövrdə baş verən inkişaflar bu münasibətlərin gələcək perspektivləri baxımından da diqqət çəkir.
Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin sədri (DASAM), Beynəlxalq Münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukcu Sherg.az-a bildirib ki, Azərbaycan- Türkiyə münasibətlərini qiymətləndirərkən, ilk növbədə, bu münasibətlərin yalnız aktual siyasi proseslər üzərindən dəyərləndirməmək lazımdır:
"İki ölkə arasındakı münasibətlər tarixi və ictimai bağlarla yanaşı, ortaq iqtisadi, strateji və geosiyasi maraqlar əsasında inkişaf edən çoxşaxəli bir xarakter daşıyır. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi də bu əlaqələrin institusional və strateji çərçivəsini daha yüksək mərhələyə daşıdı. Buna görə də Azərbaycan-Türkiyə münasibətlərini yalnız dövri proseslər əsasında qiymətləndirmək əvəzinə, son illərdə formalaşan institusional zəmini və qarşılıqlı əməkdaşlıq mexanizmlərini nəzərə almaq lazımdır.
Son dövrdə sosial media üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə zərər vurmağa, iki cəmiyyət arasında sual işarələri yaratmağa və münasibətlərin mövcud səviyyəsi ilə bağlı fərqli təsəvvürlər formalaşdırmağa yönəlmiş bəzi təxribat xarakterli paylaşımların dövriyyəyə buraxıldığını görürük. Lakin bu cür sosial media məzmunlarının iki ölkə arasındakı münasibətlərin ümumi xarakterini və dövlətlər səviyyəsindəki siyasi iradəni əks etdirmədiyini xüsusilə vurğulamaq lazımdır".
Ekspert qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin əsasını dövri sosial media müzakirələrindən daha çox, illər ərzində formalaşmış güclü siyasi, diplomatik və institusional bağlar təşkil edir:
"Türkiyə Respublikası Kommunikasiya İdarəsi də 2026-cı ilin mart ayında Azərbaycan-Türkiyə münasibətlərinə qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlara diqqət çəkərək bu cür məzmunlara qarşı ictimaiyyəti xəbərdar etmişdi.
Türkiyənin rəsmi açıqlamalarında da bu yanaşmanın açıq şəkildə ortaya qoyulduğunu görürük. Xarici İşlər naziri Hakan Fidan sentyabrın 15-də Bakıda verdiyi açıqlamada Azərbaycan-Türkiyə münasibətlərini “sarsılmaz bağlarla bir-birinə kilidlənmiş” və müttəfiqlik səviyyəsinə yüksəldilmiş münasibətlər kimi xarakterizə etdi. O, eyni açıqlamasında müdafiə və təhlükəsizlik sahəsində həyata keçirilən birgə təlimlərin, təhsil fəaliyyətlərinin və müdafiə sənayesi qurumları arasında getdikcə dərinləşən əməkdaşlığın müttəfiqliyin sahədəki konkret təzahürləri olduğunu bildirdi.
Sentyabrın 27-də Azərbaycanın Anım Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın etdiyi paylaşım da Türkiyənin Azərbaycana münasibətinin dəyişmədiyini göstərən mühüm nümunələrdən biri oldu. Ərdoğan Azərbaycanın şəhidlərini və qazilərini yad edərkən paylaşımında “Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də elə qalacaq” ifadələrinə yer verdi. Bu açıqlama Türkiyənin Qarabağ məsələsindəki mövqeyinin və Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin davam etdiyini açıq şəkildə göstərir".
Analitik vurğulayıb ki, sosial mediada dövri olaraq ortaya çıxan təxribat xarakterli məzmunlarla iki ölkə arasındakı dövlətlərarası münasibətlərin real xarakterini bir-birindən ayırmaq lazımdır:
"Azərbaycan və Türkiyə arasındakı münasibətlərin gəldiyi mərhələni qiymətləndirərkən sosial mediada yayılan ayrı-ayrı iddialardan daha çox, imzalanan sazişlərə, yüksək səviyyəli siyasi təmaslara, birgə təlimlərə, müdafiə sənayesi sahəsində əməkdaşlığa və iki ölkənin birgə layihələrinə diqqət yetirmək daha doğru yanaşma olardı. Bütün bu göstəricilər birlikdə qiymətləndirildikdə, Azərbaycan-Türkiyə münasibətlərinin dövri müzakirələrdən kənarda, institusional və strateji bir zəmin üzərində qurulduğu aydın şəkildə görünür.
Müdafiə və təhlükəsizlik sahəsindəki son inkişaflar da münasibətlərin konkret ölçüsünü ortaya qoyur. Sentyabrın 30-da ADEX 2026 çərçivəsində Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi, birgə istehsal, texnologiya və müdafiə sistemlərinin tədarükü ilə bağlı müxtəlif saziş və anlaşmalar imzalandı. Bu çərçivədə imzalanan müqavilələrin ümumi dəyərinin 500 milyon dollardan çox olduğu açıqlanıb. Bu da müdafiə sənayesi sahəsində əməkdaşlığın yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını, istehsal, texnologiya transferi və birgə imkanların inkişaf etdirilməsi kimi konkret istiqamətlərdə irəlilədiyini göstərir.
Bununla yanaşı, Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təlimi də oktyabrın 1-də başa çatdı".
Müsahibimiz söyləyib ki, təlimin Azərbaycanda keçirilməsi və Azərbaycan, Türkiyə, Özbəkistan hərbçilərinin birgə təlim, hazırlıq fəaliyyətlərində iştirakı Türk dünyasında müdafiə sahəsində çoxtərəfli əməkdaşlığın da inkişaf etdiyini göstərir:
"Bundan əlavə, Türkiyə və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə SAT və SAS-2026 təliminin oktyabrın 19-23-də Muğla-Aksazda keçirilməsinin planlaşdırıldığınl da Türkiyənin Milli Müdafiə Nazirliyi açıqladı.
Bu inkişaflar bizə, əslində, Azərbaycan-Türkiyə münasibətlərinin yalnız siyasi bəyanatlar əsasında deyil, sahədəki institusional əməkdaşlıq mexanizmləri vasitəsilə də inkişaf etdiyini göstərir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən münasibətlər müdafiə və təhlükəsizlik sahəsindəki birgə fəaliyyətlərlə dəstəklənərkən, enerji, nəqliyyat, ticarət, bağlantısallıq sahələrində də yeni layihələrlə dərinləşir. Türkiyənin Xarici İşlər Nazirliyi də münasibətlərin çoxşaxəli və strateji xarakter daşıdığını, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldildiyini açıq şəkildə bildirir.
Qarşıdakı dövrdə xüsusilə nəqliyyat və bağlantısallıq, Orta Dəhliz, enerji, müdafiə sənayesi, texnologiya, akademik əməkdaşlıq və Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli fəaliyyətlərin daha böyük əhəmiyyət qazanacağını düşünürəm. Azərbaycan və Türkiyənin malik olduğu coğrafi mövqe, qarşılıqlı tamamlama iki ölkənin yalnız ikitərəfli münasibətləri baxımından deyil, Cənubi Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya arasındakı bağlantıların gücləndirilməsi baxımından da mühüm potensial yaradır".
M.G.Özçubukçunun fikrincə Azərbaycan-Türkiyə münasibətlərini qiymətləndirərkən sosial mediada ortaya çıxan dövri müzakirələrdən daha çox, münasibətlərin institusional bazasına, qarşılıqlı siyasi iradəyə və son dövrdə ortaya qoyulan konkret əməkdaşlıq nümunələrinə diqqət yetirmək lazımdır:
"Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən münasibətlərin bu gün müdafiə sənayesi, birgə hərbi təlimlər, enerji, nəqliyyat, ticarət və Türk dünyasındakı çoxtərəfli əməkdaşlıq sahələrində konkret qarşılığını gördüyümüzü qeyd etmək mümkündür. Buna görə də iki ölkə arasındakı münasibətlərin əsas xarakterinin dövri sosial media müzakirələrindən asılı olmayaraq, uzunmüddətli və institusional bir zəmin üzərində inkişaf etdiyini qiymətləndirmək daha doğru olar".