- Bu gün baxdığımız zaman əslində Türkiyənin Türk dünyasına açılma prosesi ilk olaraq Azərbaycanla başlayır
Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında mühüm coğrafi və tarixi bağlantı nöqtəsi olması son dövrlərdə ölkənin regional siyasətində və beynəlxalq təqdimatında xüsusi önəm daşıyan məsələlərdən biridir. Azərbaycan həm Türk dünyasının ayrılmaz hissəsi, həm də Qafqazın mərkəzində yerləşən dövlət kimi iki coğrafi-siyasi məkan arasında əlaqələndirici rolunu daha da gücləndirir. Bu baxımdan ölkənin qədim tarixi, Qafqaz Albaniyası irsi, Qəbələ kimi tarixi şəhərləri, eləcə də Gəncəsər və Həsən Cəlal kimi tarixi şəxsiyyət və abidələr xüsusi diqqət çəkir.
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Qafqaz Albaniyası ilə bağlı səsləndirdiyi fikirlər də Azərbaycanın tarixi irsinin Türk dünyası və Qafqaz kontekstində təqdim edilməsi baxımından diqqət çəkib. Azərbaycanın bu iki tarixi və geosiyasi məkan arasında əlaqələndirici mövqeyinin əhəmiyyəti ilə bağlı ekspertlər də müxtəlif fikirlər səsləndirirlər.
Azərbaycanın Türk dünyasındakı mövqeyi, Qafqazdakı rolu və Türkiyə ilə münasibətləri son illərdə regional proseslər fonunda diqqət çəkən məsələlərdən biridir. Azərbaycanın coğrafi mövqeyi, regional nəqliyyat və enerji layihələrində iştirakı, eləcə də Türkiyə ilə inkişaf edən siyasi və iqtisadi əlaqələri iki ölkənin münasibətlərini daha geniş Türk dünyası kontekstində də aktuallaşdırır. Prezident İlham Əliyevin son çıxışlarında Azərbaycanın regional və beynəlxalq müstəvidəki roluna dair səsləndirdiyi fikirlər də bu baxımdan önəmlidir.
Siyasi araşdırmaçı və yazar Burak Aydın Azərbaycanın Türk dünyası və Qafqazdakı rolunu, həmçinin Ankara-Bakı münasibətlərinin əhəmiyyətini Sherg.az-a şərh edib:
"Mən bunu hər zaman, hər yerdə deyirəm: Azərbaycan bizim ata yurdumuz olan Türküstanla, bugünkü yurdumuz olan Anadolu arasındakı yeganə körpüdür. Azərbaycan türkün Xəzərə açılan qanadıdır, Qafqazdakı türkün bel sütunudur, yeganə təmsilçisidir.
Bu gün baxdığımız zaman əslində Türkiyənin Türk dünyasına açılma prosesi ilk olaraq Azərbaycanla başlayır. Bəli, bizim çoxlu qardaş toplumlarımız, çoxlu türk xalqları var. Amma Azərbaycan türklərinin, Türkiyə türkləri üçün yeri hər zaman ayrıdır, üstəlik birdir. Digər bütün türk xalqları, türk dövlətləri bizim qardaşımızdır, ancaq Azərbaycan bizim əkizimizdir.
Bununla birlikdə, Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz bir hissəsidir. Çünki Azərbaycan Türkiyənin də ən mühüm ticarət tərəfdaşlarından biridir".
Ekspert vurğulayıb ki, Ankaranın ən mühüm neft alış-verişi həyata keçirdiyi ölkələrdən biri məhz Azərbaycandır:
"Hazırda Yaxın Şərqdə neft artıq çox riskli bir mərhələyə daxil olub.
Həm bununla bağlı gedən bir neft müharibəsi var, həm də Yaxın Şərqdə artıq neftin tükənəcəyi zamanın yaxınlaşdığı müşahidə olunur. Amma Azərbaycan bizim üçün bu məsələdə dimdik dayanan, sanki gecənin qaranlığında parlayan bir ulduz kimidir.
Azərbaycan Qafqazın sülhü üçün hər zaman hər şeyini ortaya qoymuş bir dövlətdir. Yəni 30 il ərzində torpaqlarını işğal edən, insanlarını qətlə yetirən Ermənistana qarşı yenə də beynəlxalq hüququn nəzərdə tutduğu çərçivədə xəbərdarlıqlar edən, beynəlxalq müharibə qanunlarını heç bir şəkildə pozmayan, Peyğəmbər Əfəndimiz Həzrəti Məhəmmədin (sallallahu aleyhi və səlləm) müharibə qaydalarını heç vaxt pozmadan torpaqlarını geri qaytarmış bir ölkədir. Oradakı insanlara heç vaxt zülm etməmiş bir ölkədir".
Analitik qeyd edib ki, Prezident İlham Əliyevin bir neçə gün əvvəlki çıxışı da, şübhəsiz ki, həm Azərbaycanın, həm də Türk dünyasının gələcəyi baxımından çox önəmlidir:
"Türk dünyasının da, Qafqazın da birliyində Azərbaycanın rolu, heç şübhəsiz ki, danılmaz, yox sayıla bilməyəcək bir roldur. Buna görə mən bunu hər zaman deyirəm ki, Azərbaycan bizim Türk dünyasına, Turana açılan qapımızdır. Var olsun Azərbaycan!".