Azərbaycan - Ukrayna ittifaqı güclənir - RƏY

Azər Allahverənov: "Azərbaycan münaqişədə tərəf deyil, amma sülh prosesində əsas oyunçudur”

Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir. Bu səfər müasir beynəlxalq münasibətlər kontekstində xüsusi əhəmiyyət kəsb edir. Qlobal və regional miqyasda mürəkkəb geosiyasi proseslərin getdiyi bir dövrdə belə yüksək səviyyəli təmaslar dövlətlərin xarici siyasət prioritetlərini daha aydın şəkildə ortaya qoyur. Bu cür görüşlər həm də əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.

Azərbaycan hər zaman sülh tərəfdarı olan ölkə kimi çıxış edir. Zelenskinin görüş zamanı “Enerji sahəsində təchizata gəldikdə, belə ağır bir dövrdə biz 11 yardım paketi almışıq. Azərbaycana bu yardıma görə təşəkkürümüzü bildiririk” deməsi də bunun bariz nümunəsidir.

Millət vəkili Azər Allahverənov Sherg.az-a Ukrayna prezidentinin Azərbaycana etdiyi işgüzar səfəri yüksək qiymətləndirdiyini söyləyib:

"Bu, ən yüksək səviyyəli səfərlərdən biri olmaqla yanaşı, həm də mühüm strateji mesaj xarakteri daşıyır. Beynəlxalq münasibətlər sisteminə diqqət yetirdikdə görürük ki, dövlətlər arasında yüksək səviyyəli münasibətlərin əsas göstəricilərindən biri məhz ölkə başçılarının qarşılıqlı səfərləridir. Bu baxımdan Ukrayna Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir.

Azərbaycanla Ukraynanı bir-birinə bağlayan tarixi əlaqələr zamanla siyasi müstəvidə də özünü aydın şəkildə göstərməkdədir. Xüsusilə müxtəlif beynəlxalq platformalarda hər iki ölkə rəhbərliyinin qarşılıqlı şəkildə ərazi bütövlüyünü dəstəkləməsi bu münasibətlərin mühüm sütunlarından biridir. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın neytral mövqe sərgiləməsi, eyni zamanda münaqişənin danışıqlar yolu ilə həllinə dair ardıcıl çağırışlar etməsi onun balanslı və praqmatik xarici siyasət kursunu nümayiş etdirir. Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərini qoruyaraq, münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu hər zaman bəyan edib. Hətta bu prosesdə vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu ifadə edib.

Bu yanaşma Azərbaycanın ümumilikdə sülh yönümlü siyasətinin təzahürüdür, regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Çünki qonşu və tərəfdaş dövlətlər arasında münaqişənin davam etməsi region üçün ciddi risklər və maneələr yaradır".

Parlamentari vurğulayıb ki, Azərbaycan müharibə dövründə Ukraynaya humanitar dəstəyini də davam etdirib:

"Azərbaycan hökumətinin təşəbbüsü ilə ölkənin tikinti şirkətlərinin Ukraynanın dağıdılmış şəhərlərində bərpa-quruculuq işlərinin aparması, bəzi ərazilərdə genişmiqyaslı yenidənqurma proseslərinə cəlb olunması mühüm addımlardandır. Eyni zamanda təcili tibbi yardım maşınları, təxliyyə qrupları və fövqəladə hallar xidmətlərinin nəqliyyat vasitələrinin yanacaqla təmin olunması ilə bağlı qərarlar da yüksək dəyərləndirilir. Bu, iki ölkə arasında münasibətlərin yalnız siyasi deyil, humanitar müstəvidə də güclü olduğunu göstərir.

Digər vacib məqamlardan biri də müharibə dövründə Ukraynalı uşaqların Azərbaycana səfərlərinin təşkil olunmasıdır. Onların burada psixoloji reabilitasiya proqramlarına cəlb olunması, münaqişədən zərər çəkmiş ailələrin övladlarına göstərilən dəstək Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyinin bariz nümunəsidir.

Siyasi sahədəki yaxın münasibətlər iqtisadi və digər sahələrdə də özünü göstərir. Müharibə müəyyən layihələrin icrasına çətinliklər yaratsa da, bu, əməkdaşlığın ümumi dinamikasına ciddi təsir etməyib. Əksinə, mövcud güclü təməl gələcəkdə iqtisadi əlaqələrin və xarici siyasət əməkdaşlığının daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.

Deputat qeyd edib ki, xüsusilə enerji sahəsində Azərbaycanın Ukraynanın müəyyən ehtiyaclarını qarşılamaq potensialı var:

"Həmçinin Xəzər və Qara dəniz regionlarını birləşdirən nəqliyyat-logistika marşrutlarının inkişafı Ukraynanın gələcəkdə bu imkanlardan faydalanacağını göstərir. Müharibədən sonrakı dövrdə isə iki ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir. Bu prosesin əsasını isə məhz bu cür yüksək səviyyəli səfərlər, imzalanan sənədlər və müəyyənləşdirilən strateji kurs təşkil edir".