Azərbaycan və Ermənistan qalıcı sülh üçün zamanla yarışır - Hasan Oktay

"Xüsusilə İran və ABŞ arasında qarşıdurmanın fonunda Cənubi Qafqazda qısa müddətdə qalıcı sülhün bərqərar olunması olduqca vacibdir”

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında işgüzar əlaqələrin qurulacağına inandığını bildirib.

“Qeyd etməkdən məmnunam ki, artıq bəzi proqramlar həyata keçirilir. Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət kiçik addımlarla formalaşır və vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələr konkret mərhələyə keçib. Ümid edirəm və əminəm ki, yaxın gələcəkdə bu münasibətlər daha da genişlənəcək. Bu, sülhün institusionallaşmasının ən mühüm vasitələrindən biridir”, – Paşinyan qeyd edib.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a açıqlamasında bildirib ki, 10 noyabr atəşkəs razılaşmasından sonra Azərbaycan və Ermənistan qalıcı sülhün təmin olunması istiqamətində zamana qarşı yarış aparır.

“Bir çox məsələlər üzrə danışıqlar və görüşlər davam edir. Türkiyənin əvvəldən irəli sürdüyü üçtərəfli razılaşmanın təmin olunmasına isə az vaxt qalıb.

Ermənistan daxildəki radikal qüvvələri nəzərə alaraq daha balanslı siyasət yürüdür və davamlı sülh istiqamətində konkret addımlar atır. Bu baxımdan müxalifət Paşinyanı devirmək və 44 günlük müharibənin nəticələrini dəyişmək üçün hazırlıq görür. Lakin Paşinyan üçtərəfli razılaşmanı təmin etməklə regionda yeni toqquşmaların qarşısını almağa çalışır”, – deyə o qeyd edib.

Analitik vurğulayıb ki, Türkiyə əvvəldən etibarən balanslı mövqe sərgiləyərək sülhə mane ola biləcək addımların qarşısını almağa çalışır:

“Bütün tərəflər üçün sabitlik mühüm əhəmiyyət daşıyır. Xüsusilə İran və ABŞ arasında qarşıdurmanın fonunda Cənubi Qafqazda qısa müddətdə qalıcı sülhün bərqərar olunması olduqca vacibdir”.