“Avrasiyada yeni balans yaranır, Bakı və Astana daha koordinasiyalı hərəkət edir”
Azərbaycanın xarici siyasət gündəmində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı xüsusi yer tutur. Buna nümunə olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və qazaxıstanlı həmkarı Yermek Koşerbayev arasında təkbətək görüşün keçirilməsini misal göstərmək yerinə düşər.
Tərəflər arasında geniş tərkibdə görüş də baş tutub.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında güclü strateji əlaqələrin mövcudluğu bir daha təsdiqlənib. Nazirlər iqtisadiyyat, ticarət, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, eləcə də texnologiya və rəqəmsal sahələrdə artan əməkdaşlığı məmnunluqla qeyd ediblər.
Görüşdə həmçinin Yaxın Şərqdə artan gərginliklə bağlı narahatlıq ifadə olunub.
Qazaxıstan Al-Farabi Universiteti Jurnalistika Fakültəsinin müəllimi, media eksperti Tulpar Janibyek Sherg.az-a bildirib ki, Azərbaycan və Qazaxıstan xarici işlər nazirlərinin arasında keçirilən görüş iki ölkənin strateji tərəfdaşlığının dərinləşdiyini bir daha ortaya qoyur:
"Təkbətək və genişləndirilmiş formatda aparılan təmaslar yalnız diplomatik nəzakət çərçivəsi ilə məhdudlaşmır. Bu görüşlər eyni zamanda konkret əməkdaşlıq sahələrinin gücləndirilməsinə yönəlmiş qətiyyətin göstəricisidir.
Xüsusilə iqtisadiyyat, ticarət, enerji və logistika kimi sahələrdə əldə edilən irəliləyiş Azərbaycan ilə Qazaxıstanın regional güc kimi mövqelərini möhkəmləndirir. Bu kontekstdə Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) strateji əhəmiyyəti diqqət çəkir. Bu marşrut yalnız iki ölkə üçün deyil, həm də qlobal təchizat zəncirləri baxımından kritik rol oynayır. Tərəflərin bu sahədə ortaq layihələrə verdiyi önəm, uzunmüddətli iqtisadi inteqrasiya hədəflərinin güclü göstəricisidir".
Ekspert vurğulayıb ki, görüşdə Yaxın Şərqdəki gərginliklərlə bağlı səsləndirilən narahatlıqlar hər iki ölkənin regional və qlobal təhlükəsizlik məsələlərində də fəal diplomatik mövqe sərgilədiyini göstərir:
"Digər tərəfdən, Azərbaycan ilə Ermənistan arasındakı normallaşma prosesi ilə bağlı paylaşılan məlumatlar Cənubi Qafqazda davamlı sülhün təmin olunması baxımından əhəmiyyət daşıyır. Bu prosesin irəliləməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün iqtisadi inkişaf və təhlükəsizlik baxımından yeni imkanlar yarada bilər.
Sözügedən görüş Azərbaycan ilə Qazaxıstan arasında çoxşaxəli əməkdaşlığın dərinləşdiyini və hər iki ölkənin həm regional, həm də qlobal məsələlərdə daha koordinasiyalı şəkildə hərəkət etmək iradəsinə malik olduğunu göstərir. Bu cür diplomatik təmasların davam etdirilməsi Avrasiya məkanında sabitliyin möhkəmlənməsinə mühüm töhfə verə bilər".