Azərbaycana heç kim təzyiq göstərə, təhdid edə bilməz - RƏY

Hərbi təlimlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində və Naxçıvanda keçirilməsi həm də düşmənlərə mesajdır
  Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi uğurla başa çatıb. Birgə taktiki təlimdə hər iki qardaş ölkənin qoşunları arasında təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra edilib. Qeyd edilib ki, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.
  Millət vəkili Azər Badamov deyib ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimlərinin keçirilməsi ənənə halını alıb. Deputat bildirib ki, birgə hərbi təlimlərin mütəmadi keçirilməsi qoşunlarımızın qardaşlığını artırmaqla yanaşı orduların peşəkarlığını da yüksəldir
"Türkiyə qoşunları NATO standartlarına əsaslanan təcrübəyə malikdir. Bizim hərbiçilərimiz Türkiyə ilə birgə təlimlərdə iştirak etməklə ordumuzun hazırlığını NATO standartlarına uyğunlaşdırır. Ümumiyyətlə, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Mustafa Kamal Atatürk -2023" adlı birgə təlimlər böyük siyasi əhəmiyyətə malikdir. Türkiyə Cümhuriyyətinin 100 illik yubileyində "Mustafa Kamal Atatürk" adlı təlimlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində və Naxçıvanda keçirilməsi həm də düşmənlərə mesajdır. O deməkdir ki, Azərbaycana heç kim təzyiq göstərə, təhdid edə bilməz. Əgər kimlərsə Azərbaycana qarşı çirkin niyyətə əl atsalar, qarşılarında Türkiyəni görəcəklər. Birgə təlimlər həm də dünyaya təqdim olunan yeni hərbi gücün göstəricisidir. Türkiyə ordusu NATO-nun ikinci silahlı gücüdür. Azərbaycanla Türkiyənin vahid hərbi gücü düşmənlərimizin hər cür çirkin niyyətini yerindəcə boğmağa qadirdir".