Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır - EKSPERT

  • "Ermənstanda kuryerlərin tibbi sanitariya kitabçalarının olması tələbini müsbət qəbul edirəm. Yoxlamalar da müsbət addımdır. Belə olmalıdır. Çünki kuryerlər qida zəncirinə daxildir"

Ermənistanda qida çatdırılması ilə məşğul olan kuryerlərdən tibbi sanitar kitabçaya sahib olmaları tələb edilir. Sherg.az xəbər verir ki, Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin məlumatına görə, avqustun ilk 10 günündə 237 kuryer yoxlanılıb və onların demək olar ki, hamısında tibbi (sanitariya) kitabçası olub. Müfəttişlik yoxlamaları İrəvan və digər bölgələrdə davam etdirəcək. Yeni qaydalara əsasən, tibbi kitabçası olmayan şəxslər qida kuryeri kimi qeydiyyata alına bilməz.

Sanitariya kitabçasının olmamasına və ya məcburi tibbi müayinədən keçməməyə görə İnzibati Xətalar Məcəlləsi 40-50 min dram (110-137 ABŞ dolları) məbləğində cərimə nəzərdə tutur. Təkrar pozuntu halında isə cərimə 80-100 min dram (220-274 ABŞ dolları) təşkil edir. Yeni qaydalara əsasən, platformalar qeydiyyat zamanı tibbi kitabça təqdim etməyən kuryerləri artıq qeydiyyata ala bilməyəcəklər. Əvvəllər belə tələb mövcud olmayıb və bu, qida təhlükəsizliyi və mümkün infeksiyalardan qorunma ilə bağlı cəmiyyətdə çoxsaylı narahatlıqlara səbəb olub. Müfəttişlik orqanının nümayəndəsi proseduru belə izah edib: “Platformanı izləyə və həmin kuryerin qida daşıyıcısı kimi qeydiyyatdan keçib-keçmədiyini görə bilərik. Əgər o, qida çatdırırsa, avtomatik olaraq bizim nəzarət dairəmizə düşür. Təbii ki, müfəttiş sanitariya pasportunun — tibbi kitabçanın olub-olmadığını, həmçinin tibbi müayinədən keçib-keçmədiyini yoxlayır.” Onun sözlərinə görə, qanunla kuryer hər 6 aydan bir tibbi müayinədən keçməlidir. Böyük çatdırılma platformaları tərəfdaş kuryerlərinə tibbi müayinədən keçmək və müvafiq kitabçanı əldə etməkdə kömək göstəriblər.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov Sherg.az-a açıqlamasında bildirdi ki, təhlükəsizlik qaydalarına riayət edilməsi qidanın yalnız hazırlanmasında deyil, daşınması və çatdırlmasında da vacibdir: 

- Bu, çox yaxşı sistemdir. Belə də olmalıdır. Qida zəncirində, qidanın hazırlanmasında təhlükəsizlik, sanitar-gigiyena qaydalarına nə dərəcədə əməl olunursa, qidanın servis edilməsi, daşınması və çatdırlmasında da eyni qaydada əməl olunmalıdır. Təhlükəsizlik yalnız qidanın hazırlanmasıyla məhdudlaşmalıdır. Qidanı hazırlayanın tibbi müayinədən keçməsi vacibdirsə, çatdıranın da tibbi müainədən keçməsi vacidbir. Qidanı istehlakçıya çatdıran kuryerdir. Kuryer qida zəncirinin bir hissəsidir. Və onu qida zəncirindən çıxarıb kənara qoya bilmərik. Azərbaycanda da kuryerlərin gigiyenası, sağlamlığı, hər bir qidaya uyğun temperatur rejiminə riayət edilməsi, çatdırılma çantalarının təmizliyi, qidanın çirklənmədən qorunması ciddi nəzarətdə olmalıdır. Ermənstanda da kuryerlərin tibbi sanitariya kitabçalarının olması tələbini müsbət qəbul edirəm. Yoxlamalar da müsbət addımdır. Belə olmalıdır. Çünki kuryerlər qida zəncirinə daxildir. Bizdə də qida kuryerləri üçün tibbi nəzarət, gigiyena üzrə məcburi təlim və periodik yoxlamaların ayrıca və daha sistemli şıkildə tənzimlənməsi məqsədəuyğun olardı. Kryerlərin tibbi sağlalığı, gigiyenası yoxlanmalıdır. 

A.Salamov qeyd etdi ki, qida müəssisəsində bütün təhlükəsizlik qaydalarına riayət edilib qida sağlam şəkildə hazırlansa da, əgər onun daşınması və çatdırılması mərhələsində gigiyenik pozuntu baş verərsə, bu, risklidir: 

- Təsəvvür edin, xəstə kuryer, hansısa virus daşıyıcısıdırsa, onun istehlakçıya qida çatdırması yolverilməzdir. Belə bir kuryer qidanı da, istehlakçını da yoluxdura bilər. Ən adi sanitar qaydalara bəzən riayət edilmir, qida daşıyıcıları, kuryerlər tibbi əlcəklərsiz, tibbi maskasız fəaliyyət göstərirlər. Gün ərzində bu insanların əli tozlu, mikrob və ya bakteriyalı nə qədər səthə toxunur. Belə şəraitdə gigiyena qaydalarına riayət etmək vacib, zəruridir.