Bakı-İrəvan yaxınlaşması gündəlik həyatda da hiss olunmağa başlayıb - ŞƏRH

Asəf Quliyev: “Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb”

Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma və gərginlik fonunda Ermənistan rəhbərliyindən verilən son açıqlamalar regionda yeni siyasi mərhələnin formalaşdığına dair müzakirələri yenidən gündəmə gətirib.

Ermənistanın baş naziri Nikol Paşinyan və Parlament sədri Alen Simonyan ardıcıl şəkildə Azərbaycan-Ermənistan münasibətlərində sülh mühitinin artıq reallığa çevrildiyini bəyan edərək, əldə olunan sabitliyin qorunmasının vacibliyini vurğulayıblar. Ermənistan Baş naziri bildirib ki, artıq iki ildir tərəflər arasında toqquşma, itki və yaralıların olmaması ölkənin müstəqillik dövründə ilk belə mühüm nailiyyət hesab edilə bilər. Parlament sədri isə mürəkkəb beynəlxalq və geosiyasi şəraitdə sülhün xüsusi diqqət və qayğı tələb etdiyini bəyan edib. 

Qeyd edək ki, siyasi ekspertlər tərəfindən son illərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiya prosesi, kommunikasiya xətlərinin açılması və yekun sülh sazişi ilə bağlı aparılan danışıqlar regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyən edən əsas faktor kimi qiymətləndirilir. Ermənistan rəhbərliyinin bu açıqlamaları isə İrəvanın daxili və xarici siyasət prioritetlərində müəyyən dəyişikliklərin baş verdiyi barədə fikir formalaşdırır.

Sülhlə bağlı verilən mesajlara baxmayaraq, prosesin tam və geri dönməz xarakter alması üçün hələ də həllini gözləyən mühüm məsələlər qalmaqdadır. Bəs Ermənistan rəhbərliyinin son bəyanatları hansı siyasi mesajları ehtiva edir, regionda davamlı sülhün bərqərar olması nə dərəcədə real görünür və qarşıdakı mərhələdə tərəflərdən hansı addımlar gözlənilir? Mövzunu ekspertlə müzakirə etdik.

Tədqiqatçı-jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında Ermənistan rəhbərliyinin açıqlamalarında müəyyən həqiqət payı olduğunu bildirib. Onun sözlərinə görə, bu deyilənlər yalnız Ermənistan üçün deyil, Azərbaycan üçün də keçərlidir:

" Müstəqillik əldə olunduqdan bəri hər iki ölkə, məhz son iki il ərzində sülh şəraitində yaşamağa və yeni reallıqlara uyğunlaşmağa çalışır. Bu reallıq artıq hər kəs tərəfindən qəbul edilir".

Bununla belə ekspert hesab edir ki, indiki halda həm Nikol Paşinyanın, həm də Simonyanın açıqlamaları əsasən daxili auditoriyaya hesablanıb: "Onlar bu mövzuya tez-tez toxunaraq erməni ictimaiyyətinə sülh şəraitində yaşamağın, Azərbaycanla mövcud münaqişəni geridə qoyaraq gələcəyə fokuslanmağın vacibliyini izah etməyə çalışırlar. Artıq bunun ilkin nəticələri də müşahidə olunur. Məsələn, Azərbaycandan Ermənistana yanacaq daşınması, həmçinin Azərbaycan ərazisindən tranzitlə Ermənistana taxıl və gübrə göndərilməsi sülh şəraitində əməkdaşlığın ilkin göstəriciləri kimi qiymətləndirilə bilər.

Yekun sülh sazişi imzalandığı təqdirdə, Azərbaycanla daha geniş iqtisadi və regional əlaqələrin qurulması mümkündür. Eyni zamanda Türkiyə ilə sərhədlərin açılması da Ermənistan iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyacaq.

Qeyri-rəsmi məlumatlara görə, 50–100 minə yaxın erməni Türkiyədə çalışaraq öz ailəsinə gəlir təmin edir. Türkiyə ilə sərhədlərin açılması və münasibətlərin normallaşması isə birbaşa olaraq Azərbaycanla sülh gündəliyinin davamlılığından asılı olacaq".

Tədqiqatçı qeyd edib ki, Ermənistan rəhbərliyi ictimaiyyətə göstərməyə çalışır ki, ölkənin iqtisadi rifahı və sabit gələcəyi üçün Azərbaycanla sülh sazişinin imzalanması vacibdir: "Çox güman ki, erməni cəmiyyəti bu çağırışlara müsbət cavab verərsə, yaxın gələcəkdə daha müsbət tendensiyalar müşahidə oluna bilər. Bu dəyişikliklər təkcə siyasi səviyyədə deyil, həm də insanların gündəlik həyatında özünü göstərə bilər. Belə olduğu təqdirdə davamlı sülhün təmin edilməsi də daha real və dayanıqlı hala gələr.

Baş nazirin müavini Şahin Mustafayevin bu yaxınlarda Ermənistana səfəri zamanı maraqlı bir nüans qeydə alınıb. Məlumatlara görə, o, Ermənistanın iş adamları ilə görüş keçirib. Bu görüş barədə geniş informasiya yayılmasa da, Ermənistan daxilində bəzi dairələr həmin addımı sülh prosesinin müsbət göstəricisi kimi qiymətləndiriblər.

Onu da deyim ki, 2020-ci ildəki Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatlarından sonra hər iki ölkənin ekspert mühitində belə bir fikir formalaşmışdı ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasa, regionda Rusiya və İranın təsiri ilə vəziyyət yenidən gərginləşə bilər. Bu isə nə Azərbaycan, nə də Ermənistan üçün arzuolunan nəticələr vəd etmir.

Məhz bu reallıqlar fonunda Ermənistan rəhbərliyi sülhün vacibliyini öz cəmiyyətinə izah etməyə və bu istiqamətdə ictimai dəstək formalaşdırmağa çalışır. Çünki davamlı sülhə nail olunmadığı halda regionda gərginliyin artması riski qalır və bu vəziyyət həm şimal, həm də cənub qonşuların proseslərə daha aktiv müdaxiləsinə şərait yarada bilər ki, bu da nə Ermənistanın, nə də Azərbaycanın milli maraqlarına uyğun deyil".