Bakının xoş jestinə Tehran “qara cavab” verdi - Pakistanlı EKSPERT

Mahmjd Ul Hasan Xan: İranın addımları Azərbaycanın iqtisadi maraqlarını birbaşa hədəfə alır!

Martın 5-də Naxçıvan istiqamətində İranın dron hücumu gərginlik yaradıb. Azərbaycan Xarici İşlər Nazirliyi hücumun İran ərazisindən həyata keçirildiyini bildirərək hadisəni qəti şəkildə pisləyib. Azərbaycan XİN rəsmi Tehrandan aydın izahat tələb edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə baş verənləri ölkənin ərazisinə qarşı “terror aktı” adlandırıb. O, İranın üzr istəməli və məsul şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalı olduğunu bəyan edib. Hadisədən sonra Azərbaycan təhlükəsizlik qüvvələrinin tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi açıqlanıb.

İran isə ittihamları rədd edib. İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, "İran Azərbaycanı hədəfə almayıb. Ölkənin hərbi fəaliyyəti yalnız regionda ABŞ və İsrailə aid hərbi obyektlərə qarşı yönəlib". 

İranın hücumları və açıqlamalar regionda baş verən hadisələrin fonunda vəziyyətin daha diqqətlə izlənməsinə səbəb olub.

İslamabadda yerləşən “Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (CSAIS) İcraçı Direktoru, pakistanlı mütəxəssis Mahmjd Ul Hasan Xan Sherg.az-a İranın Azərbaycana hücumu və Pakistanın mövqeyindən danışıb:

"Yaxın Şərqdə davam edən müharibə meydanına daha bir iştirakçı qoşulub. Dünən Tehranın dronları Azərbaycanın Naxçıvan şəhərindəki hava limanının sərnişin terminalını və Şəkərabad kəndi yaxınlığındakı bir məktəbi hədəfə aldı. Öz növbəsində Tehran bu hadisədə iştirakını inkar etdi. Bu isə ABŞ-İsrailin rəhbərlik etdiyi İrana qarşı müharibənin daha da kəskinləşməsi deməkdir. Beləliklə, İranın addımları Azərbaycanın iqtisadi maraqlarını hədəfə alır. Bu zərbə ABŞ-İsrail müharibəsinin başlamasından bəri İranın Qafqaz ölkəsinə ilk hücumudur. Bu, münaqişənin Yaxın Şərqdən kənara yayılması ehtimalını artırır. Beləliklə, müharibə getdikcə daha da pisləşir, yeni ölkələri və cəmiyyətləri cəlb edir və regional sülh və sabitliyi dağıdır. Dünənki hücumun vaxtı maraqlıdır. Hadisədən bir gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Bakıda İran səfirliyini ziyarət edib və ali rəhbər Əli Xameneinin öldürülməsi ilə bağlı başsağlığı verib. Lakin İranın hücumu Bakının bu xoş jestini kölgə altına saldı".

Ekspert Zəngəzur dəhlizi məsələsində İranın mövqeyinə də toxunub:

"“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılan layihə ABŞ-yə Azərbaycanın əsas hissəsini onun Naxçıvan eksklavı ilə birləşdirmək üçün hüquqlar verir. Dəhliz Ermənistanla Azərbaycan arasında keçid yaradır. 

Buna görə də Naxçıvanda baş verən dron hücumu regional sülh, rifah və əlaqələndirmə üçün yaxşı siqnal sayılmır.

Keçmişdə İran hökuməti “Zəngəzur dəhlizi” kimi planlaşdırılan tranzit marşrutuna qarşı çıxmışdı. Tehran hesab edirdi ki, bu layihə İranı Ermənistan və Qafqazın qalan hissəsindən ayıra və potensial düşmən qüvvələri onun sərhədlərinə yaxınlaşdıra bilər.

Təəssüf ki, İran uzun müddətdir Azərbaycan hökumətini ölkəni İsrailin casus bazasına çevirməkdə ittiham edir. Lakin bu, yalnız siyasi təbliğat və əsassız iddialar kimi qiymətləndirilə bilər.

Bununla belə, dünən baş verən dron hücumları Azərbaycan hökumətinə ABŞ və İsraildən uzaq durması barədə açıq mesaj kimi görünür.

Mütəxəssis dron hücumunun Qafqaz regionunda gərginliyi artıracağını vurğulayıb:

"Region ölkələri- əsasən Ermənistan, Azərbaycan və Gürcüstan müharibədə neytral mövqe tutublar və genişlənən qeyri-sabitliyə cəlb olunmaqdan çəkinirlər. Ermənistan və Azərbaycan İranla sərhəd paylaşdığı üçün mümkün miqrasiya böhranı riski də arta bilər. Azərbaycana qarşı mümkün əlavə hücumlar artıq Yaxın Şərqdə hava məkanlarının bağlanması səbəbindən qlobal hava nəqliyyatına da geniş təsir göstərəcək. Azərbaycanın hava məkanı Rusiya hava məkanından yayınmaq istəyən Asiya-Avropa reysləri üçün əsas marşrutlardan birinə çevrilib. Hər hansı pozuntu aviaşirkətlər üçün yeni problemlər yaradacaq. Hətta Pakistan hökuməti də Tehrandan köçən vətəndaşlarının qəbul edilməsi üçün rəsmi olaraq Azərbaycan hökumətinə müraciət edib.

İranın Azərbaycandakı mümkün hədəflərindən biri də İsrailin neft idxalının təxminən 30-40 faizini təmin edən Bakı-Tbilisi-Ceyhan neft kəməridir".

Analitik qeyd edib ki, Azərbaycanın İrana qarşı mümkün cavab tədbirləri Türkiyəni çətin vəziyyətə sala bilər: 

"Ankara Tehranla uzunmüddətli diplomatik və ticarət əlaqələrinə malikdir. Lakin onun eyni zamanda Bakı ilə sıx strateji və hərbi müttəfiqlik münasibətləri var. Pakistan-Azərbaycan-Türkiyə arasında üçtərəfli təhlükəsizlik dialoqu və güclü hərbi əməkdaşlıq mövcuddur. Bu ölkələr Tehrana Bakıya qarşı hər hansı yeni hücumdan çəkinməyi tövsiyə edirlər".