Biz mütləq Qərbi Azərbaycana qayıdacağıq

Paşinyan hökuməti istəsə də, istəməsə də, bu qayıdış gerçəkləşəcək
 
 Ermənistanın “Hraparak” nəşri yazıb ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə Bakının əsas tələblərindən biri azərbaycanlıların öz yurdlarına – Qərbi Azərbaycana qayıtmasının təmin edilməsi, İrəvanın onların təhlükəsizliyinə zəmanət verməsidir. Erməni nəşrin bildirdiyinə görə, rəsmi Bakı bunu əsas şərtlərdən biri kimi irəli sürür. Deyilənə görə, müqavilənin imzalanmasında problemli məsələlərdən biri də budur. Nəşr yazır ki, Nikol Paşinyan hakim partiyanın üzvləri ilə son qapalı görüşündə bu barədə açıq danışıb: "Bildirib ki, onlar bir tərəfdən beynəlxalq konvensiyaların əksinə çıxa, qaçqınların geri qayıtmasını rədd edə bilməzlər, digər tərəfdən isə mümkün hər şeyi edəcəklər ki, bu baş verməsin”. Nəşr qeyd edir ki, Azərbaycan qaçqınların öz yurdlarına qayıtması məsələsini artıq beynəlxalq gündəliyə daxil etməyə nail olub: "Artıq ABŞ, Avropa və Rusiyanın yüksəksəviyyəli rəsmiləri bu haqda danışmağa başlayıb. Bildirilir ki, bu məsələ Ermənistan-Azərbaycan danışıqlarının mövzusudur. Bu ilin 15 iyulunda Brüsseldə keçirilən Əliyev-Mişel-Paşinyan görüşündə Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması məsələsi müzakirə olunub. Görüşdən 10 gün sonra Paşinyan da belə bir müzakirənin olduğunu dolayısı ilə təsdiq edib".
 
 Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a açıqlamasında deyib ki, sonuncu görüş zamanı yekun bəyanatda məhz Qərbi Azərbaycana soydaşlarımızın köçürülməsi ilə bağlı müzakirələrin getdiyi bəlli oldu. Deputatın sözlərinə görə, heç kim bu prosesin qarşısını ala bilməz: "Nəzərə alaq ki, əvvəlki dönəmlərdə keçmiş Qarabağ münaqişəsi hələ həll olunmadığı üçün Qərbi azərbaycanlıların hüquqlarını müdafiə etməyimiz və onların öz dədə-baba yurdlarına qayıtmasına diqqət yönəltməyimiz qeyri-mümkün idi. Ancaq 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə yeni reallıqlar yaratdı. Yeni reallıqlar fonunda biz mütləq Qərbi Azərbaycana qayıdacağıq. Paşinyan hökuməti istəsə də, istəməsə də, bu qayıdış gerçəkləşəcək. Cənab Prezident İlham Əliyev tərəfindən dəfələrlə qeyd olunub ki, öz yurdlarından zorla qovulmuş soydaşlarımız gec-tez mütləq geri dönəcəklər".