Böyük ehtimalla Pezeşkiyana müəyyən səlahiyyətlər veriləcək - ŞƏRH

Belə olarsa, islahatlar aparılsa, İrandakı azərbaycanlıların vəziyyəti dəyişə bilər

İranda son dövrlərdə müşahidə olunan vəziyyət ölkə daxilində və regionda baş verən proseslərin mürəkkəb xarakter daşıdığını göstərir. Etiraz dalğalarının intensivliyi azalsa da, cəmiyyətin müxtəlif təbəqələrində narazılıq tam aradan qalxmayıb. 

Eyni zamanda iqtisadi çətinliklər, sosial problemlər və beynəlxalq təzyiqlər ölkənin ümumi mənzərəsini formalaşdıran əsas amillər sırasındadır. Daxili islahatlara dair gözləntilər mövcud olsa da, bu istiqamətdə atılacaq addımların miqyası və nəticələri hələlik qeyri-müəyyəndir.

Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında aksiyaların artıq səngidiyini, əvvəlki kimi kütləvi xarakter daşımadığını söyləyib:

"Verilən məlumatlara görə, bəzi yerlərdə lokal aksiyalar baş verir. Bunlar İranın gündəmini dəyişmək gücündə deyil. ABŞ prezidenti Tramp da verdiyi vədləri yerinə yetirmədi, heç bir kömək göndərilmədi. Bildirilir ki, 20-dən çox aksiya iştirakçısı qətlə yetirilib. Təxminən 800 nəfər üçün isə edam hökmü nəzərdə tutulurdu. İranın Xarici İşlər naziri Məhəmməd Araqçinin verdiyi məlumata görə, bu şəxslər edam olunmayacaq. Ehtimal ki, edam hökmləri 25 il həbs cəzası ilə əvəzlənəcək.

Lakin İranda hakimiyyətin və icraedici orqanların real səlahiyyətləri prezident Pezeşkiyana verilməsə, islahatlar mümkün olmayacaq. Pezeşkiyan bu səlahiyyətlərdən istifadə edərək iqtisadiyyata, orduya və ölkə daxilində hakimiyyətə qarşı olan qüvvələrə təsir göstərə bilər".

Politoloq böyük ehtimalla Pezeşkiyana müəyyən səlahiyyətlərin veriləcəyini söyləyib:

"Ancaq iqtisadi vəziyyət yenə də yaxşılaşmayacaq. Çünki Rial dəyərdən düşür və sanksiyalar davam edir. Avropa İttifaqı da yeni sanksiyaların gündəmə gətiriləcəyi ilə bağlı bəyanatlar verir.

Ortaya düşmüş Rza Pəhləvi də nüfuzdan düşdü. Bu onu göstərir ki, onun ABŞ-yə təsir imkanları olduqca zəifdir. O, İsrailin layihəsidir. Bu layihə artıq aktual deyil.

Yaxın gələcəkdə aksiyaların yenidən davam etməsi ehtimalı böyükdür. Bu prosesin genişlənməməsinin əsas səbəbləri sırasında Çin, Rusiya, Qətər və Oman amili dayanır. Türkiyə də ABŞ-nin İrandakı hadisələrə müdaxilə etməsini istəmədi".

Analitik İrandakı azərbaycanlıların vəziyyəti və ABŞ-nin İran haqqında düşüncələrinə də diqqət çəkib:

"İranda yaşayan azərbaycanlıların vəziyyəti də ümumi əhali kimi ağırdır. Milli muxtariyyət yoxdur, ana dilində orta məktəb təhsili və televiziya mövcud deyil. Ancaq Pezeşkiyana real səlahiyyətlər verilsə və islahatlar aparılsa, İrandakı azərbaycanlıların vəziyyəti dəyişə bilər. Hətta milli muxtariyyətə bənzər modelin formalaşması da mümkün ola bilər.

ABŞ-nin İranı vurmamasının əsas səbəbi, böyük ehtimalla, İranın nüvə proqramından imtina edəcəyi ilə bağlı verdiyi vədlərdir. Ola bilsin ki, İran bu mövzuda ABŞ-yə söz verib. Lakin indiyə qədər İranın verdiyi vədlərə tam əməl etmədiyi də məlumdur. İranın gələcəyi dumanlıdır".