BTQ tam gücü ilə işə düşdü: Bakının Avrasiya üzərində təsiri artır - TƏHLİL

"Azərbaycan artıq sadəcə enerji ixracatçısı deyil, strateji logistika mərkəzidir"

Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin yüksəkvəzifəli rəsmilərinin, həmçinin dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edib.

BTQ Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi strateji nəqliyyat layihəsidir. Son illərdə xəttin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində marşrutun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Qeyd edək ki, Azərbaycanın son illərdə həyata keçirdiyi nəqliyyat və logistika layihələri ölkəmizin beynəlxalq tranzit mərkəzinə çevrilməsi istiqamətində mühüm nəticələr verməkdədir. Bu baxımdan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra yenidən istifadəyə verilməsi region üçün strateji əhəmiyyət daşıyan hadisələrdən biri hesab olunur. Mütəxəssislərin fikrincə, xəttin tam istismara verilməsi Orta Dəhlizin imkanlarını genişləndirəcək, Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşımaların həcmini artıracaq və regionun tranzit potensialını daha da gücləndirəcək.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərir. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılıb.

Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun modernləşdirilmədən sonra tam gücü ilə yenidən fəaliyyətə başlaması təkcə nəqliyyat hadisəsi deyil, həm də Azərbaycanın geosiyasi çəkisini artıran mühüm strateji mərhələdir. Onun sözlərinə görə, qlobal logistika marşrutlarının yenidən formalaşdığı, Avropa ilə Asiya arasında alternativ ticarət yollarına tələbatın artdığı bir dövrdə BTQ xəttinin tam potensialla işləməsi Azərbaycanın Orta Dəhlizdəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək:

“Əvvəla, BTQ xətti Azərbaycanın Şərqlə Qərb arasında əsas tranzit qovşağı kimi rolunu daha da möhkəmləndirir. Son illərdə Çin–Avropa ticarət dövriyyəsində Orta Dəhlizə marağın artması fonunda Bakı artıq sadəcə enerji ixracatçısı deyil, həm də strateji logistika mərkəzi statusu qazanır. Dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması yüklərin daha sürətli və daha böyük həcmdə daşınmasına imkan verəcək ki, bu da Azərbaycanın tranzit gəlirlərini yüksəldəcək. İkinci mühüm məqam siyasi təsirlə bağlıdır. Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat dəhlizlərinə nəzarət edən ölkələrin diplomatik imkanları da genişlənir. Azərbaycan BTQ vasitəsilə Türkiyə, Gürcüstan, Mərkəzi Asiya dövlətləri və Avropa bazarları arasında əlaqələndirici rol oynayır. Bu isə Bakının regional proseslərdə söz sahibi kimi mövqeyini daha da gücləndirir. Başqa sözlə, Azərbaycan təkcə coğrafi baxımdan deyil, iqtisadi və siyasi baxımdan da körpü funksiyasını yerinə yetirir”.

T. İsmayılov hesab edir ki, BTQ layihəsinin strateji əhəmiyyətini artıran digər amil onun Türk dünyasının inteqrasiyasına verdiyi töhfədir:

“Bu xətt Türkiyə ilə Mərkəzi Asiya arasında ən qısa və təhlükəsiz quru bağlantılarından biridir. Azərbaycanın bu marşrutun mərkəzində yerləşməsi ölkəmizin türk dövlətləri arasında əməkdaşlıq prosesində aparıcı rolunu daha da gücləndirir. Bu mənada BTQ yalnız iqtisadi deyil, həm də geosiyasi və mədəni inteqrasiyanın vacib alətidir. Bundan başqa, son illərdə beynəlxalq ticarətdə yaranan geosiyasi risklər alternativ marşrutların əhəmiyyətini artırıb. Şimal marşrutunda mövcud məhdudiyyətlər və bəzi bölgələrdə təhlükəsizlik problemləri fonunda Orta Dəhliz daha etibarlı variant kimi qiymətləndirilir. BTQ-nin tam gücü ilə işləməsi Azərbaycanın bu alternativ marşrutun əsas sütunlarından biri kimi əhəmiyyətini artırır və ölkəyə əlavə strateji üstünlüklər qazandırır. Nəticə etibarilə, Bakı–Tbilisi–Qars dəmir yolunun yenidən tam gücü ilə fəaliyyətə başlaması Azərbaycanın Orta Dəhlizdəki rolunu tranzit ölkədən regional logistika lideri səviyyəsinə yüksəldir. Bu layihə ölkənin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, regional siyasi təsir rıçaqlarını da gücləndirir. Azərbaycanın Avrasiya məkanında nəqliyyat və ticarət axınlarının idarə edilməsində artan rolu gələcək illərdə ölkəmizin geosiyasi əhəmiyyətini daha da artıracaq və onu regionun əsas strateji mərkəzlərindən birinə çevirəcək”.