Əli Nağıyev: 834 azərbaycanlı əsir və girov barədə məlumat Ermənistana təqdim edilib

"Azərbaycan regionda dayanıqlı sülhə və əməkdaşlığa xüsusi əhəmiyyət verir. 8 avqust 2025-ci ildə Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Birgə Bəyannamənin imzalanması və Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması bu istiqamətdə mühüm addım olub".

Sherg.az xəbər verir ki, bunu bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfransda çıxışında deyib.

Əli Nağıyevin sözlərinə görə, saziş layihəsinin 9-cu maddəsində itkin şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlığın nəzərdə tutulması humanitar məsələlərin sülh prosesindəki yerini göstərir.

"Məlumat mübadiləsi, itkinlərin taleyinin müəyyənləşdirilməsi, qalıqların axtarılıb qaytarılması və istintaq tədbirləri üzrə əməkdaşlıq qarşılıqlı etimadı möhkəmləndirə bilər.

Dövlət Komissiyası 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar qurmuş, görüşlər və məlumat mübadiləsi aparmışdır. Müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını, o cümlədən 104 nəfər barədə ətraflı məlumatı qarşı tərəfə təqdim etmişik" - deyə Əli Nağıyev bildirib.