Bu parlamentdəki deputatların əksəriyyəti getməlidir - TƏHLİL

Elə dairələr var ki, seçicilər öz deputatlarını demək olar ki, tanımır və ya xatırlamır

Növbəti mərhələdə Azərbaycan parlamenti daha peşəkar, təcrübəli və həqiqətən dövlətə xidmət edə biləcək şəxslərdən formalaşdırılmalıdır

Dövlət idarəçiliyində parlamentin rolu yalnız qanunvericilik fəaliyyəti ilə məhdudlaşmır. O, eyni zamanda cəmiyyətlə hakimiyyət arasında əsas körpülərdən biri kimi çıxış edir.

Müasir dövrdə sürətlə dəyişən siyasi, iqtisadi və geosiyasi şərait parlamentdən daha çevik, peşəkar və təşəbbüskar yanaşma tələb edir. Lakin görünən odur ki, Azərbaycan parlamentində çıxış edən deputatların bəziləri istisna olmaqla, digərləri xalqın etimadını tam doğrulda bilmir. Nəticədə isə parlamentin cəmiyyət qarşısında nüfuzu zəifləyir və ictimai inam getdikcə sarsılır.

Mövzu ilə bağlı Sherg.az-a danışan jurnalist, siyasi şərhçi Azər Həsrət parlamentlə bağlı tənqidlərini davamlı şəkildə dilə gətirdiyini deyib: 

"Azərbaycan parlamenti Prezident İlham Əliyev ilə ayaqlaşmağı bacarmalıdır. Deputatlar dövlət başçısının müəyyən etdiyi siyasi xəttə uyğun fəaliyyət göstərməlidirlər.

İlham Əliyev bir lider və dövlət rəhbəri kimi dünyanın müxtəlif bölgələrində tanınan və hörmət edilən şəxsiyyətdir. Dünyanın aparıcı güclərinin rəhbərləri, o cümlədən ABŞ prezidenti də daxil olmaqla bir çox dövlət başçıları ona hörmətlə yanaşır. Bu, təsadüfi deyil. Çünki İlham Əliyev öz biliyi, təcrübəsi, siyasi taktiki düşüncəsi və uzaqgörənliyi ilə beynəlxalq arenada diqqət mərkəzinə çevrilib. Onun fəaliyyəti nəticəsində bu gün Azərbaycan dövləti dünyada daha geniş tanınır və qəbul edilir".

Ekspert vurğulayıb ki, belə bir dövlət başçısına malik ölkənin parlament üzvləri də daha fəal, məsuliyyətli və təşəbbüskar olmalıdırlar: 

"Təbii ki, hər kəsin potensialı eyni deyil, lakin ən azından üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, proseslərdə aktiv iştirak etməlidirlər.

Bəzən televiziya kanallarında həmkarlarımız da qeyd edir ki, deputatları efirə dəvət etmək çətin olur. Bəzi hallarda isə çıxışları kifayət qədər səlis və məzmunlu olmur. Bu da ümumi peşəkarlıq səviyyəsi ilə bağlı suallar yaradır.

Hesab edirəm ki, növbəti mərhələdə Azərbaycan parlamenti daha peşəkar, təcrübəli və həqiqətən dövlətə xidmət edə biləcək şəxslərdən formalaşdırılmalıdır.

Əlbəttə, deputatları xalq seçir və onlara etimad göstərir. Lakin müşahidə olunur ki, bəzi deputatlar nə xarici siyasət məsələlərində, nə də daxili məsələlərdə kifayət qədər fəallıq göstərirlər. Hətta öz seçki dairələrində belə ictimai rəyə təsir edə bilmir, seçicilərin problemlərinə adekvat reaksiya vermirlər".

Müsahibimiz bildirib ki, elə dairələr var ki, seçicilər öz deputatlarını demək olar ki, tanımır və ya xatırlamır: 

"Bu, ciddi problemdir. Belə yanaşma ilə ölkənin inkişafı mümkün deyil.

Ona görə də yeniliklərə açıq olmaq vacibdir. Xüsusilə parlament elə formalaşdırılmalıdır ki, o, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə uyğun, çevik və effektiv fəaliyyət göstərə bilsin".