Cənubi Qafqazda yeni cəbhə açmaq planı - RƏY

Paris Ermənistanı silahlandırmaqla sülh prosesinə ciddi zərbə vurur “Fransanın əsas məqsədi bölgədə hərbi-siyasi nüfuzunu artırmaq, erməni məsələsindən istifadə edərək bölgəyə öz missiyasını yeritməkdir”
  Fransa və Ermənistan hərbi müstəvidə əməkdaşlığı genişləndirir. Tərəflər hərbi sahədə əlaqələrin inkişafı istiqamətində saziş imzalamağı da planlaşdırır. Müqaviləyə əsasən, Ermənistana Fransa silahları, xüsusilə zenit-raket kompleksləri veriləcək. Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, Ermənistan öz mülki əhalisini qorumaq və sərhədlərini mühafizə etmək imkanına malik olmalıdır: "Bu məqsədlə biz Ermənistana hava məkanının müdafiəsini təmin etməyə imkan verəcək saziş imzalayacağıq və Ermənistanın Fransa istehsalçılarından silah almasını rəsmiləşdirəcəyik". 
Ermənistan müdafiə naziri Suren Papikyan da Fransaya səfər edib. Papikyan fransalı həmkarı Sebastyan Lekornu ilə bir çox mövzuları, o cümlədən hərbi təhsili müzakirə edəcək. Şübhə yox ki, Cənubi Qafqazda maraqlarını İrəvan üzərindən diktə etməyə çalışan Fransanın ilkin hədəfi Rusiyanı Ermənistandan sıxışdırmaqdır. Bu məqsədlə Rusiyanın Ermənistanın “təhlükəsizliyinin təmin edilməsi”ndəki rolunu almaq istəyir. Paşinyanın Strasburqda son çıxışı da o deməkdir ki, Ermənistan “təhlükəsizlik müttəfiqlərini” dəyişmək niyyətindədir. Lakin Fransanın Ermənistana verdiyi silahların Azərbaycana tuşlanacağı, sərhəd toqquşmasında istifadə ediləcəyi də bəllidir. Ekspertlərə görə, Cənubi Qafqazda yeni cəbhə açmaq planı qüvvədədir və buna görə də eskalasiya ssenarisindən öncə beynəlxalq ictimai rəyi formalaşdırırlar. Qərbi Azərbaycan İcması yaydığı bəyanatda bildirib ki, Fransa İrəvanı Bakıya qarşı yeni müharibəyə təhrik edir. İcma qeyd edib ki, Fransanın müdafiə nazirinin Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlaması ciddi narahatlıq doğurur: "Hesab edirik ki, Fransanın Ermənistana silah satması, ilk növbədə, Azərbaycana qarşı düşmənçilikdir. Bundan başqa, Fransa müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir. Fransa tərəfindən Ermənistana silah verilməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə heç cür sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir. Bu ölkə XXI əsrdə belə hələ də müstəmləkə təfəkküründən, “Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan əl çəkə bilmir. Əminik ki, Fransa “vasitəçilik” səylərində tam məğlubiyyətə uğradığı kimi, Ermənistanın silahlandırılması siyasətində də uğursuzluğa düçar olacaq. Cənubi Qafqaz regionu Fransasız daha gözəl görünür”.
  Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, hərbi saziş Fransa və Ermənistan arasında daha ciddi bağların formalaşması anlamına gəlir. Analitik vurğulayıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan, NATO-ya əks mövqedə çıxış edən hərbi-siyasi təşkilatda yer alan Ermənistanın Qərbin qabaqcıl ölkələrindən sayılan Fransa ilə yeni geosiyasi əlaqələr qurması KTMT qaydalarına ziddir:
"Ermənistan KTMT əleyhinə olan addımını belə əsaslandırır ki, Ukrayna ilə müharibə şəraitində olan Rusiya Ermənistana hətta müqavilə əsasında olan silahları, hərbi texnikanı satmaq əzmində deyil. Yəni Ermənistan özünü qorumaq üçün Fransa və digər ölkələrlə hərbi-siyasi, texniki əməkdaşlığa ehtiyac duyur. Yaxşı, bəs kasıb Ermənistan Fransadan bu silahları necə alacaq? Fransa silahlarının dünya bazarlarındakı qiymətləri heç də aşağı deyil. Ermənistanın indiki zəif büdcə ilə hücum və müdafiə xarakterli bahalı fransız hərbi texnikasını satın alması isə qeyri-mümkündür. Bu da onu göstərir ki, bu silah alış-verişində Fransa hökuməti və erməni lobbisi öz rolunu oynayacaq. İstənilən halda rəsmi Paris hərbi anlaşma ilə Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə ciddi zərbə vurmaqdadır. Fransanın əsas məqsədi bölgədə hərbi-siyasi nüfuzunu artırmaq, erməni məsələsindən istifadə edərək bölgəyə öz missiyasını yeritməkdir. Həmçinin Yaxın Şərqdə və Afrikada sarsılmış mövqeyini Cənubi Qafqazda bərpa etməyə çalışır. Amma Parisin addımları nəticə verməyəcək. Azərbaycan yenə də Fransa və Ermənistanın bütün bəd niyyətlərini alt-üst edəcək. Əgər proses belə davam edərsə, Azərbaycan bayrağı digər tarixi torpaqlarımızda da dalğalana bilər".