Ceyhun Məmmədov: “Ölkədə gərginlik yaratmaq planı iflasa uğradı”

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə cinayət yolu ilə qazanılmış əmlakın leqallaşdırılması ilə bağlı verilmiş ittihamın həcmi ötən gün açıqlanıb. Məlum olub ki, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.

DTX-nin yaydığı videoda keçmiş administrasiya rəhbərinin evində aparılmış əməliyyatın görüntüləri də yer alıb. Həmçinin dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri nəticəsində ittihamçıların səs yazıları da ictimaiyyətə təqdim edilib. 

Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərlərinin daxil olduğu şəbəkə xarici xüsusi xidmət orqanlarının diqtəsinə uyğun olaraq Azərbaycanda dövlət çevrilişi həyata keçirmək planını gerçəkləşdirmək istəyib. Ramiz Mehdiyev Azərbaycandakı şəbəkənin fəaliyyətini xarici ölkə ilə əlaqələndirib, ona rəhbərlik edib.

Azərbaycanın dövlət müstəqilliyi, ərazi büyövlü və suverenliyinə qənim kəsilmiş bu şəbəkə ardıcıl olaraq ölkədə gərgin vəziyyət yaratmaq, ictimai sabitliyi pozmaq, Azərbaycanın dövlət maraqlarına qarşı planlar qurmaq və gerçəkləşdirmək istiqamətində fəaliyyət göstərib, ölkənin nüfuzuna xələl gətirmək üçün bütün mümkün vasitələrdən istifadə edib.

Vətən müharibəsi ərəfəsində bu şəbəkə ictimai rəydə Azərbaycanın sarsıdıcı zərbə alacağı və uduzacağı rəyini formalaşdırmağa çalışıb. Ramiz Mehdiyev radikal müxalifəti daim aktiv fəaliyyətə sövq edib və ölkəni daxili gərgin vəziyyəydə saxlamağa çalışıb. Xaricdəki söyüş müxalifəti də bu şəbəkə tərəfindən təlimatlandırılıb və idarə olunub. 

Artıq faktlarla Ramiz Mehdiyevin, Əli Kərimlinin, Abbas Abbasovun və şəbəkənin digər üzvlərinin xəyanətkar siması, onların dövlətimizə və xalqımıza, müstəqilliyimizə və konstitusiya quruluşumiza qarşı ardıcıl düşmən fəaliyyəti ifşa olunur.

Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a açıqlamasında vurğulayıb ki, Azərbaycan hüquq mühafizə orqanları bu əməllərin qarşısını ciddi şəkildə alıb:

"Bu faktlar bir daha göstərir ki, həqiqətən belə bir reallıq mövcuddur. Əsas məqsəd ölkədə gərginlik yaratmaq, dövlət maraqlarına və nüfuzuna xələl gətirmək olub. Təbii ki, burada xarici ölkələrin də müəyyən rolu var.

Vaxtında Azərbaycan hüquq mühafizə orqanları bu cür addımların və cəhdlərin qarşısını alaraq prosesi nəzarət altında saxladılar. Ardıcıl addımlar və sıx iş prosesi nəticəsində bu prosesin qarşısı alınıb".

Parlamentari qeyd edib ki, Milli Məclisə hücum, Azərbaycan Televiziyasına yönəlmiş hadisələr gələcəkdə ciddi proseslərin baş verə biləcəyini göstərirdi: 

"Hər kəs bilməlidir ki, Azərbaycan hüquq mühafizə orqanları bu cür cəhdlərin qarşısını ciddi şəkildə almağa davam edəcək. Hər bir şəxs bu cür addımlardan çəkinməlidir".

Qalereya