Duran: “Netanyahunun qanlı oyunlarını Türkiyənin uzaqgörən siyasəti pozacaq”

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran İsrailin baş naziri Binyamin Netanyahunun Türkiyə və Suriyaya qarşı səsləndirdiyi fikirləri sərt tənqid edib.

Sherg.az-ın məlumatına görə, Duran bildirib ki, Netanyahunun təhdid və yalanları onun beynəlxalq aləmdə artan təcridinin və siyasi narahatlığının göstəricisidir. Onun sözlərinə görə, İsrail hökuməti Türkiyəyə qarşı düşmənçiliyi daxili siyasi məqsədləri üçün istifadə edir.

Duran qeyd edib ki, Türkiyə bölgədə sülh və sabitliyin təmin olunması üçün fəaliyyətini davam etdirəcək və Suriyaya qarşı barışıq siyasəti yürüdən ölkələrin yanında olacaq.

“Netanyahu kimi nüfuzdan düşmüş şəxslərin bölgəni alova atmaqdan çəkinmədiyi qanlı oyunlarını Türkiyənin uzaqgörən və sülhpərvər xarici siyasəti pozacaq. Heç kim xalqımızın və dostlarımızın rahatlığını poza bilməz. Türkiyə buna əsla imkan verməyəcək”, - deyə Duran vurğulayıb.