- “Osmanlı Azərbaycan üçün öz müttəfiqi Almaniyaya belə qarşı çıxmağa hazır idi”
15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad edilməsi Azərbaycan tarixinin mühüm hadisələrindən biri hesab olunur. Bu hadisə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin paytaxtının bolşevik-daşnak qüvvələrindən azad olunması ilə yanaşı, Azərbaycan-Türkiyə münasibətlərinin tarixində də xüsusi əhəmiyyət daşıyır. Bakının azad edilməsində Qafqaz İslam Ordusunun iştirakı iki ölkə arasında hərbi və siyasi əməkdaşlığın mühüm nümunələrindən biri kimi qiymətləndirilir.
Hadisənin tarixi əhəmiyyəti ilə bağlı Türkiyə Cümhuriyyəti Tarixi üzrə mütəxəssis, professor Ali Satan fikirlərini Sherg.az-la bölüşüb:
"Çünki Osmanlı İmperiyası İraq, Fələstin, Suriya və İran cəbhələrində Antanta dövlətləri blokuna (İngiltərə, Fransa, İtaliya, əvvəlcə Rusiya, daha sonra onun yerini alan ABŞ) qarşı döyüşürdü. Bu halda Azərbaycanın yardım istəməsinə görə, müttəfiqi Almaniya İmperiyasının da müxalifətinə baxmayaraq, onlarla da döyüşməyi gözə alaraq və toqquşaraq Bakıya yardıma gəlindi.
Yəni konjonkturanın hər mənada əlverişsiz olduğu bir dövrdə Azərbaycanın qardaşları olaraq Qafqaz İslam Ordusu yaradıldı. Bakını düşmən işğalından azad etdi. Osmanlı ordularının Baş Komandan vəkili Ənvər Paşa yaxın ətrafına bunu da deyirdi: əgər Azərbaycan müstəqil qala bilməyəcəksə, Avstriya-Macarıstan İmperiyası kimi Osmanlı-Azərbaycan iki dövlətli bir quruluşa da gedilə bilər".
Professor 1917-ci ildən sonra bölgədə erməni dəstələrinin terrorunun və təsirinin artdığını qeyd edib:
"1918-ci ilin avqust ayı etibarilə bölgəyə İran üzərindən quru yolu və Xəzər dənizi vasitəsilə gələn ingilislərdən və bolşeviklərdən Azərbaycan xilas edildi.
Bakının azad edilməsi Türkiyə-Azərbaycan qardaşlığını, “iki dövlət, bir millət” həqiqətini əbədiləşdirdi. Bu şanlı mübarizədə iştirak edən bütün mücahidlərimizə Allahdan rəhmət diləyirəm".