Epşteyin qalmaqalı yeni qlobal dizaynın siqnalları kimi oxunmalıdır - Emre Diner "Şərq"ə danışdı

"Bu proses bizə “elit və toxunulmaz fiqurlar dövrünün” sona çatdığını göstərir"

Son günlər sosial mediada və beynəlxalq mediada Cefri Epşteyin dosyesi ətrafında dolaşan iddialar yenidən qlobal gündəmi zəbt edib. Xüsusilə Türkiyədə baş vermiş zəlzələlərdən sonra uşaqların itkin düşməsi ilə Epşteyin şəbəkəsi arasında əlaqə qurulması cəmiyyətdə ciddi narahatlıq doğurub. Dezinformasiya ilə faktların bir-birinə qarışdığı bu mürəkkəb proses, təkcə cinayət iddialarını deyil, eyni zamanda qlobal güc münasibətlərini, siyasi manipulyasiyaları və beynəlxalq etimad böhranını da gündəmə gətirib.

Epşteyin işi ətrafında formalaşan iddiaların nə dərəcədə real olduğu, Türkiyənin və ABŞ-nin mövqeyi, Donald Trampın mümkün rolu, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanın bu dosyedə niyə adı çəkilən fiqurlardan biri kimi təqdim edilməsi diqqət çəkir.

Xarici siyasət üzrə türk ekspert və jurnalist Emre Diner mövzu ətrafında Sherg.az-ın suallarını cavablayıb:

-Türkiyədə zəlzələ zamanı uşaqların itkin düşməsi Epşteyin işi ilə əlaqələndirilir. Bu mövzuda nə düşünürsünüz?

-Epşteyin məsələsi tam mənası ilə iyrənc və insanlığa zidd hadisədir. Bu mövzuda çoxlu iddialar irəli sürülüb. Xüsusilə 1999-cu il Gölcük zəlzələsi ilə bağlı iddia yayımlandı. Guya Cefri Epşteyinin şəxsi pilotu Nadia Marcinko, 17 avqust 1999-cu il zəlzələsindən sonra Türkiyədən bəzi uşaqları qaçıraraq ABŞ-yə aparıb, onları pedofiliya şəbəkəsində istifadə etdiyini etiraf edib.

Bu iddia geniş şəkildə yayımlandı. Lakin dezinformasiyaya qarşı son dərəcə diqqətli olmaq lazımdır. Çünki mövzu olduqca həssasdır. Anadolu Agentliyinin “Teyit Hattı”nın apardığı araşdırmada bu iddiaların texniki və faktiki əsasının olmadığı ortaya qoyuldu. Sosial mediada yayılan ifadənin Cefri Epşteyinin pilotu Nadia Marcinkoya deyil, Adrina Ross adlı şəxsə aid olduğu müəyyən edildi.

-Emre bəy, Türkiyədən qaçırıldığı iddia edilən bir uşağın Hollandiyada görüldüyü barədə iddialar da ortaya atılıb.

-Türkiyənin aidiyyəti qurumları bu mövzularda ictimaiyyəti məlumatlandıran rəsmi açıqlamalar yayımlayıb.

Ankara Respublika Baş Prokurorluğu, Cefri Epşteyinlə əlaqəli yeni sənədlərin ortaya çıxmasından sonra uşaq istismarı və fahişəlik şəbəkəsi iddiaları ilə bağlı araşdırmalara başlayıb. Türkiyə dövləti bu cür iddiaların həqiqiliyini araşdırmaq üçün lazımi addımları atmaq gücündədir.

Keçmişdə Türkiyədən uşaqların qaçırılması ilə bağlı artan şikayətlər nəticəsində, dövrün daxili işlər naziri Abdülkadir Aksunun rəhbərliyi altında müvafiq şəbəkələrin çökərdildiyi də məlumdur.

Bu cür məsələlərdə şübhə və fərziyyələrin aradan qaldırılması üçün Türkiyənin Ədliyyə Nazirliyi səviyyəsində lazımi hüquqi təşəbbüslərin həyata keçirəcəyinə inanıram. 

-ABŞ bu mövzuya necə yanaşmalıdır?

-Uşaqlara qarşı hər cür istismar, o cümlədən “ritual istismar” iddiaları Suriya və İraq müharibələri zamanı da gündəmə gəldi.

Xüsusilə sosial mediada dolaşan sənədlərin həqiqi faktlardan ayrılması, ictimai vicdanın rahatlanması üçün ABŞ Ədliyyə Nazirliyinin bu iddialara məruz qalan ölkələrlə əməkdaşlıq etməsi və məlumat paylaşması həyati əhəmiyyət daşıyır. Cəmiyyətin daha çox zərər görməməsi üçün ABŞ bu prosesi gecikdirmədən başlatmalıdır.

-Epşteyin mövzusu niyə məhz indi gündəmi zəbt edib?

-Bu məsələ çoxşaxəlidir. Epşteyin qalmaqalının qlobal miqyasda böyüməsinin bir neçə səbəbi var. Fikrimcə, bu hadisə yeni qlobal dizaynın siqnalları kimi oxunmalıdır. Bu proses bizə “elit və toxunulmaz fiqurlar dövrünün” sona çatdığını göstərir.

Vaşinqtonun Epşteyin qovluğu vasitəsilə bəzi qlobal elitləri sistemdən kənarlaşdırmaq istədiyi ehtimalı da müzakirə olunur. Digər tərəfdən, bu qalmaqalda ABŞ-nin keçmiş prezidentləri, nazirləri, sənət və kino dünyasından məşhur simalar, Norveç vəliəhd şahzadəsi Mette-Marit, Böyük Britaniya kral ailəsindən Prens Endryu və daha bir çox beynəlxalq fiqurların adları hallanır. Bu, mövcud “çürük sistemin” dağıdılması və yerinə başqa bir nizamın qurulması cəhdidir.

Proses, milli dövlətlərə olan etimadın sarsıdılması və alternativ qlobal nizam axtarışlarının bir hissəsidir.

-Sizcə Trampın bu işdə rolu varmı? Epşteyin onun vasitəsilə öldürülə bilərmi?

-Bu sual beş naməlumlu tənlik kimidir. “Öldürdü” və ya “birbaşa əli var” demək mümkün deyil. Bu iddialar hələlik nəzəriyyə səviyyəsindən kənara çıxmır.

Epşteyinin 2019-cu ildə həbsxanada ölməsi böyük mübahisələrə səbəb oldu. Bəziləri bunun intihar, digərləri isə qəsdən öldürülmə olduğunu iddia etdi. Maraqlıdır ki, Epşteyin dosyesinin ilk dəfə yenidən gündəmə gəlməsi İsrail Baş naziri Binyamin Netanyahunun Donald Trampla görüşü ərəfəsinə təsadüf etdi.

-Emre bəy, Netanyahunun Tramp üzərində siyasi təzyiq aləti kimi bu dosyadan istifadə etdiyi iddiaları da mövcuddur.

 -Bəli, xüsusilə İran məsələsi, Suriyadan çəkilmə və YPG ilə bağlı proseslər fonunda Epşteyin dosyalarının açıqlanması təsadüfi deyil.

Epşteyin öldüyü zaman Tramp ABŞ prezidenti idi. Bu isə o deməkdir ki, Tramp kamera görüntüləri, həbsxana qeydləri, tibbi ekspertiza hesabatları və Ədliyyə Nazirliyinin brifinqlərinə çıxış imkanına malik idi. Əgər qətllə bağlı qəti sübutlar olsaydı, Tramp bunu bilmə ehtimalına sahib idi.

Bununla belə, Tramp “cinayət sui-qəsdi” iddialarını həm öz siyasi bazasını mobilizə etmək, həm də Epşteyinin onun prezidentliyi dövründə ölməsi faktından diqqəti yayındırmaq üçün istifadə edə bilər.

-Deyilənlərə görə R.T.Ərdoğan Epşteyin üçün təhlükə hesab olunurdu. Əgər bu doğrudursa, Epşteyin niyə məhz Ərdoğandan çəkinirdi?

-İsraillə əməkdaşlıq etdiyi iddia edilən Epşteyinin istismar şəbəkəsinə dair sənədlər, Türkiyənin regional və qlobal yüksəlişindən narahat olan dairələrin mövcudluğunu göstərir.

Bu gün Prezident Rəcəb Tayyib Erdoğan liderliyində Türkiyə Şərqi Aralıq dənizi, Qafqaz, Somali, Cibuti və Liviya kimi bölgələrdə təsir gücünə malik ölkədir. Milli müdafiə sənayesində, xüsusilə SİHA texnologiyaları sahəsində əldə edilən uğurlar bəzi qlobal aktorları, o cümlədən İsraili narahat edir.

Bu səbəbdən, Ərdoğan ətrafına nüfuz etmə cəhdlərinin Epşteyin və ona bənzər strukturlar üçün risk yaratdığı düşünülə bilər. Prezident Ərdoğanın BMT kürsüsündən səsləndirdiyi “Dünya beşdən böyükdür” çağırışı qlobal güc iyerarxiyasını açıq şəkildə sorğulayan şüar kimi tarixə düşüb.

Ərdoğan beynəlxalq platformalarda davamlı olaraq “güclü olanın deyil, haqlı olanın legitimliyi” prinsipini müdafiə edib. Avropanın daxili çürüməsinə qarşı susqun və qoruyucu mövqeyini açıq şəkildə ifşa edən nadir liderlərdən biri olması da onu Epşteyin üçün təhlükəli fiqura çevirib.

-Epşteyn hadisəsini daha geniş mənada necə qiymətləndirirsiniz?

-Epşteyin dosyesi təkcə cinayət işi deyil. Bu, qlobal miqyasda mənəvi çöküşün, güc və toxunulmazlıq zirehinə bürünmüş strukturların və sistemli korrupsiyanın simvoludur. Bu hadisə dünya tarixinə böyük miqyaslı əxlaqi iflas kimi düşdü.