Ərdoğan hakimiyyətinin əsas hədəfləri - ŞƏRH

Türkiyə daha güclü olacaq
  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin qarşıdakı əsrlə bağlı əsas hədəfini açıqlayıb. Ərdoğan Cümhuriyyəti qarşıdakı illərə daha güclü, daha etibarlı şəkildə aparmaq əzmində olduqlarını deyib: "Qarşıdakı dövrdə ən böyük hədəfimiz demokratiyamızı çevriliş konstitusiyasından xilas edib, cümhuriyyətimizi azad, demokratik konstitusiyaya qovuşdurmaqdır. Bir daha bütün dünyaya elan edirik: Türkiyə Cümhuriyyətinin qarşısına heç bir imperialist güc çıxa bilməz. Yetər ki, biz bir olmağa, iri olmağa, diri olmağa, qardaş olmağa, birlikdə Türkiyə olmağa davam edək. Yetər ki, biz “tək millət, tək bayraq, tək vətən, tək dövlət” deyərək mövqeyimizdən geri çəkilməyək”. Ərdoğan əlavə edib ki, çox da uzaq olmayan gələcəkdə 100 milyon əhalisi olan Türkiyəni görəcəyik: "Üzvü olmaqdan qürur duyduğumuz sevimli millətimizə 21 ildir ki, “Millətə ağalıq yoxdur, xidmət var” inancı ilə yanaşırıq. Biz ağa deyil, xidmətçiyik. Bütün sahələrdə nəhəng addımlar atmışıq. Ərdoğan vurğulayıb ki, harada məzlum, qurban, göz yaşı tökən varsa, onun köməyinə gələn, əlindən tutub ayağa qaldıran, dərdinə şəfa verən Türkiyədir: "Biz bu münasibəti əvvəllər Koreyada, Kiprdə, İraqda, Suriyada, Liviyada, Yəməndə və nəhayət, Qarabağda göstərmişik".
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, azad və demokratik konstitusiya kimi ifadələr çıxışın rəsmi tərəfidir. Partiya təmsilçisinin sözlərinə görə, əsas məsələ Ərdoğanın çıxışındakı sətiraltı məqamlardır:
"Ərdoğan vurğulayır ki, Türkiyə artıq əvvəlki ölkə deyil və daha güclü Türkiyə olmaq yolunda addımlayır. "Dünya imperializminə qarşı olacaq" ifadəsi o deməkdir ki, Türkiyə Osmanlı dönəmində olduğu kimi daha qüdrətli və nəhəng olacaq. Müasir dövrdə bir ölkənin adının formal olaraq necə adlanması, konstitusiyada idarəetmənin necə əks olunması heç bir rol oynamır. Bir ölkə istər cümhuriyyət olsun, istərsə də krallıq... Əsas odur ki, dövlət güclü olsun, sözünün dəyəri, çəkisi olsun. Ona görə də Türkiyə rəhbərliyi ölkənin daha da güclənməsi yönündə atılan addımları sadalayır və eyni zamanda gələcəkdə atılacaq addımlardan bəhs edir. Biz də əsasən həmin nüanslara diqqət yetirməliyik".