Ərdoğanın Tramp dəstəyinin sirri açıldı: Məsələ F-35-lərlə bağlıdır

  • Ankara sammiti təkcə Ukraynanın deyil, NATO-nun gələcəyini də müəyyənləşdirəcək

Ankarada keçirilən NATO Sammiti alyansın təhlükəsizlik gündəliyində mühüm yer tutur. ABŞ-nin Avropaya münasibəti, müdafiə sənayesində əməkdaşlıq və Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı məsələlər gündəmdədir. Xüsusilə Türkiyənin regiondakı strateji rolu, Vaşinqton-Ankara münasibətlərində yeni mərhələnin mümkünlüyü və F-35 qırıcıları ilə bağlı müzakirələr diqqət mərkəzindədir. 

Diqqətləri üzərinə cəmləyən bir digər mövzu isə liderlərin sammitdə verdiyi açıqlamalardır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna məsələsində ABŞ Prezidenti Donald Trampın mövqeyini dəstəklədiyini açıqlaması bu baxımdan xüsusi maraq doğurub.

Ukraynalı analitik Yeqor Brailian Sherg.az-a bu proseslərin təkcə Ukraynanın gələcəyinə deyil, həm də NATO daxilində qüvvələr balansına və ABŞ-Türkiyə əməkdaşlığının perspektivlərinə təsir göstərəcəyini söyləyib:

"NATO-nun Ankara Sammiti Ukrayna və ABŞ üçün vacibdir. Çünki ilk növbədə, buna səbəb Türkiyənin Qara dəniz regionunun təhlükəsizliyində oynadığı roldur. Türkiyə Qara dəniz regionunda təhlükəsizliyin əsas aktorudur. Qara dəniz regionundakı NATO ölkələrindən danışırıqsa, Rumıniya və Bolqarıstanın çəkisi Türkiyə ilə müqayisədə daha azdır".

Politoloqun sözlərinə görə Ərdoğanın "Türkiyə Ukrayna məsələsində Trampın mövqeyini dəstəkləyir" fikri bir başa F-35-lərlə bağlıdır:

"İsrail qarşı çıxsa da, ABŞ hazırda Türkiyəyə F-35 qırıcılarını satmağa hazırdır. Lakin ABŞ-nin Ukraynaya və NATO-nun Ankara Sammitinə baxışında transaksion(qarşılıqlı maraqlara əsaslanan) yanaşma davam edir.

ABŞ Avropaya deyir: “Əgər Ukraynaya kömək etmək istəyirsinizsə, silahın pulunu ödəyin”. Bu söhbətlər davam edəcək. Bununla yanaşı, Avropa ölkələri Ukrayna ilə birlikdə silahların birgə istehsalına sərmayə yatırmağa hazırdır. Bu isə çox vacibdir".