Ermənilərin bayrağımıza qarşı vəhşiliyi cəzasız qalmadı

Beynəlxalq hüquq gec-tez öz yerini tapır

Ağır Atletika üzrə dünya çempionatı gələn il Ermənistanda keçirilməyəcək

  Aprelin 14-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında ermənilərin üçrəngli bayrağımıza qarşı vəhşiliyi cəzasız qalmadı. Təbii ki, Azərbaycan tərəfi o zaman baş verənlərə səssiz qalmamış, komanda olaraq yarışda iştirakdan imtina etmiş, bu yolla öz etirazını bildirmişdi. Lakin rəsmi Bakı bununla kifayətlənməyib. Çünki bayrağımıza qarşı bu hərəkətin mütləq cəzası olmalı idi. İlk gündən beynəlxalq nüfuzlu təşkilat və federasiyalara məktublar yazıldı, təmaslar quruldu. Əsas məsələ 2024-cü ildə keçiriləcək dünya çempionatının təşkili hüququnun ermənilərə verilməməsi idi. Halbuki bu artıq həll olunmuş, razılıqlar alınmış, yalnız rəsmiləşməsi qalan bir məsələydi. Ancaq Azərbaycanın qətiyyət və iradəsi müsbət sonluqla nəticələndi. Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynovun sözlərinə görə, Ağır Atletika üzrə dünya çempionatı gələn il Ermənistanda keçirilməyəcək. Onun sözlərinə görə, Beynəlxalq Ağır Atletika Federasiyası 2024-cü ilin ağır atletika üzrə dünya çempionatının Ermənistanda keçirilməməsi, bu hüququn Bəhreynə verilməsi qərarını qəbul edib.
  BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Sherg.az"a vurğulayıb ki, beynəlxalq hüququn olmamasından şikayət çox edilsə də, bunun belə olmadığı göz önündədir. Təbii ki, bu, epizodik haldır: "Daha böyük problemlərdə də müsbət yaxınlaşmanın olması mütləqdir. Sadəcə, mövcud durumu doğru idarə etmək lazımdır. Geniş mənada beynəlxalq hüquq gec-tez öz yerini tapır. Beynəlxalq hüququn öz yerini tapacağına əmin olmaq lazımdır. Ermənistana cəza olaraq ağır atletika üzrə dünya çempionatının keçirilmə hüququnun əlindən alınması dünya birliyinin, idman aləminin qanunsuz hərəkətlərə biganə qalmamasının sübutudur. Bununla isbat edilir ki, istər idman, istərsə də digər sahələrdə dünya birliyinin qanunlarına əks gedənlər artıq qəbul edilmir və cəzalandırılır. Bu, Ermənistana verilən əsaslı dərsdir. Ancaq əfsuslar ki, Ermənistan belə dərslərdən nəticə çıxara bilmir. Ermənistana bir neçə dəfə dərs verilib. Dərslərdən nəticə çıxarmasa, Ermənistanın sonu ağır olacaq. Onda da gec olacaq".