Ermənilərin terrorla bağlı çağırışlarını eşidirik
Xarici ölkələrin hüquq-mühafizə orqanları da məsələni diqqətdə saxlamalıdır
“Erməni xislətini daim nəzərə almalıyıq. Azərbaycan, Türkiyə və bizə dost olan ölkələr koordinasiyalı şəkildə hərəkət etməlidir"
Son günlər ermənilərin sosial mediada azərbaycanlı dövlət nümayəndələrinin və diplomatların hədəfə alınmasına dair çağırışları ciddi narahatlıq yaradıb. Bununla bağlı Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili bəyanat yayıb. Bildirib ki, Ermənistan tərəfi azərbaycanlılara qarşı nifrətə yol açan siyasətindən əl çəkməli, həmçinin aidiyyəti beynəlxalq təşkilatlar insan hüquqlarına zidd olan bu əməllərin qarşısının alınması üçün zəruri tədbirləri görməlidirlər.
Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a bildirib ki, erməni cəmiyyətində Azərbaycana, Türkiyəyə qarşı nifrət çağırışları, radikal çıxışlar hər zaman olub. Ekspertin sözlərinə görə, ermənilərin ənənəvi kin-küdurəti 44 günlük müharibədən sonra daha da çoxalıb: "Son aylar ərzində Laçın yolu ətrafında ajiotaj yaratmağa çalışan erməni cəmiyyəti, lobbi və media artıq bütün imkanlarının, şanslarının tükəndiyinin fərqindədir. Bu məsələ ilə bağlı Avropa Şurası Parlament Assambleyasından, BMT-nin TŞ-də məsələ qaldırılsa da, heç bir tribunada beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın suveren ərazisi olan Laçın yolunda ermənilərin özbaşınalığına göz yumacaq qərar qəbul olunmadı. Bu, mümkünsüzdür, dünyada belə mexanizm yoxdur. Rusiya-Ukrayna müharibəsi fonunda sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü əsas prioritet olaraq önə çəkilir. Azərbaycanı sevməyən ölkələr belə beynəlxalq hüquqa əsaslanmağa məcbur qalaraq ölkəmizin ərazi bütövlüyünü dəstəkləyirlər. Bu baxımdan ermənilər daha da aqressivləşirlər. Ermənistanda Daşnaksütyun və digər terrorçu-radikal cərəyanlar rəsmi siyasi fəaliyyət göstərirlər. Ermənistan cəmiyyətindən gələn radikal nifrət çağırışları fonunda terrorçu dəstələrin, cinayətkar qrupların xaricdəki Azərbaycan diplomatlarına və nümayəndələrinə qarşı terror cəhdləri mümkündür".
Hüquq müdafiəçisi vurğulayıb ki, bu, ermənilər üçün ilk təcrübə deyil:
"ASALA və Daşnaksütyunun türk diplomatlara qarşı 1970-80-ci illərdə çoxsaylı terror aktları, sui-qəsdləri məlumdur. Eyni ssenarini Azərbaycana da tətbiq etməklə bağlı hazırlıqlar ola bilər. Dövlətin müvafiq orqanları, təhlükəsizlik xidməti, o cümlədən ictimaiyyət daha ayıq-sayıq olmalıdır. Təbii ki, vətəndaş cəmiyyətinin, hüquq müdafiəçilərinin də üzərinə müəyyən məsuliyyət düşür. İştirak etdiyimiz tədbirlərdə ayıq-sayıq olmalı, təhlükəsizliyimizi qorumalıyıq. Xarici ölkələrin də hüquq-mühafizə orqanları ermənilərin terrorla bağlı çağırışlarını diqqətdə saxlamalıdır. Erməni xislətini daim nəzərə almalıyıq. Azərbaycan, Türkiyə və bizə dost olan ölkələr koordinasiyalı şəkildə hərəkət etməlidir".