- Hakan Fidanın Bakı səfəri Türkiyə-Azərbaycan münasibətlərində yeni mərhələnin göstəricisidir
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri Bakı ilə Ankara arasında gündəmdə olan ikitərəfli və regional məsələlərin müzakirəsi baxımından diqqət çəkir. Səfər çərçivəsində iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti, əməkdaşlığın müxtəlif istiqamətləri, eləcə də Cənubi Qafqazda baş verən son proseslərin müzakirə olunub. Xüsusilə regionda sülh gündəmi, nəqliyyat və enerji layihələri, təhlükəsizlik məsələləri və Türk dünyası daxilində əməkdaşlıq səfərin əsas müzakirə mövzuları sırasında yer alıb.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a bildirib ki, Hakan Fidanın Azərbaycana səfəri adi diplomatik təmas deyil:

"Bu səfər Türkiyə-Azərbaycan müttəfiqliyinin Qarabağdan sonrakı dövrdə hansı strateji çərçivədə irəliləyəcəyini göstərən mühüm addımdır. Bu gün Ankara-Bakı xətti sadəcə iki qardaş ölkə münasibəti deyil, Cənubi Qafqazdan Orta Asiyaya uzanan yeni geosiyasi nizamın əsas oxlarından biridir.
Görüşlərdə ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, təhlükəsizlik əməkdaşlığı və Türk Dövlətləri Təşkilatı mövzularının önə çıxması təsadüfi deyil. Çünki Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən sonra bölgənin əsas prioriteti artıq davamlı sülh, iqtisadi inteqrasiya və kommunikasiya xətlərinin açılmasıdır".
General səfəri Türkiyə mövqeyindən də şərh edib:
"Türkiyə baxımından Zəngəzur bağlantısı, Orta Dəhliz, Xəzər üzərindən keçən enerji və logistika xətləri yalnız iqtisadi layihələr deyil. Bunlar Türk dünyasını Anadolu üzərindən Avropaya bağlayan strateji damarlardır. Buna görə Türkiyə-Azərbaycan əməkdaşlığı regional sülh qədər enerji təhlükəsizliyi, ticarət yolları və hərbi çəkindiricilik baxımından da böyük əhəmiyyət daşıyır.
Fidanın Azərbaycanın müdafiə naziri ilə də görüşü müdafiə və təhlükəsizlik ölçüsünün bu səfərin mərkəzində yer aldığını göstərir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin birgə təlimlər, müdafiə sənayesi, sərhəd təhlükəsizliyi, kritik infrastrukturun qorunması və ortaq çəkindiricilik mexanizmləri ilə daha konkret hala gəlməsi gözlənilməlidir.
Azərbaycan-Ermənistan sülhü məsələsində isə Türkiyənin mövqeyi aydındır".
Müsahibimiz vurğulayıb ki, Ankara Ermənistan-Azərbaycan sülhünü dəstəkləyir:
"Lakin bu sülh Azərbaycanın suveren hüquqlarını zəiflətmədən, bölgə ölkələrinin qarşılıqlı tanınma və mehriban qonşuluq prinsipləri əsasında irəliləməlidir. Ermənistanın bu yeni reallığı düzgün oxuması təkcə Bakı və Ankara üçün yox, bütün Cənubi Qafqaz üçün tarixi fürsət yaradacaqdır.
Nəticə etibarilə, Hakan Fidanın Bakı səfəri Türkiyə-Azərbaycan münasibətlərində yeni mərhələnin göstəricisidir. Bu mərhələ qardaşlıq ifadəsindən kənara çıxan, müdafiə, enerji, nəqliyyat, ticarət və diplomatiya sahələrində institusionallaşan strateji tərəfdaşlıq dövrüdür. Ankara və Bakı Cənubi Qafqazda sülhün, Türk dünyasında inteqrasiyanın və Avrasiyada yeni bağlantı arxitekturasının mərkəzində yer almağa hazırlaşır".