Ermənistan COP17-də Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakını təsdiqləyə bilmir

Ermənistanda keçiriləcək BMT-nin biomüxtəliflik üzrə COP17 konfransında Azərbaycan və Türkiyə nümayəndələrinin iştirak edib-etməyəcəyi hələlik məlum deyil. Tədbirdə 50-dən çox yüksək vəzifəli xarici nümayəndənin iştirakı üçün qeydiyyatdan keçdiyi bildirilir.

Sherg.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan mətbuat konfransında açıqlama verib.

Diplomat Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı ilə bağlı suala cavabında konkret ölkələrin adlarını çəkməkdən çəkinib. O bildirib ki, qəbul olunmuş təcrübəyə əsasən, dövlətlər tədbirdə iştirak edəcəklərini özləri açıqlayırlar.

Abisoqomonyan BMT-nin baş katibi Antonio Quterreşin sammitdə iştirakını təsdiqləyib. Digər ölkələrin nümayəndələrinin iştirakı ilə bağlı isə rəsmi təsdiqlərin gözlənilməsini tövsiyə edib.

Məlumata görə, Ermənistanda keçiriləcək konfransda ümumilikdə 15 min nəfərin iştirakı gözlənilir.

Qeyd edək ki, BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (COP17) 19-30 oktyabr tarixlərində İrəvanda keçiriləcək. Hazırlıq tədbirləri və “Yaşıl zona”nın fəaliyyəti isə oktyabrın 18-də başlayacaq.