Ermənistan indi başqa güclərin təsir alətinə çevrilib - ŞƏRH

Qərb institutları regionda yeni gərginlik ssenarisi qurur

Azər Allahverənov: "Minsk qrupu tarixə qovuşsa da, onun siyasəti davam edir"

Uzun illər Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan beynəlxalq vasitəçilik cəhdləri regionda davamlı sülhün təmin olunmasına real töhfə vermədi. Xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyəti illər boyu həm Azərbaycan cəmiyyətində, həm də siyasi dairələrdə ciddi müzakirə mövzusu olaraq qaldı. 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıq isə beynəlxalq təşkilatların əvvəlki yanaşmalarına münasibəti yenidən gündəmə gətirdi. 

Prezident İlham Əliyev də Zəngilan səfəri zamanı bu kontekstdə səsləndirdiyi fikirlərl həm keçmiş proseslər, həm də regionun gələcəyi ilə bağlı mühim mesajlar verdi.

Millət vəkili Azər Allahverənov Sherg.az-a Prezident İlham Əliyevin Zəngilan şəhərinin sakinləri ilə görüş zamanı səsləndirdiyi vacib mesajlardan danışıb: 

"İlham Əliyevin səsləndirdiyi mesajların hər biri Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif tarixi dövrlərinə aid aspektləri işıqlandırmağa yönəldi. Eyni zamanda, burada ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı da mühüm fikirlər səsləndirildi.

Önəmli məqam ondan ibarətdir ki, 30 il ərzində ATƏT heç vaxt Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əməli və nəticəyönümlü fəaliyyət göstərməyib, əksinə, status-kvonun qorunmasına çalışıb və Azərbaycan xalqını işğal faktı ilə barışmağa sövq edib. ATƏT-in Minsk qrupunun üç həmsədri var idi. Onların hər üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvləri idi. Burada haqlı bir sual yaranırdı: əgər BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması ilə bağlı dörd qətnamə qəbul etmişdisə, o zaman məntiqli olardı ki, ATƏT də həmin qətnamələrin icrasını təmin etməyə yönəlmiş siyasət həyata keçirsin və ilk növbədə işğalçı dövləti məsuliyyətə çağırsın".

Parlamebtari bunun tam əksinin icra olunduğunu söyləyib: 

"Paradoksal vəziyyət yarandı: bir tərəfdən BMT Təhlükəsizlik Şurasında həmin qətnamələrin qəbuluna səs verən dövlətlər, digər tərəfdən isə işğalçı Ermənistana siyasi, iqtisadi və hərbi müstəvilərdə müxtəlif dəstəklər göstərməklə ona bir növ təhlükəsizlik çətiri yaradırdı. Eyni zamanda müxtəlif beynəlxalq platformalar vasitəsilə Azərbaycana təzyiqlər göstərilir, münaqişənin yalnız sülh danışıqları yolu ilə həll edilə biləcəyi fikri ön plana çəkilirdi.

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində torpaqların böyük hissəsi işğaldan azad edildi. Buna baxmayaraq, həmin dövrdə də ATƏT-in Minsk qrupu və bəzi Qərb institutları müxtəlif platformalar vasitəsilə Azərbaycana qarşı təzyiqləri artırmağa çalışırdı. Bu, xüsusilə Avropa Parlamenti və ayrı-ayrı Avropa institutlarının qəbul etdiyi qətnamələrdə açıq şəkildə hiss olunurdu".

Deputat qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan xalqı və Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqları işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququn təmin olunmasına da nail oldu: 

"Beləliklə, həm Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni faktiki olaraq Azərbaycan icra etdi. Bununla yanaşı, dünyanın bir sıra mütərəqqi qüvvələri də Azərbaycanın haqq işinə dəstək verdi.

Sonrakı proseslər göstərdi ki, ATƏT-in Minsk qrupu uzun illər destruktiv və nəticəsiz siyasət yürüdüb. Hətta bəzi hallarda Ermənistanda aktiv olan revanşist qüvvələrin yaratdığı hərbi təxribatlara da göz yumulduğu müşahidə edilirdi. Nəticədə, 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalar çərçivəsində ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması və onun tarixə qovuşdurulması ilə bağlı razılıq əldə olundu.

Lakin bununla yanaşı, xüsusilə Avropa İttifaqı müxtəlif mexanizmlər vasitəsilə Ermənistandakı proseslərə təsir göstərməyə davam edir. “Müşahidəçi missiyası” adı altında bölgəyə yerləşdirilən missiyanın fəaliyyətinin rəsmi məqsədi təhlükələrin qarşısını almaq kimi təqdim olunub. Lakin reallıqda bunun Ermənistan üzərində geostrateji təsir imkanlarını genişləndirməyə hesablandığı qeyd olunur".

Müsahibimizin sözlərinə görə əvvəlki dövrlərdə Ermənistan daha çox Rusiyanın forpostu kimi çıxış edirdisə, hazırkı mərhələdə Avropa İttifaqının maraqlarına xidmət edən təsir dairəsinə çevrilib:

"Halbuki bölgədə dayanıqlı sülh və inkişaf məqsəd qoyulursa, Qərb institutları Ermənistan xalqının maraqlarına uyğun siyasət həyata keçirməli, onu yeni risk və qarşıdurmalardan uzaq tutmalıdır. Azərbaycan isə 44 günlük Vətən müharibəsində qalib tərəf olmaqla yanaşı, əməkdaşlığa və sülhə açıq olduğunu da nümayiş etdirdi. Bu gün regionda kommunikasiyaların açılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində təşəbbüslər irəli sürülür. Bunun əksinə olaraq, bəzi Qərb institutlarının fəaliyyəti bölgədə yeni gərginlik riskləri yaradan amil kimi qiymətləndirilir. Beləliklə, ATƏT-in Minsk qrupu formal olaraq tarixə qovuşsa da, onun siyasətinin müəyyən elementlərinin yeni mexanizmlər vasitəsilə davam etdirildiyi və bunun region üçün əlavə təhlükələr yaratdığı qeyd olunur".