- “Ermənistanın NATO standartlarına keçidi təkcə salamlaşma deyil
Ermənistanın son dövrlərdə ordu və təhlükəsizlik sektorunda həyata keçirdiyi dəyişikliklər ölkənin hərbi əməkdaşlıq istiqamətlərində müəyyən dönüşlərin baş verdiyini göstərir. İrəvan bir tərəfdən Rusiya ilə mövcud hərbi əlaqələrini davam etdirərkən, digər tərəfdən NATO və Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığını genişləndirir. Bu proses çərçivəsində hərbi standartlardan tutmuş təlim, idarəetmə və müdafiə qabiliyyətinin inkişafına qədər müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Belə ki, Ermənistan ordusunda hərbi salamlaşmada NATO standartlarının tətbiqi müzakirə olunur.
Hərbi ekspert Elxan Şıxəliyev Sherg.az-a Ermənistan ordusunun NATO standartlarına yaxınlaşmasının Rusiyadan hərbi-siyasi asılılığı azaltmaq istiqamətində atılan addımlardan biri olduğunu deyib:

"Amma təkcə hərbi salamlaşma qaydasına əsasən “Ermənistan Rusiyadan tam ayrılır” nəticəsinə gəlmək düzgün olmazdı.
İrəvan artıq bir neçə ildir NATO ilə əməkdaşlıq edir. Belə ki, NATO ilə əməkdaşlıq 1994-cü ildən “Partnership for Peace” proqramı çərçivəsində davam edir. Ermənistan NATO-nun Kosovo missiyasına da iştirakçıdır.
Burada əsas məsələ salamlaşma deyil,
Hərbi salamlaşmanın forması simvolik və intizam xarakterli dəyişiklikdir. Əsas dəyişikliklər başqa sahələrdə baş verir: Birincisi, hərbi təhsil və təlim sisteminin NATO/EU standartlarına uyğunlaşdırılmasıdır. İkincisi, Qərb ölkələri ilə birgə təlimlərin genişləndirilməsisidir. Üçüncüsü, ordunun idarəetmə və qərarvermə mexanizmlərinin dəyişdirilməsidir.
Dördüncüsü, müdafiə logistikasının və standartlaşdırmanın yenilənməsidir. Beşincisi, Rusiya silahlarından və hərbi-texniki asılılıqdan tədricən uzaqlaşmaqdır. Altıncısı isə Avropa İttifaqı ilə təhlükəsizlik əməkdaşlığının gücləndirilməsidir".
Ekspert xatırladıb ki, 2026-cı ildə Aİ Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi və Aİ standartlarına uyğunlaşmanın artırılması üçün Avropa Sülh Fondu çərçivəsində yeni yardım mexanizmi yaradıb:
"Ermənistan-Aİ təhlükəsizlik və müdafiə məsləhətləşmələrində isə təhlükəsizlik sektorunun islahatı, hərbi təhsil və hibrid təhdidlərə qarşı hazırlıq məsələləri müzakirə olunub.
Mən bunu daha çox “Rusiya mərkəzli təhlükəsizlik modelindən çoxvektorlu və Qərbə daha açıq modelə keçid” kimi qiymətləndirərdim.
Burada Ermənistanın qarşısında üç mərhələ var: Simvolik mərhələ- Uniforma, hərbi mərasimlər, salamlaşma, terminologiya və təlim metodları dəyişir. İnstitusional mərhələ- Hərbi təhsil, komanda-idarəetmə, logistika, standartlar və NATO/Aİ ilə interoperabellik artır. Strateji mərhələ- Əgər Ermənistan gələcəkdə silahlanma, kəşfiyyat, rabitə, hava hücumundan müdafiə və digər əsas sahələrdə Rusiya sistemlərindən ciddi şəkildə uzaqlaşarsa, onda artıq real hərbi-strateji ayrılmadan danışmaq mümkün olacaq.
Hazırda Ermənistan birinci və ikinci mərhələnin arasında hərəkət edir".
Mütəxəsis Azərbaycanın diqqət etməli olduğu məqamlardan da danışıb:
"Bu proses Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki Ermənistanın ordusunun Qərb standartlarına uyğunlaşdırılması avtomatik olaraq onun daha güclü orduya çevrilməsi demək deyil, amma peşəkarlıq, kəşfiyyat, rabitə, logistika və komanda-idarəetmə baxımından keyfiyyət dəyişiklikləri yarada bilər. Üstəlik, Ermənistanın Qərbə yönəlməsi artıq yalnız NATO məsələsi deyil. Aİ ilə təhlükəsizlik əməkdaşlığı da dərinləşir. Aİ 2026-cı ildə Ermənistanın müdafiə imkanlarının artırılmasını və Aİ missiyalarında iştirak qabiliyyətinin inkişafını açıq şəkildə dəstəkləyir. Nəticə ehtibarı ilə Ermənistanın bu yanaşmalarını onun ordusunun Rusiyanın hərbi sistemindən məsafələndirilməsi və Qərb hərbi standartlarına uyğunlaşdırılması prosesinin daha bir kiçik göstəricisi kimi qiymətləndirmək doğru olardı".