- Həşim Səhrablı: “İrəvanın geosiyasi qumarı strateji iflasla nəticələnəcək”
- “Aİ Ermənistanı da illərlə qapıda saxlayacaq”
- “Kreml Paşinyanı geri addım atmağa məcbur etməyə çalışır”
Ermənistan və Rusiya münasibətləri gün keçdikcə daha kəskin xarakter alır. Tərəflər bir-birlərini təhqir etməkdən də çəkinmirlər. Ermənistan hökuməti Rusiyanın çətiri altında olan regional təşkilat və bloklardan çıxmağı strateji hədəf kimi müəyyənləşdirib.
Baş nazir Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarılacağı təqdirdə, çox xoşbəxt olacağını söyləyib. Rusiya və Ermənistan rəsmiləri arasında sərtləşən ritorika informasiya məkanını müharibə meydanına çevirib. Moskvadan İrəvana növbəti sərt xəbərdarlıq gəlib. Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Paşinyanın kursunu hədəf alaraq, Ermənistanın Avropa İttifaqına üzvlüyünün xülya olduğunu və bu siyasətin Rusiya ilə ipləri birdəfəlik qoparacağını bəyan edib. Diplomat hətta Paşinyan hökümətini donuza bənzədib. D.Medvedev onu da qeyd edib ki, Ermənistanın Avropayönümlü siyasəti Rusiya və digər Avrasiya İqtisadi Birliyi ölkələri ilə münasibətlərinə birdəfəlik xələl gətirəcək.
Mövzu ilə bağlı hərbi-siyasi eskpert Həşim Səhrablı Sherg.az-a bildirib ki, D.Medvedevin təhqiramiz leksikonunu nəzərə almasaq, onun irəli sürdüyü bəzi fikirlərdə həqiqət payı var:
“Reallıq budur ki, Avropa İttifaqı müxtəlif ölkələrə tamhüquqlu üzvlük və ya xüsusi imtiyazlar adı altında içi boş vədlər verir. Brüsselin “cəlbedici” diplomatik təklifləri, dövlətləri tərəfinə çəkmək və öz geosiyasi iradəsini diktə etmək məqsədi daşıyır. Nəticədə verilən vədlər yerinə yetirilmir. Əksinə, süni arqumentlər və ağır şərtlər irəli sürülür. Açıq-aşkar görünür ki, bu maneələr mahiyyət etibarilə, həmin ölkələrin ittifaqa üzvlüyünü ləngitmək və vəd edilən imtiyazların verilməsini bloklamaq üçün öncədən düşünülmüş mexanizmlərdir. Oxşar taleyi Ermənistan da yaşayacaq. Fərz edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və Avrasiya İqtisadi İttifaqını tərk edərək, Avropa İttifaqına inteqrasiya yolunu seçdi. Bəs bundan sonra nə baş verəcək? Aİ rəsmiləri insan hüquqları, hüquqi standartlar və Ermənistanın daxili siyasi reallıqlarını bəhanə edib, üzvlük prosesini yubatmaq taktikasını seçəcəklər. Nəticə etibarilə, Ermənistan Rusiya kimi nəhəng müttəfiqini itirmiş olacaq. Əvəzində isə Qərbə inteqrasiya və Aİ-yə üzvlük xülyaları reallaşmayacaq”.
Ekspertin sözlərinə görə, İrəvanın riskli geosiyasi qumarı strateji iflas və acı reallıqla yekunlaşacaq:
“Ancaq bu reallıq nə D.Medvedevə, nə də başqa siyasi xadimə xalq tərəfindən seçilmiş Paşinyan hökümətini təhqir etməyə haqq qazandırmır. Ermənistan suveren dövlətdir. İstər Avropa İttifaqına inteqrasiya yolunu tutar, istərsə də Rusiya ilə öhdəliklərə son qoyar. Moskvanın hüquqi müstəvidə həyata keçirə biləcəyi əks-tədbirlərin çərçivəsi bəllidir: Ermənistan ilə ticarət əlaqələrini sivil qaydada dayandıra, diplomatik münasibətləri dondura, iqtisadi və digər sferalardakı birgə layihələri ləğv edə bilər. Lakin “Ermənistana həddini bildirəcəyik”, “dərs verəcəyik” kimi hədələyici ritorika rəsmi Moskvanın sivil diplomatiyadan uzaqlaşaraq, imperial və təcavüzkar niyyət nümayiş etdirdiyinin göstəricisidir. D.Medvedevin təhqiramiz ifadələri sadəcə xəbərdarlıq xarakteri daşıyır. O, bu cür bəyanatlarla Kremlin Ermənistan üzərindəki rıçaqlarını xatırladır və Paşinyan hakimiyyətini geri addım atmağa məcbur etməyə çalışır”.
H. Səhrablı Ermənistanın KTMT-dən ayrılacağı təqdirdə əldə edəcəyi imkanlara diqqət çəkib:
“KTMT-dən ayrılmaq, Ermənistana ordu quruculuğunda və hərbi-texniki sahədə fərqli ölkələrlə əməkdaşlığı daha rahat inkişaf etdirmək üçün üstünlük qazandıra bilər. Çünki KTMT formal olaraq işlək mexanizmə sahib deyil. Rusiya təşkilata daxil üzv ölkələri özündən asılı vəziyyətdə saxlamaq istəyir. Müttəfiqləri isə bu diktəni qəbul etmir. Əslində, Rusiyanın KTMT-ni qurmaqda məqsədi onu işlək təşkilata çevirmək idi. Lakin rəsmi Moskvanın təcavüzkar və dominant siyasəti, eləcə də beynəlxalq aləmdə yaşanan geosiyasi dəyişikliklər blokun fəaliyyətsiz quruma çevrilməsinə səbəb oldu. Bu mənada, KTMT-dən ayrılmaq Ermənistan (və Rusiya xaricindəki digər üzvlər) üçün lüzumsuz yükdən azad olmaq deməkdir”.