- Alternativ bazarlara qapılar açılacaq və Ermənistanın iqtisadi mənzərəsi dəyişəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülhün əldə olunduğunu, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində isə ciddi irəliləyişin qeydə alındığını bəyan edib. Nazir hesab edir ki, Ermənistan-Türkiyə sərhədinin açılması artıq yaxın perspektivdə mümkün ola bilər. Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı Azərbaycanla sülh prosesinə toxunaraq bildirib ki, tərəflər arasında sülh mövcuddur, lakin yekun nəticəyə nail olmaq üçün hələ bir neçə addım atılmalıdır.
Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesindən danışan nazir sərhədin hələ də bağlı qaldığını, buna baxmayaraq, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini vurğulayıb: “Biz Türkiyə ilə münasibətlərimizi normallaşdırırıq. Sərhəd hələ bağlıdır, amma düşünürəm ki, proses artıq xeyli irəliləyib və tamamilə mümkündür ki, sabah səhər oyanıb xəbərlərdə “Ermənistan-Türkiyə sərhədi açılıb” başlığını görək”.
Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə ilə sərhədin açılmasının yaxın zamanda mümkünlüyü barədə açıqlaması normallaşma prosesində müəyyən irəliləyişin olduğunu göstərir. Onun sözlərinə görə, sərhədin açılması istiqamətində işlər davam edir, lakin prosesin yekunlaşması üçün hələ bir sıra məsələlər həllini tapmalıdır.
Politoloq qeyd edib ki, Ermənistan tərəfi bu istiqamətdə hazırlıqları yekunlaşdırmağa çalışır, Türkiyə tərəfindən isə sərhədin açılması üçün müəyyən işlər görülməlidir:
“Sərhədin açılması regionda yeni siyasi və iqtisadi reallıqlar yarada, ölkələr arasında nəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə şərait yarada bilər. Bu proses Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlərin artması fonunda Türkiyə ilə sərhədin açılması İrəvana alternativ bazarlara çıxış imkanları qazandıra bilər. Türkiyə üzərindən Avropa bazarlarına və Aralıq dənizinə çıxış əldə etmək Ermənistanın iqtisadi maraqlarına uyğundur”.
Ekspertin fikrincə, sərhədin açılması yalnız Ermənistanın deyil, Azərbaycanın da maraqlarına cavab verir:
“Bu, Azərbaycan–Ermənistan və Azərbaycan–Türkiyə əlaqələrinin inkişafına, regional nəqliyyat marşrutlarının genişlənməsinə, eləcə də Orta Dəhlizin imkanlarının və səmərəliliyinin artırılmasına töhfə verə bilər. Prosesin sürətlənməsi üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və Ermənistan Konstitusiyası ilə bağlı məsələlərin həlli mühüm əhəmiyyət daşıyır. Bu məsələlərdə irəliləyiş əldə olunarsa, Türkiyə–Ermənistan sərhədinin açılması daha real perspektivə çevrilə bilər”.