Ermənistanın ən böyük qorxusu - qaz, ticarət və miqrasiya böhranı qapıdadır
İyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca Rusiya ilə Ermənistan arasında münasibətlər daha da gərginləşir. Moskva və İrəvan arasında siyasi qarşıdurma fonunda iqtisadi təzyiq elementləri də artmağa başlayıb. Rusiya rəhbərliyi açıq şəkildə bəyan edir ki, Ermənistanın bir tərəfdən Avrasiya İqtisadi İttifaqının yaratdığı iqtisadi üstünlüklərdən yararlanması, digər tərəfdən isə Avropa İttifaqına inteqrasiya siyasəti yürütməsi qəbuledilməzdir.
Prezident Vladimir Putinin Ermənistanın Aİİ-dən uzaqlaşacağı təqdirdə enerji daşıyıcılarının qiymətinin artırılacağı və erməni məhsullarının əsas ixrac bazarlarını itirə biləcəyi barədə açıqlamaları da bu təzyiqin praktik müstəviyə keçə biləcəyindən xəbər verir. Putin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrdə tətbiq olunan fitosanitar normaların Avropa İttifaqındakı qaydalardan daha sərt olduğunu bildirib:"Bu məhsullar hara gedəcək? Məsələn, həmin şərab İspaniyaya, Fransaya, İtaliyaya, yoxsa Portuqaliyaya satılacaq? Bu barədə düşünmək lazımdır". Putin həmçinin bəyan edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacağı halda Rusiya bu ölkəyə enerji daşıyıcılarının qiymətini artıracaq.
Maraqlıdır, Rusiya bazarını və Aİİ məkanının imtiyazlarını itirmək Ermənistan iqtisadiyyatı üçün nə vəd edir?
Mövzunu şərh edən iqtisadçı Eldəniz Əmirov Sherg.az-a bildirib ki, Rusiya-Ermənistan münasibətlərində yaranan gərginlik təkcə siyasi deyil, həm də ciddi iqtisadi nəticələr vəd edir. Onun sözlərinə görə, Moskvanın İrəvana göndərdiyi mesajlar Ermənistanın mövcud iqtisadi modelinin dəyişməsinə səbəb ola biləcək risklər yaradır: 
“Rusiya Ermənistan məhsullarına müxtəlif məhdudiyyətlərin tətbiqi, enerji daşıyıcıları üzrə güzəştlərin ləğvi, miqrasiya siyasətinin sərtləşdirilməsi və Avrasiya İqtisadi İttifaqı çərçivəsində mövcud olan gömrük üstünlüklərinin itirilə biləcəyi ilə bağlı siqnallar verməklə seçkiqabağı dövrdə İrəvana ciddi təzyiq göstərir. Ermənistan üçün yaranan risklərin miqyası kifayət qədər böyükdür. Ölkə iqtisadiyyatının bir çox istiqamətləri hələ də Rusiya ilə sıx bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2025-ci ildə Ermənistanın qaz idxalının 82 faizi Rusiyanın payına düşüb. Hazırda Rusiya qazı Ermənistana min kubmetr üçün 177,5 dollar qiymətinə satılır ki, bu da dünya bazarındakı qiymətlərlə müqayisədə daha əlverişli şərtlər hesab olunur. Buna görə də enerji məsələsi Ermənistan iqtisadiyyatının ən həssas və strateji sahələrindən biridir. Bu sahədə baş verəcək hər hansı qiymət artımı həm istehsal xərclərinə, həm əhalinin sosial vəziyyətinə, həm də ölkənin ümumi iqtisadi sabitliyinə birbaşa təsir göstərə bilər.
Ticarət sahəsində də asılılıq yüksək olaraq qalır. 2025-ci ildə Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi 7,7 milyard dollar təşkil edib. Bu göstərici Ermənistanın xarici ticarətinin 35,5 faizinə bərabər olub. Başqa sözlə, Rusiya hələ də Ermənistanın ən böyük iqtisadi tərəfdaşıdır.
Miqrasiya məsələsi də xırda məsələ deyil. Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistan vətəndaşları Rusiyada əlavə iş icazəsi almadan çalışa bilirlər. Bu rejimin dəyişməsi Rusiyada yaşayan və işləyən ermənilər üçün həm gəlir, həm sosial təminat, həm də hüquqi status baxımından yeni risklər yaradacaq. Bu da Ermənistan üçün ciddi iqtisadi itki ola bilər.
Məsələyə Rusiya prizmasında baxanda da heç də yaxşı görünmür. Çünki məsələ təkcə Ermənistan məsələsi deyil. Ermənistanın Rusiyanın iqtisadi orbitindən uzaqlaşması Moskva üçün Cənubi Qafqazda daha geniş təsir itkisi deməkdir. Gürcüstan uzun illərdir Rusiya inteqrasiya layihələrindən kənardadır. Azərbaycan isə balanslı və müstəqil regional siyasət aparır. Bu baxımdan Ermənistanın da uzaqlaşması Rusiyanın regiondakı iqtisadi və siyasi təsir imkanlarının daha da zəifləməsi kimi qiymətləndirilir.
Bununla yanaşı, orta və uzun müddətdə Ermənistan üçün yeni imkanlar da yarana bilir.
Əgər Azərbaycan ilə münasibətlər tam normallaşsa, Türkiyə ilə sərhədlər açılsa və regional kommunikasiya xətləri tam işlək vəziyyətə gəlsə, Ermənistan ilk dəfə olaraq qapalı iqtisadi modeldən regional tranzit modelinə keçmək şansı əldə edə bilər. Türkiyə bazarına çıxış logistika xərclərini azalda, ixrac imkanlarını genişləndirə və xarici investorlar üçün Ermənistanın cəlbediciliyini artıra bilər”.
E. Əmirovun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı ilə inteqrasiya istiqamətində atdığı addımlar da getdikcə intensivləşir və bu proses uzunmüddətli perspektivdə ölkənin iqtisadi strukturuna təsir göstərə bilər: “Hazırda Ermənistanla Avropa İttifaqı arasında vizasız gediş-gəliş rejiminin tətbiqi istiqamətində danışıqlar davam edir. Viza liberallaşdırılması üzrə fəaliyyət planının təqdim olunması və bu sahədə ilk irəliləyiş hesabatının açıqlanması İrəvanın Avropa ilə yaxınlaşma kursunun praktiki mərhələyə keçdiyini göstərir. Əgər islahatlar davam etdirilərsə, gələcəkdə Ermənistan vətəndaşlarının Şengen məkanına vizasız səfər imkanları əldə etməsi mümkündür. Bu isə təhsil, biznes, turizm və əmək bazarı baxımından yeni imkanlar yarada, insan kapitalının hərəkətliliyini artıra bilər”.
İqtisadçı vurğulayıb ki, Avropa İttifaqı Ermənistanın iqtisadi inkişafına dəstək vermək üçün geniş maliyyə paketləri də nəzərdən keçirir: “Avropa İttifaqının Ermənistan üçün nəzərdə tutduğu investisiya və inkişaf proqramları ölkənin iqtisadi transformasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Enerji, nəqliyyat, rəqəmsal infrastruktur və biznes mühitinin inkişafına yönələn layihələr iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər. Lakin burada əsas məqam odur ki, Avropa ilə inteqrasiyanın verə biləcəyi faydalar daha çox orta və uzunmüddətli perspektivdə özünü göstərəcək. Ermənistan isə hazırda enerji, ticarət və əmək miqrasiyası baxımından Rusiyadan ciddi şəkildə asılıdır. Buna görə də Rusiya bazarının və mövcud iqtisadi güzəştlərin qısa müddətdə itirilməsi ölkə iqtisadiyyatı üçün əhəmiyyətli çətinliklər yarada bilər. Yəni Ermənistan üçün əsas məsələ Qərbə inteqrasiyanın potensial üstünlükləri ilə Rusiyadan uzaqlaşmanın yarada biləcəyi iqtisadi risklər arasında balansı qorumaqdır. İlk 1-2 il Ermənistan üçün daha mürəkkəb adaptasiya mərhələsi olacaq. Ticarət axınlarının dəyişməsi, yeni logistika marşrutlarının formalaşması, texniki standartların uyğunlaşdırılması, enerji alternativlərinin yaradılması və investor etimadının formalaşması zaman tələb edir. Əsas iqtisadi nəticələrin daha çox 3-5 illik dövrdə görünməsi ehtimalı yüksəkdir. Bununla belə, Rusiyanın Ermənistana qarşı ən sərt qaz təzyiqinə gedəcəyini düşünmürəm. Belə addım Ermənistan cəmiyyətində Rusiyaya münasibəti daha da pisləşdirə və Moskvanın onsuz da zəifləyən təsir imkanlarını sürətlə azalda bilər. Üstəlik, Rusiya üçün qaz satışı baxımından daha bir bazarın itirilməsi də əlavə iqtisadi yük yaradar. Bu səbəbdən daha real görünən ssenari mərhələli təzyiq modelidir. Məhsul idxalına məhdudiyyətlər, siyasi mesajlar, miqrasiya ilə bağlı siqnallar və enerji güzəştlərinin mütəmadi şəkildə gündəmə gətirilməsi Moskva üçün daha çevik alətlər hesab olunur. Bu tip alətlərin üstünlüyü ondadır ki, onları istənilən vaxt yumşaltmaq və ya dayandırmaq mümkündür”.
İqtisadçı qeyd edib ki, Ermənistanın iqtisadiyyatında uzun illər ərzində formalaşmış Rusiya asılılığını qısa müddətdə aradan qaldırmaq mümkün deyil. Bu səbəbdən yaxın perspektivdə ölkə iqtisadiyyatının müəyyən sarsıntılarla üzləşməsi ehtimalı yüksəkdir: “ÜDM artım tempinin zəifləməsi, bəzi sahələrdə istehsalın azalması, əhali gəlirlərinin aşağı düşməsi, investisiyalarda qeyri-müəyyənliyin yaranması və işsizlik riskinin artması mümkün ssenarilər sırasındadır. Lakin orta və uzunmüddətli perspektivdən baxanda mən bu prosesi Ermənistan üçün daha çox müsbət istiqamətli addım hesab edirəm. Əgər Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşarsa, regional kommunikasiyalar açılarsa və Avropa bazarları ilə inteqrasiya dərinləşərsə, Ermənistan daha geniş bazarlara çıxış əldə edə, investisiya cəlbediciliyini artıra, iqtisadiyyatını şaxələndirə və bir iqtisadi mərkəzdən asılılığını əhəmiyyətli dərəcədə azalda bilər. Bu isə uzun müddətdə daha dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi model formalaşdırmaq imkanı yaradar”.