- Natiq Miri: “Ermənistan cəmiyyətinin böyük əksəriyyəti Avropaya inteqrasiyadan yana fikir ortalığa qoyublar”
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin siyasi kursunu izah etmək üçün quş haqqında alleqoriya danışıb.
Məzuniyyətdə olan Paşinyan sosial şəbəkə hesabında paylaşdığı videoda qapalı məkana düşən kiçik quşun saatlarla şüşəyə çırpılaraq çıxış yolu axtardığını göstərib.
Baş nazir bildirib ki, quşun xilas yolu şüşəyə çırpılmaq deyil, yaxınlıqdakı açıq qapını tapmaqdır.
Paşinyanın sözlərinə görə, bu alleqoriya Ermənistanın keçdiyi tarixi yol və gələcək seçimi ilə bağlı mesaj daşıyır. Nikol Paşinyanın Ermənistanın siyasi kursunu quş alleqoriyası ilə izah etməsi sosial şəbəkələrdə əsas gündəm mövzusudur.
Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında bildirib ki, azadlıq üçün olmazsa olmaz olan şərt sülhdür:
“Bəzən həqiqətlər məcazi formasında bildirilir ki, insanlar real vəziyyəti daha doğru anlaya bilsinlər. Bu, şüura təlqin etmə formalarından biridir. Bunun əqli olanlar anlayır. Anlayanlar da anlamayanlara anladır. Bu baxımdan bütün təhlükə və risk amillərini, geosiyasi amilləri nəzərə alaraq bəzən fikirlər bu cür məcazi formasında təqdim olunur. Ancaq bunun içərisində də çox ciddi mesajlar var. Mesaj ondan ibarətdir ki, Ermənistan cəmiyyəti azadlıq istəyir. Ancaq, "Qarabağ klanı"nın dövründə, yəni Levon Ter-Petrosyandan başlayaraq, son "Qarabağ klanı"nın nümayəndəsi Sarkisyanın devrilməsinə qədər azadlıq istəyən bir xalq qəfəsdə olan quşa bənzədilir. Qəfəsdə olan quş nə qədər azadlıq istəmiş olsa da və bununla fədakarlıq edərək özünü qəfəsin divarlarına çırpsa da, qapalı bir mühitdə heç bir konkret nəticə əldə edə bilmir. Hər çırpınanda növbəti zərbələr almaqla və əzilməklə öz talehini yaşamağa məcbur olur. Digər tərəfdən azadlıq istəyən quş üçün bir nəfəslik, bir qapı açıldığına da işarə edir. Bu, əlbəttə ki, sülh qapısıdır. Azadlıq üçün olmazsa olmaz olan şərt sülhdür və bu azadlıq qapısı Türkiyə vasitəsilə Avropaya açılan pəncərədir".
N. Miri daha sonra qeyd edir ki, ona görə də Azərbaycan və Türkiyə ilə sülh və dostluq münasibətləri çərçivəsində bu qəfəsdən qurtulmağın yeganə yol olduğunu Ermənistan cəmiyyətinə və bütün dünyaya bildirilir:
"Bunun Ermənistan cəmiyyətində də müəyyən qarşılığı var. Ən azından parlament seçkilərində xalqın əksəriyyətinin sülhdən yana olduğu təsbit olundu. Sadəcə bu prosesi davam etdirmək və institutlaşdırmağa ehtiyac var. İstər sülh prosesi, istər qonşu ölkələrlə normal münasibətləri tənzimləmək və nəhayət Avropaya inteqrasiya prosesini sürətləndirmək. Düşünürəm ki, cəmiyyət bunu müsbət qarşılayacaq. Ermənistan cəmiyyətinin böyük əksəriyyəti Avropaya inteqrasiyadan yana fikir ortalığa qoyublar. Parlament seçkilərində də xalq qarşısında seçimlər bunlardan ibarət idi: Rusiyamı? Avropamı? Xalq Rusiya deyil, Avropanı seçdi və Avropaya inteqrasiya üçün pəncərənin haradan keçdiyi mesajı da açıq şəkildə cəmiyyətə verilir. Dolayısıyla bu, türk düşmənliyinin erməni ictimai şüurundan tədricən yox olmasına yönəlik təbliğat yönüdür. Çünki, əgər pəncərə , azadlıqdan çıxma imkanı Azərbaycan və Türkiyə ilə münasibətlərdən və sülhdən keçirsə, deməli bu günə qədər türkü düşmən kimi tanıtmaq siyasətinin yanlış olduğu ortaya qoyulur.”
Paşa Nuru