Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?

Rusiya Ermənistanın dəmir yollarının idarə olunmasına dair konsessiya sazişinin gələcəyini müzakirə etməyib. Tərəflər əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Sherg.az xəbər verir ki, bunu “Rusiya Dəmir Yolları” şirkətinin baş direktoru Oleq Belozerov İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra “Sputnik Ermənistan”a açıqlamasında bildirib.

“RİA Novosti”nin məlumatına görə, Belozerov konsessiya sazişinin qüvvədə saxlanılması və ya ləğvi məsələsinin müzakirə olunmadığını vurğulayıb.

O, Türkiyə və Azərbaycanla sərhədlərdə dəmir yolu xətlərinin bərpası məsələsinə münasibət bildirməyib və bu barədə Ermənistan tərəfinin daha ətraflı açıqlama verəcəyini deyib.

Qeyd edək ki, Ermənistanın dəmir yollarının idarə edilməsinə dair Rusiya konsessiyasının yenidən nəzərdən keçirilməsi məsələsi regionda nəqliyyat marşrutlarının bərpası planları fonunda gündəmə gəlib.

Paşinyan daha əvvəl Ermənistanın tranzit imkanlarından, o cümlədən ABŞ-nin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsindən yararlanmaq niyyətini açıqlayıb. O, həmçinin Rusiya şirkətinin idarəçiliyində olan dəmir yollarının beynəlxalq biznes üçün problem yaratdığını iddia edərək, konsessiyanın Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər kimi üçüncü ölkəyə verilməsi ehtimalını gündəmə gətirib.

Rusiya tərəfi isə indiyədək konsessiyanın Qazaxıstana verilməsi ilə bağlı danışıqlar aparılmadığını bildirib.