Güclü Türkiyə Güney Azərbaycan üçün olduqca mühüm rol oynayacaq

İnamlı, inanclıyıq

  Güney Azərbaycan Cümhuriyyət Partiyası Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Ərdoğana təbrik məktubu ünvanlayıb. Məktubda Türkiyə Cümhuriyyətinin azadlığı üçün mübarizə aparan 40 milyondan çox Güney Azərbaycan xalqının böyük ümidi olduğu vurğulanıb. Qeyd olunub ki, Türkiyə Ərdoğanın rəhbərliyi altında uğurlu idarəçiliyi ilə türk xalqlarının və dövlətlərinin sevincinə və qüruruna çevrilib, dünya dövlətləri arasında hörmətli mövqe qazanıb: "Güney Azərbaycan türkləri Türkiyə Cümhuriyyətinin yaxın gələcəkdə bölgə xalqlarına və türk dövlətlərinə birlik və bütünlük təmin edən bir gücə çevriləcəyinə inanır. Türkiyə Cümhuriyyəti bu güclə bölgədə daimi sülh və əmin-amanlığı təmin edən lider dövlət rolunu daim qoruyacaq. Sizin bir vaxtlar ifadə etdiyiniz kimi, Türkiyə məzlum və çarəsizlərin ümid qapısıdır. Bu səbəbdən, Türkiyə Cümhuriyyətinə olan etibarımızda yanılmadığımızı və cümhuriyyətimizin daim yaşayacağına sonsuz inamımız olduğunu bildirmək istərdik".
  AMEA-nın əməkdaşı, Bütöv Azərbaycan Ocaqlarının təmsilçisi, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə Cümhuriyyətinin 100 illiyi bütün türk xalqları, türk dövlətləri üçün çox önəmlidir. Alimin sözlərinə görə, eyni zamanda Azərbaycanımızın güneyi üçün də olduqca önəmli məsələdir: "Güney Azərbaycan Cümhuriyyət Partiyasının Cümhuriyyət günü ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanlanması da çox anlamlıdır. Türkiyə rəhbərliyi Azərbaycanın yalnız quzeyini deyil, Azərbaycanın güneyini də çox yaxşı bilirlər, tanıyırlar. Daha yaxşı anlayırlar ki, İran adlandırılan yerdə Azərbaycanın güneyi var, türkmənlər var. Güclü Türkiyə güclü Azərbaycan deməkdir. Eyni zamanda güclü Türkiyə Azərbaycanın güneyi üçün də olduqca önəmlidir. Güney Azərbaycanın bu günü və gələcəyi ilə də bağlı Türkiyə olduqca mühüm rol oynaya bilər. Azərbaycanın Güney və Quzeyinin birliyi və diriliyi məhz Türkiyəmizlə birgə irəliləməkdən asılıdır. Əlbəttə, bu məsələdə əsas dayaq Azərbaycanın özüdür. Bakı, Gəncə, Naxçıvan həm də Təbriz, Xoy, Mərənd, Həmədan, Zəncan deməkdir. Güney Azərbaycanın azadlığı üçün hamımız birgə mübarizə aparırıq və aparacağıq".
F.Ələkbərli vurğulayıb ki, Azərbaycan və Türkiyə müttəfiqliyi, yeni və milli ruhlu, güclü Türkiyə Güney Azərbaycan üçün olduqca mühüm rol oynayacaq: "Bütöv Azərbaycan Ocaqları olaraq biz bu məsələlərdə inamlı, inanclıyıq. Türkiyə Dövlətlər Təşkilatının birliyi və güclənməsi də Azərbaycanımızın güneyinin azadlığını sürətləndirir. Çox yaxın zamanlarda Azərbaycanın üçrəngli bayrağı Təbrizdə, Xoyda, Urmuda, Makuda dalğanacaq. Bu məsələdə xeyli məsafə qət etmişik. İnşallah, yaxın zamanlarda bunların bəhrəsini görəcəyik".