“ABŞ və İran arasında dolayı danışıqlar həlledici mərhələyə keçib”
Yaxın Şərq ətrafında gərginliklə bağlı müxtəlif iddialar və siyasi bəyanatlar diqqət mərkəzindədir. Xüsusilə Donald Tramp və digər siyasi fiqurların açıqlamaları prosesin daha da gərgin görünməsinə səbəb olur. Lakin eyni zamanda diplomatik kanalların tam bağlanmaması və dolayı ünsiyyət mexanizmlərinin davam etməsi vəziyyətin fərqli istiqamətdə də inkişaf edə biləcəyini göstərir.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a bildirib ki, həm informasiya axınına, həm kütləvi informasiya vasitələrinə, həm də Donald Trampın bəzi təzadlı açıqlamalarına diqqət yetirəndə müharibənin qızışmaq üzrə olduğu görünür:
"Lakin başqa prizmadan baxanda mümkündür ki, müharibə qızışmasın. Çünki əslində faktlar və səbəblər müharibənin genişlənməyəcəyini demək olar ki, sübut edir. Sadəcə ritorika və danışıq üslubu vəziyyəti gərgin göstərir.
Hazırda tərəflər dolayı yollarla ünsiyyət qurur. Məsələn, ABŞ vasitəçilər üzərindən Pakistana təkliflər göndərir, İran isə cavablarını bildirir və geri ötürür. Bu hal artıq bir neçə dəfə təkrarlanıb. Son olaraq ABŞ-nin 14 bəndlik təklif paketi təqdim etdiyi deyilir və İran bunu araşdırır, öz mövqeyini hazırlayır.
Tramp bəzi addımları dayandırsa da, ümumi mühasirə siyasəti davam edir. Əvvəl belə hesab edirdilər ki, İran bir neçə gün və ya həftə ərzində təslim olacaq, neft ixracı dayanacaq və iqtisadi təzyiq nəticə verəcək. Amma bu baş vermədi.
İran müəyyən dərəcədə vəziyyəti idarə edə bildi. Bəzi tankerlər yenə də fəaliyyət göstərdi, alternativ yollar tapıldı. Bəzən gəmilərin saxlanıldığı iddia olunur, amma ümumilikdə İran həm dəniz, həm də quru yolları (dəmir yolu, Xəzər istiqaməti və s.) vasitəsilə müəyyən fəaliyyətini davam etdirir.
Bu səbəbdən ABŞ-nin istədiyi nəticənin tezliklə əldə olunacağı real görünmür".
Analitikin sözlərinə görə ehtimal olunur ki, dolayı danışıqlar müəyyən nəticə versin:
"İran əsas şərt kimi mühasirənin qaldırılmasını istəyir və təklif edir ki, əvvəlcə müəyyən müddət məsələn, bir ay normal iqtisadi əlaqələr bərpa olunsun, sonra digər məsələlər müzakirə edilsin.
Mətbuatda yayılan məlumatların bir hissəsi təsdiqlənmir və dezinformasiya da ola bilər. İran bir çox iddiaları rəsmi şəkildə qəbul etmir.
Digər tərəfdən, ABŞ daxilində də vəziyyət mürəkkəbdir. Tramp daxili təzyiqlərlə üzləşir, reytinqlər aşağı düşür, müharibəyə dəstək zəifdir və Konqresdə ciddi tənqidlər var. Seçkilərin yaxınlaşması da əlavə risk yaradır.
Bundan əlavə, qlobal bazarlarda, xüsusilə neft bazarında qeyri-sabitlik müşahidə olunur. Qiymətlər tez-tez dəyişir. ABŞ-da benzin qiymətləri də artıb. Hörmüz boğazı üzərindən yalnız enerji deyil, bir çox digər məhsulların daşınması da həyata keçirilir. Bu, qlobal iqtisadiyyata təsir edir.
Bu amilləri nəzərə alanda görünür ki, məsələ hərbi yox, daha çox siyasi yolla həll olunmalıdır. Davamlı danışıqlar və kompromis vacibdir. Çünki ultimatum və təhdidlər nəticə vermir.
İndiyə qədər nə ABŞ, nə də İsrail istədiklərinə tam nail ola bilməyib. ABŞ hərbi baxımdan güclü olsa da, İran da müqavimət göstərir. Müharibə nəticəsində İranda ciddi insan itkisi və dağıntılar olub, bu isə humanitar baxımdan ağır nəticələr doğurur".
Sabiq səfir vurğulayıb ki, beynəlxalq səviyyədə də bu addımlar birmənalı qarşılanmayıb:
"Bəzi ölkələr hücumların səbəblərinin kifayət qədər sübut olunmadığını bildirir.
Digər tərəfdən, İran diplomatik fəallığını artırır və Çin kimi ölkələrlə əlaqələri gücləndirir. ABŞ isə bu problemi həll etmədən digər böyük məsələlərdə uğur qazanmaqda çətinlik çəkir.
BMT Təhlükəsizlik Şurasında İran əleyhinə qətnamə təşəbbüsləri də var, amma Rusiya və Çin kimi ölkələrin veto ehtimalı yüksəkdir.
Ümumilikdə, dünya ictimai rəyində ABŞ-yə inamın müəyyən qədər azaldığı müşahidə olunur. Körfəz ölkələri də bu prosesdən gözlədikləri nəticəni əldə etmədiklərini görürlər.
Buna görə ehtimal etmək olar ki, davamlı hərbi eskalasiya ABŞ üçün də sərfəli deyil".
Müsahibimiz qeyd edib ki, təhdidlər səslənsə də, genişmiqyaslı müharibə və ya böyük bombardman ehtimalı aşağıdır:
"Çünki bunun nəticəsi qeyri-müəyyən və risklidir.
Nəticə olaraq, bu məsələnin həlli yalnız qarşılıqlı razılaşma ilə mümkündür. Danışıqlar birtərəfli diktə ilə yox, kompromis əsasında aparılmalıdır. Əks halda, heç bir tərəf istədiyinə nail ola bilməyəcək".