FT: Latviya Rusiyanın NATO üzərindəki üstünlüyünü açıqladı

Latviyanın Milli Silahlı Qüvvələrinin komandanı Kaspars Pudans Rusiyanın pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilən döyüş əməliyyatları sahəsində NATO ölkələrini qabaqladığını etiraf edib.

Sherg.az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Rusiyanın əsas üstünlüyü pilotsuz uçuş aparatlarını geniş miqyasda istehsal etmək və onları döyüş şəraitinin tələblərinə uyğun şəkildə qısa müddətdə təkmilləşdirmək qabiliyyətidir.

Məqalədə qeyd olunur ki, Moskva PUA-ların hazırlanması və tətbiqi sahəsində əldə etdiyi təcrübə sayəsində NATO ölkələri ilə müqayisədə daha çevik imkanlara malikdir.

Xatırladaq ki, may ayında NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanının müavini, britaniyalı aviasiya marşalı Con Strinqer alyans ölkələrinin Rusiyadan daha çox dron və artilleriya sursatı istehsal edə bilməyəcəyi təqdirdə ciddi problemlə üzləşəcəyini bildirmişdi.

Onun sözlərinə görə, NATO üzvü olan dövlətlər müdafiə sənayesinin istehsal gücünü artırmalı və yeni təhlükələrə uyğunlaşmalıdırlar.