Almaniyanın xarici işlər naziri Yohann Vadeful iyunun 4-də BMT Təhlükəsizlik Şurasının beş yeni qeyri-daimi üzvünün seçilməsi üzrə səsvermənin nəticələrini “acı məğlubiyyət” adlandırıb.
Sherg.az xəbər verir ki, Almaniya Avstriya və Portuqaliyaya uduzaraq tarixində ilk dəfə olaraq Təhlükəsizlik Şurasına seçilmək üçün tələb olunan səs sayını toplaya bilməyib.
Vadeful bildirib ki, Almaniyanın Ukraynaya verdiyi qəti dəstək bu nəticəyə təsir göstərib:
“Biz Ukraynanı qətiyyətlə dəstəkləyirik və Rusiya Təhlükəsizlik Şurasında belə bir səsin olmasını istəmir. Biz müəyyən məsələlərdə həmişə aydın mövqe sərgiləmişik və bu mövqelər bütün üzv dövlətlər tərəfindən bölüşülmür”, - deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, Berlinin İranla qarşıdurmada İsrailə verdiyi dəstək də Almaniyanın səs itirməsinə səbəb olub. O qeyd edib ki, Almaniya İsrail qarşısında tarixi məsuliyyət daşıyır.
Almaniya Təhlükəsizlik Şurasına seçilən ən yaxın namizəd olan Avstriyadan 27 səs geri qalıb. Belə ki, Almaniya 104, Avstriya isə 131 səs toplayıb.
Diplomat vurğulayıb ki, əldə olunan nəticəni təsadüfi hesab etmək olmaz.