- "Razılıq olmasa, dünya iqtisadiyyatını yeni şok gözləyir"
- "İran Hörmüzü geosiyasi üstünlüyə çevirmək istəyir"
Yaxın Şərqdə son dövrlər müşahidə olunan geosiyasi proseslər regionun təhlükəsizlik arxitekturası ilə yanaşı, qlobal iqtisadi və enerji sisteminə təsir edə biləcək amillər sırasında qiymətləndirilir. Strateji əhəmiyyətə malik dəniz marşrutları ətrafında aparılan müzakirələr isə beynəlxalq gündəmdə mühüm yer tutur.
"Al Jazeera“nin yüksək vəzifəli diplomatik mənbəyə istinadən yaydığı məlumatına görə İran və Oman arasında aparılan danışıqlarda əsas məsələlərin böyük hissəsi üzrə razılıq əldə edilib. Yalnız bir və ya iki bənd açıq qalır. Bununla belə, Hörmüz boğazının gələcək hüquqi statusu, idarə olunması və keçid rejimi ilə bağlı yekun razılaşmanın əldə olunması hələ də tərəflər arasında müzakirə mövzusudur.
Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner Sherg.az-a Yaxın Şərqdə artan qeyri-müəyyənliyin qlobal iqtisadiyyatı getdikcə çıxılmaz vəziyyətə sürüklədiyini bildirib:
"Bu baxımdan ABŞ ilə İran arasında aparılan danışıqların qeyri-müəyyənliyi narahatlığı daha da dərinləşdirir.
İran ilə Oman arasında hələ də razılığa gəlinməyən ən mühüm məsələ, şübhəsiz ki, Hörmüz boğazında səlahiyyət bölgüsü və gəmilərdən alınacaq ödənişlərin mahiyyəti ətrafında formalaşır.
Bu məsələdə tərəflər arasındakı əsas fikir ayrılıqlarına nəzər salmaq lazımdır.
Bunların başında İranın nəzarət tələbi gəlir. Bununla bağlı Tehran Fars körfəzinə daxil olan gəmilərin İranın ərazi sularından keçməsini və bu hərəkət üzərində nəzarət səlahiyyətinə malik olmağı istəyir. Lakin nəzarətin yalnız gəmiçiliyin təhlükəsizliyi ilə məhdudlaşıb-məhdudlaşmayacağı, yoxsa İranın gəmiləri dayandırmaq və yoxlamaq səlahiyyətini də əhatə edib-etməyəcəyi hələ də dəqiqləşməyib".
Analitik qeyd edib ki, fikir ayrılıqlarının digər səbəbi şübhəsiz ki, keçid və ya xidmət haqqıdır:
"Bu məsələdə İranın daşınan yükün dəyərinin təxminən 5-7 faizi həcmində ödəniş tələb etdiyi, Omanın isə təxminən 3 faizlik daha məhdud bir modeli müdafiə etdiyi açıqlandı. Lakin ABŞ Hörmüz boğazından keçidin tamamilə ödənişsiz olması lazım olduğunu bildirir. Vaşinqtonun ödənişsiz keçid məsələsində israr etməsinin əsas səbəbi Hörmüz boğazı, Fars körfəzi və Ədən körfəzi kimi strateji ərazilərdə nüfuz itkisi yaşamaq istəməməsidir. Buna görə də “məcburi keçid haqqı” ilə “təhlükəsizlik və ətraf mühit xidmətləri haqqı” arasında diplomatik formul axtarılır.
Bu məsələdə Omanın da bəzi narahatlıqları var. Xüsusilə söhbət Omanın suverenlik narahatlığından gedir. Omanın İranın müvəqqəti tənzimləmə vasitəsilə Hörmüz boğazında daimi nəzarət mexanizmi yaratmasından ehtiyat etdiyini söyləmək mümkündür.
Məhz buna görə də Oman razılaşmanın müddətinin, nəzarət səlahiyyətlərinin və beynəlxalq dəniz hüququna uyğunluğunun açıq şəkildə müəyyən edilməsini istəyir".
Müsahibimiz məsələnin texniki dəniz hərəkətinin tənzimlənməsindən qat-qat böyük olduğunu vurğulayıb:
"İran müharibə və blokadadan sonra Hörmüz üzərindəki geosiyasi çəkisini rəsmi statusa çevirmək istəyir. Oman isə boğazın açılmasını dəstəkləyir. Lakin İrana birtərəfli və daimi nəzarət sahəsinin verilməsini istəmir.
ABŞ-nin “ödənişsiz və beynəlxalq keçid” şərti də iki ölkə arasında uzlaşma imkanını daraltması ehtimalını artırır.
Bu səbəbdən razılaşmaya ən yaxın formul 60 günlük müvəqqəti, ödənişsiz və ya aşağı xidmət haqqı nəzərdə tutan tənzimləmə ola bilər. Həmçinin, girişlərin İranın, çıxışların isə Omanın ərazi sularından həyata keçirilməsi və bu müddətdə minaların təmizlənərək mərkəzi beynəlxalq keçid marşrutunun yenidən açılması formulda öz əksini tapa bilər.
Lakin Hörmüz üzərindəki yekun düyün İranın bu müvəqqəti tənzimləməni nə dərəcədə siyasi və iqtisadi qazanca çevirəcəyində dayanır".