- İsmail Cingöz: "ABŞ-İran gərginliyinin taleyi Türkiyə və Azərbaycanın təhlükəsizliyinə birbaşa təsir edəcək"
ABŞ ilə İran arasında münasibətlər beynəlxalq gündəmin əsas mövzularından biri kimi qalmaqda davam edir. Tərəflərdən gələn bir-birini təkzib edən açıqlamalar danışıqlar prosesinin gələcəyi ilə bağlı müxtəlif suallar doğurur. Mövcud vəziyyət yalnız iki ölkə arasındakı münasibətlər baxımından deyil, həm də Yaxın Şərq və Cənubi Qafqazda təhlükəsizlik, enerji marşrutları və regional sabitlik baxımından diqqətlə izlənilir.
Beynəlxalq siyasət üzrə mütəxəssis və hərbi ekspert İsmail Cingöz Sherg.az-a hazırkı prosesin mümkün inkişaf istiqamətlərini şərh edib:
"ABŞ ilə İran arasında danışıqların başlayıb-başlamaması ilə bağlı ziddiyyətli açıqlamalar, əslində tərəflərin danışıqlar masasında psixoloji üstünlüyü ələ keçirmək cəhdinin bir hissəsidir. Vaşinqton diplomatiyanın öz təşəbbüsü ilə irəlilədiyi təsəvvürünü formalaşdırmaq istəyir. Tehran isə daxili ictimaiyyətə və regional aktorlara qarşı danışıqlara məcbur edilən tərəf olmadığı mesajını verməyə çalışır. Son açıqlamalar iki ölkə arasında birbaşa etimadın formalaşmadığını, lakin arxa qapı diplomatiyası və üçüncü ölkələrin vasitəçiliyi ilə əlaqə kanallarının açıq saxlanıldığını göstərir.
Türkiyə və Azərbaycan baxımından yanaşıldıqda, Cənubi Qafqaz ilə Yaxın Şərqin təhlükəsizliyi bir-birindən ayrılmaz bütöv təşkil edir. Bu səbəbdən Ankara və Bakı bölgədə yeni hərbi gərginlik əvəzinə diplomatik həll axtarışlarının gücləndirilməsini dəstəkləyir. ABŞ-İran xəttində təmin ediləcək nəzarətli dialoq enerji təhlükəsizliyi, beynəlxalq ticarət marşrutları və regional sabitlik baxımından həm Türkiyənin, həm də Azərbaycanın strateji maraqlarına xidmət edəcək. Bunun əksinə olaraq, danışıqların uğursuzluğa düçar olması halında Hörmüz boğazından Cənubi Qafqaza qədər uzanan geniş coğrafiyada təhlükəsizlik risklərinin yenidən artması ehtimalı nəzərdən qaçırılmamalıdır. Buna görə də mövcud proses nikbin gözləntilərlə yanaşı, ehtiyatlı diplomatik yanaşmanı da zəruri edir".
Analitik vurğulayıb ki, qısa müddətdə yeni və genişmiqyaslı ABŞ-İran müharibəsinin başlaması ehtimalı aşağı olsa da, münaqişə riskinin tamamilə aradan qalxdığını söyləmək də mümkün deyil:
"Tərəflər bir tərəfdən diplomatiya mesajları verərkən, digər tərəfdən hərbi çəkindiriciliklərini qorumaqda davam edirlər. ABŞ İranın nüvə proqramı, ballistik raket potensialı və bölgədəki vəkil qüvvələri üzərindəki təzyiqini davam etdirmək istəyir. İran isə geri addım atdığı görüntüsünü vermədən danışıqlar masasına əyləşməyi hədəfləyir. Son günlər səsləndirilən açıqlamalar da bu strateji tarazlıq axtarışını əks etdirir.
Bu səbəbdən qarşıdakı dövrdə ən real ssenari birbaşa və genişmiqyaslı müharibədən daha çox, nəzarət olunan gərginliklə diplomatik təmasların eyni vaxtda davam etməsidir".
Politoloq qeyd edib ki, tərəflərdən birinin edəcəyi yanlış hesablamalar, vəkil qüvvələr vasitəsilə baş verə biləcək hücum və ya Hörmüz boğazında meydana gələ biləcək böhran gərginliyi yenidən sürətlə artıra bilər:
"Türkiyə və Azərbaycan baxımından ən rasional yanaşma regional sabitliyi prioritet hesab edən diplomatik təşəbbüslərin dəstəklənməsi və mümkün təhlükəsizlik risklərinə qarşı hazırlıqlı olunmasıdır".