“Hücumun tam yayım saatında edilməsi təsadüfi deyil” - Jurnalist Cevat Gök

  • “Mətbuat qurumuna hücum Cenevrə Konvensiyasına ziddir”

Sentyabrın 8-də Rusiyanın Ukraynanın paytaxtı Kiyevdə “Mi - Ukraina” telekanalının binasına dronla zərbə endirməsi nəticəsində beş nəfər xəsarət alıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Dövlət başçısı bildirib ki, hücum günorta saatlarında, jurnalistlər efirdə olarkən baş verib.

“Bu gün Rusiya mediaya, jurnalistlərə zərbə endirib. Zərbə dronu “Mi- Ukraina” telekanalının binasına hücum edib. Həm də günün ortasında, jurnalistlərin efirdə olduğu vaxtda. Bina qismən dağılıb. Hadisə yerində bütün zəruri xidmətlər işləyir. Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları artıq yanğını söndürüblər. Hazırda beş nəfərin xəsarət aldığı məlumdur. Təəssüf ki, bu say arta bilər”.

Zelenski vurğulayıb ki, mediaya qarşı dronlardan istifadə Rusiyanın deqradasiyasının yeni səhifəsidir, Avropa və dünya buna reaksiya verməlidir.

Beynəlxalq münasibətlər üzrə siyasi şərhçi, jurnalist Cevat Gök Sherg.az-a bildirib ki, bu hücumda həm informasiya müharibəsi, həm də psixoloji təzyiq elementi var:

"Tam yayım saatında həyata keçirilən bir hücumdan söhbət gedir. Çünki onlar cəmiyyətin emosiyalarını sarsıtmaq və ictimaiyyətə yönəlmiş informasiya axınını kəsmək istəyirlər.

Digər məsələ, beynəlxalq hüququn pozulmasıdır. Media qurumuna hücum edilir. Jurnalistlər mülki şəxslərdir, hərbi hədəf deyillər. Mətbuat qurumlarının hədəf alınması da Cenevrə Konvensiyasına ziddir.

Günortadan sonra hücumu etdilər. Çünki cəmiyyəti qorxuya salmaq, bir növ şok effekti yaratmaq üçün bunu etdilər".

Mütəxəsis qeyd edib ki, diplomatik cəhətdən baxıldıqda əslində Zelenski bu hadisədən bir qədər kozır kimi istifadə edir:

"Zelenski həm avropalı müttəfiqlərdən hava hücumundan müdafiə dəstəyini artırmaq istəyir, həm də Rusiyaya beynəlxalq təzyiq göstərilməsi məsələsini gündəmdə saxlamaq istəyir. Buna görə də Zelenski açıqlama etdi".