Hulusi Kılıç: Azərbaycan və Türkiyə Avrasiyanın iki mühüm ölkəsidir - TƏHLİL

  • “Şərqdən Qərbə gedən yol Bakı və Ankaradan keçir” 

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek Zirvəsi Avrasiyada regional əməkdaşlıq, təhlükəsizlik və nəqliyyat məsələlərinin müzakirə edildiyi mühüm platformalardan biridir. Zirvədə Türkiyə və Azərbaycanın iştirakı isə iki ölkənin Avrasiya məkanındakı əlaqələri və çoxtərəfli xarici siyasət istiqamətləri baxımından önə çıxır. Bu çərçivədə ŞƏT-in regional proseslərdəki rolu, Azərbaycanın və Türkiyənin təşkilat çərçivəsində iştirakı və Avrasiyada dəyişən geosiyasi mənzərə diqqət çəkən məsələlər sırasında yer alır. 

Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA İB Türkiyə nümayəndəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Müvəkkillər Heyətinin üzvü Hulusi Kılıç Sherg.az-a bildirib ki, Azərbaycan Avrasiyanın əvəzolunmaz ölkəsidir: 

"Bu gün qardaş Qırğızıstanın paytaxtı Bişkek Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvəsində iştirak edən liderləri qəbul edir. Bişkek liderləri bir araya gətirən diplomatik platformaya çevrilib.

Zirvə öncəsi keçirilən ikitərəfli görüşlər arasında ən çox diqqət çəkən görüş Ali Baş Komandan, Prezident cənab İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş olub. Görüşdə müzakirə olunan məsələlər və gələcəyə yönəlik qərarlar beynəlxalq arenada böyük diqqət çəkib.

1996-cı ildə 5 ölkənin yaratdığı təşkilatın bu gün etibarilə üzv ölkələrinin sayı 10-a yüksələrkən, dialoq tərəfdaşı ölkələrin sayı 15-ə çatıb. 2 ölkə isə müşahidəçi statusundadır. Başqa bir ifadə ilə, ŞƏT çərçivəsində 17 ölkə yer alır. Bu ölkələrin əhalisi Avrasiyanın 42 faizini əhatə edir.

Yaradılmasının 25-ci ildönümünü qeyd edən ŞƏT bölgənin ən mühüm siyasi və iqtisadi təşkilatlarından biridir. Təhlükəsizlik, terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, sərhəd təhlükəsizliyi kimi məsələlər təşkilatın yaradılma məqsədləri sırasında yer alır. Bundan əlavə, iqtisadiyyat, enerji, nəqliyyat və dəhlizlər də təşkilatın daimi əsas gündəm maddələrindəndir". 

Sabiq səfir qeyd edib ki, ŞƏT çərçivəsindəki ölkələrə Qərbdən kənardakı güc mərkəzləri ilə əlaqələr qurmaq imkanı verir: 

"Bişkek Zirvəsinə Türkiyənin və Azərbaycanın qatılması böyük əhəmiyyət daşıyır. Prezident cənab Rəcəb Tayyib Ərdoğanın ŞƏT toplantısında çıxış etməsi Türkiyə baxımından strateji diplomatiya kimi qiymətləndirilə bilər. Bu, Türkiyənin çoxtərəfli xarici siyasətini gündən-günə gücləndirir. Türkiyə bir tərəfdən NATO, Avropa Şurası kimi Qərb təşkilatlarında yer alarkən, digər tərəfdən də Çin, Rusiya Federasiyası, Mərkəzi Asiya ölkələri, Qafqaz və Asiya ölkələri ilə dərin əlaqələr inkişaf etdirir.

ŞƏT Zirvəsi Azərbaycan baxımından da böyük əhəmiyyət daşıyır. Zirvəyə Prezident cənab İlham Əliyevin qatılması böyük əhəmiyyət kəsb edir. Cənab Prezident region lideri kimi görülür. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin dərinləşməsi və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə eyni masa arxasında olması böyük əhəmiyyət daşıyır. Həmçinin Xəzərdən keçən Orta Dəhliz-Zəngəzur dəhlizi bağlantıları mühüm məsələdir.

Azərbaycanın regional çəkisinin artması və çoxtərəfli xarici siyasətinin gündən-günə inkişaf etdiyinin görülməsi baxımından Zirvəyə qatılması böyük əhəmiyyət daşıyır". 

Analitik iki qardaş ölkə- Türkiyə və Azərbaycanın eyni Zirvədə iştirak etməsinin əhəmiyyətli olduğunu söyləyib: 

"Bu, iki ölkənin Avrasiya siyasətlərinin üst-üstə düşdüyünü və bir-birini tamamladığını göstərir.

Bundan əlavə, iki qardaş ölkə Asiyanı Avropaya, Avropanı Asiyaya bağlayan iki mühüm ölkədir. Həmçinin Azərbaycan Asiyanın Avropaya açılan qapısıdır və Avrasiyanın əvəzolunmaz, ən mühüm ölkəsidir.

Türkiyə və Azərbaycan həm Qərblə, həm də Şərqlə münasibətləri davam etdirməyi xarici siyasətlərinin əsas oxu kimi görürlər.

Nəticə olaraq, ŞƏT çərçivəsində yer alan digər ölkələrə baxdıqda, ŞƏT-in yalnız Çin-Rusiya mərkəzli təhlükəsizlik təşkilatı olmadığı görülür.

Digər mühüm məqam isə regionda Qərb mərkəzli olmayan, çoxmərkəzli yeni beynəlxalq nizamın qurulduğunun görülməsidir. Çinin iqtisadi gücü, Rusiyanın təhlükəsizlik və enerji potensialı, Türkiyə və Azərbaycanın, eləcə də Mərkəzi Asiyanın geostrateji mövqeyi və Hindistan-İran kimi ölkələrin mövcudluğu ŞƏT-i mühüm Avrasiya platformasına çevirir". 

Ekspert vurğulayın ki, Bişkek Zirvəsi ŞƏT-in təhlükəsizlik təşkilatı kimliyindən daha geniş Avrasiya əməkdaşlıq platformasına çevrilməsi baxımından diqqət çəkir: 

"Türkiyə və Azərbaycan baxımından əsas fürsət Qərblə münasibətləri zəiflətmədən Çin, Rusiya və Mərkəzi Asiya ilə əlaqələri inkişaf etdirməkdir. Dolayısıyla Türkiyə və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı mövcudluğu Şərqə yönəlmə kimi deyil, Avrasiyadakı bütün güc mərkəzləri ilə eyni anda münasibət qurmaq bacarığı kimi oxunmalıdır.

Həmçinin ŞƏT-in Bişkek Zirvəsində iştirak edən 5 türk dövlətinin Türk Dövlətləri Təşkilatının üzvləri olmasının da ayrıca əhəmiyyəti və mənası vardır. Nə mutlu Türküm deyənə!".