Hava limanına zərbə Naxçıvanı blokadaya salmaq cəhdi kimi görünür
İran ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası istiqamətində dron hücumu həyata keçirilib. Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq hücumu qəti şəkildə pisləyib və bunu Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı ciddi təhdid kimi qiymətləndirib. Bəyanatda bildirilib ki, hücum nəticəsində mülki infrastruktura, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanının ərazisinə zərər dəyib, yaralananların olduğu barədə məlumat var. Rəsmi Bakı Tehrandan baş verənlərlə bağlı dərhal izahat tələb edib və bu cür addımların regionda onsuz da gərgin olan təhlükəsizlik mühitini daha da ağırlaşdırdığını vurğulayıb.
XİN qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz təhlükəsizliyini təmin etmək və müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Hadisə fonunda vəziyyətin diqqətlə izlənildiyi və müvafiq dövlət qurumları tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilib.
Siyasi şərhçi Heydər Oğuz “Sherg.az”a açıqlamasında bildirib ki, İran artıq başını itirib:
“Tramp son açıqlamasında maraqlı bir söz dedi: “İranda adam qalmadı, hamısını qırdıq”. Yəni onların artıq siyasi rəhbərliyi yoxdur, ölkə başıpozuq vəziyyətə çevrilib. Həmçinin bütün dünya tərəfindən təcrid olunmuş bir vəziyyətdədir. İrana bir tərəfdən xristian dünyasını, bir tərəfdən yəhudi dövlətini özünə qarşı çevirib, bir tərəfdən də digər müsəlman ölkələrinə hücumlar edir. Bu hücum təkcə Azərbaycana edilir dünən də Türkiyəyə raket atılıb. Ondan əvvəl də ərəb ölkələrinə dron və raketlər zərbələri endirilib. Yəni bütün dünyanı özünə qarşı çevirib. Hətta Almaniya və İngiltərə açıq şəkildə bəyan edirlər ki, hərbi gəmilərini Hörmüz boğazına göndərəcəklər. İndi deyək ki, onları başa düşdük. Bəlkə onların üzərindən hansısa raket keçib İrana gedib və həmin ərəb dövlətləri bunun qarşısını almayıb. Bəs Azərbaycan sənə nə edib? Sənə atılan raketlərin, dronların heç biri Azərbaycan hava sahəsindən belə keçməyib. Azərbaycanın buna nə dəxli var? Amerikanın gəmisi gəlib sənin sahillərinin qarşısında dayanıb, İsrail sənə hücum edir. Onları niyə vurmaq əvəzinə Azərbaycana dron zərbələri endirirsən?”.
Ekspert qeyd edib ki, bunu bir ehtimalla izah etmək olar:
“İranlıların özləri də deyirlər ki, ölkədə Mossad və digər xarici kəşfiyyat orqanları çox güclüdür. Belə çıxır ki, artıq İranın içərisinə ciddi şəkildə nüfuz ediblər və ölkəni parçalamaq üçün son addımlar atılır. Bir tərəfdən mərkəzi hakimiyyətə hücumlar edilir, digər tərəfdən kürdlər qızışdırılır. İran faktiki olaraq bizi məcbur edir ki, Cənubi Azərbaycanla bağlı hansısa addımlar ataq və hətta İrana qarşı müəyyən tədbirlər görək”.
H.Oğuz söyləyib ki, hava limanı strateji yerdir və oraya hücum edilməsi adi hadisə deyil:
“Naxçıvanın Azərbaycanla əlaqə saxlaması üçün əsas nəqliyyat vasitələrindən biri hava yoludur. Ora zərbə endirilməsi faktiki olaraq Naxçıvanı blokadaya salmaq cəhdi kimi görünür. Bu, müharibə səbəbi sayılır. Sanki Azərbaycanı İrana müdaxilə etməyə, Cənubi Azərbaycandakı soydaşların müdafiəsi ilə bağlı addımlar atmağa məcbur edirlər. Mən hesab edirəm ki, bu, İranın molla rejiminin öz istəyi olmaya da bilər. Əgər öz istəkləridirsə, deməli artıq tamamilə nəzarəti itiriblər. Bu isə o deməkdir ki, İran rejimi ya düşmən qüvvələr tərəfindən ələ keçirilib, ya da ölkəni parçalamağa yönəlmiş proseslər gedir”.
Analitik əlavə edib ki, Həm Azərbaycan əvvəlki Azərbaycan deyil, həm də İran əvvəlki İran deyil:
“Hətta PKK kimi terror təşkilatı belə İrana hücumlar edir və bəzi ərazilərdə müəyyən mövqelər ələ keçirib. İran isə buna qarşı ciddi addım ata bilmir. Biz isə bir dövlətik və bu cür təşkilatlardan qat-qat güclüyük. Üstəlik, Türkiyə kimi müttəfiqimiz var. Əgər Azərbaycan hərəkətə keçsə, Avropa və Amerika tərəfindən də müəyyən dəstək ala bilər. Amma görünür ki, Azərbaycan hələlik təmkin nümayiş etdirir. İran onsuz da çox ağır vəziyyətdədir. İndi Azərbaycandan əlavə zərbə alsa, bu ölkəni tamamilə parçalaya bilər. Azərbaycan sanki deyir ki, biz bu haqqımızı qoruyuruq, amma hələlik istifadə etmirik. Lakin lazım gələrsə, istifadə etmək ehtimalı da var”.