“İran batıramsa, digər ölkələr də boğulsun strategiyasına sığınıb” - Cihat Yaycıdan İDDİA

  • "Neft gəlirləri çökür, inflyasiya 70 faizə yaxınlaşır, iqtisadi çöküş rejimi dərhal yıxmayacaq”

Avqustun 24-də ABŞ Prezidenti Donald Trampın göstərişi ilə İrana və onun tərəfdarlarına qarşı misli görünməmiş “İqtisadi Təcrid Əməliyyatı”na başlanılıb. ABŞ-nin Maliyyə naziri Skott Bessent bildirib ki, əsas məqsəd Tehran tək qalana qədər, rejimə maliyyə və iqtisadi dəstək verən bütün kanalları tamamilə sıradan çıxarmaqdır.

ABŞ dövlət katibi Marko Rubio isə son açıqlamasında, Tehranın məhdudiyyətlərdən yayınmasına kömək edən ölkələrə qarşı da cəza tədbirlərinin görüləcəyini açıqlayıb. İran iqtisadiyyatı uzun illərdir ki, beynəlxalq sanksiyaların ağır yükü altında çətinlik çəkir. Rəsmi statistikaya əsasən, 2026-cı ilin fevral ayınadək əsas ehtiyacların qiyməti 60 faiz, ərzaq məhsulları isə iki dəfə bahalaşıb. Qeyd edək ki, Vaşinqton “İqtisadi Təcrid Əməliyyatı”na başlamağı İranı danışıqlar masasına oturmağa məcbur etməklə əlaqələndirib. 

Mövzu ilə bağlı keçmiş kontr-admiral, İstanbul Topqapı Universitetinin dossenti, dr.Cihat Yaycı Sherg.az-a bildirib ki, bəzən ABŞ-nin İrana tətbiq etdiyi yeni sanksiyaları düzgün qiymətləndirmirlər:

“Vaşinqtonun yeni təzyiq mezanizmi ənənəvi sanksiyalar paketinə bənzəmir. Onlar İranın valyuta qazanmaq və ölkəyə xarici valyuta axını təmin etmək imkanlarını məhv etməyə çalışırlar. ABŞ-nin Hörmüz boğazında İrana göstərdiyi təzyiqlər neftin Çinə daşınmasına ciddi şəkildə mane olur. Elə bunun nəticəsidir ki, İranın xam neft ixracı mart ayında gündəlik təxminən 2 milyon barel olduğu halda, avqustda 220-250 min barelə enib. Vaşinqton, həmçinin İranın bank sistemini çalxalamaq üçün yeni sanksiyalar paketi hazırlayır. Bu dəfə İran ilə yanaşı, onunla əməkdaşlıq edən üçüncü ölkələrin bankları və şirkətləri də sanksiyaların qurbanı olacaq. İran Mərkəzi Bankı, valyuta ehtiyatlarının kifayət qədər olduğunu desə də, iqtisadi göstəricilər təzyiqin ağırlaşdığını ortaya qoyur. Ölkədə inflyasiya səviyyəsi 70 faizlik həddə yaxınlaşmaqdadır. Lakin iqtisadiyyat pisləşsə də, rejim təslim olan deyil. İdeoloji zəncirlərə bağlanmış və sərt təhlükəsizlik aparatına söykənən molla rejiminin iqtisadi yükü xalqın çiyninə yıxacağı şübhə doğurmur”. 

Müsahibin sözlərinə görə, Tehran rəhbərliyi yaşayış səviyyəsinin aşağı düşməsini və məhsul çatışmazlığını müəyyən dövrə qədər idarə etməyi bacaracaq:

“Bu səbəbdən "iqtisadiyyat çökəcək və rejim dərhal ABŞ-nin bütün şərtlərini qəbul edəcək" kimi bəsit düşüncə tərzini qəbul etmirəm. Rejim o halda dağıla bilər ki, neft gəlirləri və valyuta ehtiyatları azalsın, xarici ticarət arteriyaları zəifləsin və ölkə daxilində ictimai sabitlik pozulsun. Üstəlik, tənəzzülün üzərinə hərbi əməliyyatların yaratdığı ağır xərclər də əlavə olunarsa, Tehran birbaşa danışıqlarda güzəştə getməyə məcbur qalacaq”. 

C.Yaycının fikrincə, vəziyyət o həddə çatacaq ki, Tehran nüvə proqramı və Hörmüz boğazının statusu üzrə güzəştlər müqabilində, sanksiyaların ləğvini tələb edəcək:

“Molla rejimi danışıqlar masasına oturmağa vadar olsa belə, ABŞ-nin bütün şərtlərini kor-koranə qəbul edən deyil. ABŞ hərbi yolla rejimi yıxmağın çətin olduğunu dərk edib. Ona görə də hazırkı məqsədi onu iqtisadi və strateji cəhətdən zəiflədib, diplomatiyaya məcbur etməkdir. Tehran isə Vaşinqtonun iqtisadi təzyiqləri artıracağı təqdirdə Hörmüz boğazına nəzarəti ələ alıb, regiondakı ABŞ bazalarına zərbə vurmaqla qlobal neft bazarını boğacağını göstərməyə çalışır. Qısası, İran “batıramsa, digər ölkələr də dənizin dalğalarında boğulsun” strategiyasına sığınıb”.