Müharibə uzansa, enerji böhranı dərinləşəcək
İran çökərsə, Liviya və Suriya ssenarisi təkrarlana bilər
Dünya gücləri arasında gərgin vəziyyət davam edir. Türkiyənin Xarici işlər naziri Hakan Fidan hökm sürən xaosla bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə müharibə ən erkən mərhələdə əsas hərbi imkanların məhv edilməsi və ya neytrallaşdırılması ilə, ən gec mərhələdə isə İranda rejim dəyişikliyi ilə sona çata bilər.
Xarici siyasət üzrə türk ekspert və jurnalist Emre Diner Sherg.az-a açıqlamasında Hakan Fidanın fikirlərinə münasibət bildirib:
"ABŞ-İsrail-İran müharibəsinin 4-cü günündəyik. Müharibənin regiondan kənara yayıldığı görünür.
Xarici işlər naziri Hakan Fidanın Ankarada iftar vaxtı media nümayəndələri ilə görüşdə verdiyi mesajlar mühümdür.
Nazir Fidan hər bir sətirdə Türkiyənin diplomatik səylərindən bəhs etdi. Vaxtı ilə Türkiyə, İran və ABŞ arasında əhəmiyyətli diplomatik əlaqələr quruldu.
Ankara müharibə deyil, sülh olması üçün intensiv səy göstərdi. İndi də bu işlər davam edir. Bir tərəfdən artan müharibə riskləri, digər tərəfdən davam edən səylər var.
Fidan Türkiyənin ABŞ-İran arasındakı gərginlikdə fəal rol oynadığını “Əslində müharibə daha tez başlayacaqdı, biz bu səylərlə onu bir qədər gecikdirmiş olduq” sözləri ilə ifadə etdi.
Ankaranın digər ölkələr kimi ən böyük narahatlığı “İranla birlikdə bütün bölgəni öz içinə alan qeyri-sabitlik mühitinin yaranmasıdır"".
Ekspert söyləyib ki, ABŞ-İsrail ittifaqının İrana qarşı hücumlarını davam etdirməsi və müharibənin uzun sürməsi İranda daxili gərginliyin artmasına səbəb olacaq:
"Bu vəziyyət rejimə yönəlik xarici təzyiqin güclənməsi ilə birlikdə qismən və ya tam çöküş ehtimalını doğuracaq. Proses baş verərsə, Liviya və ya Suriya parçalanacaq. Bu vəziyyət bölgəni fəlakətə sürükləyəcək. Ankara isə bunu istəmir.
Mümkün ən pis ssenariyə diqqət çəkən xarici işlər naziri Hakan Fidan çıxışında bir çox məqamlara işarə etdi. Təsəvvür edin ki, ən pis ssenari baş verdikdə, yəni mərkəzi hakimiyyət gücünü itirdikdə etnik və məzhəbi qarşıdurmalar yüksələcək. Silahlı qruplar nəzarəti ələ keçirəcək və ölkə uzunmüddətli anarxiyaya səhnə olacaq. Türkiyə, Pakistan və Azərbaycan böyük miqrasiya dalğalarına və humanitar böhranlara məruz qalacaq. Türkiyə belə arzuolunmaz hadisələrin yaşanması istənilmir".
Analitik vurğulayıb ki, müharibənin böyüməsi və digər bölgələrə sıçraması ehtimalı qlobal iqtisadiyyat üçün mənfi ssenaridir:
"Hörmüz Boğazının bağlanması ilə artan neft qiymətləri, böhranın başladığına dair siqnal verir.
İran özünə qarşı hücumları xaricə daşımaq riskini də əlində saxlayır. Hörmüz Boğazı kartından, Rusiya-Ukrayna müharibəsi zamanı Vladimir Putinin təbii qaz kozunu masaya qoyması kimi istifadə edə bilər. Tehran da ehtimal ki, eyni yolu izləyir.
İran-ABŞ-İsrail gərginliyi uzanarsa, Hörmüzün bağlı qalma vəziyyəti də uzanacaq.
Beləliklə, mümkün ən pis ssenaridə Avropa, Yaponiya, inkişaf etməkdə olan dövlətlərin və Asiya ölkələrinin enerji asılılığı daha sərt şəkildə təsirlənəcək.
Beynəlxalq Valyuta Fondu və Dünya Bankı belə bir ssenaridə qlobal artım proqnozlarını ciddi şəkildə aşağı salacaq. Bununla da qlobal resessiya(ÜDM-nin aşağı düşməsi) riski ciddi həddə çatacaq".
Emre Diner Hakan Fidanın bu açıqlaması ilə əslində bölgəyə çağırış etdiyini deyib:
"Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgəni geosiyasi qeyri-müəyyənlik uçurumuna sürükləyən müharibənin dayandırılması və yarana biləcək mənfi ssenarilərlə bağlı xəbərdarlıq edir".