İranın izlədiyi siyasət açıq şəkildə “intihar” xəttini xatırladır - Mehsa Mehdili

"Ümidim Türkiyənin dövlət ağlına, alicənablığına, gücünə və irfanınadır"

"Türkiyə sərhədində, Türkiyə ilə İran arasında yerləşən Qərbi Azərbaycan vilayətinin xalqı bu gün çox ağır və acınacaqlı vəziyyətdədir. Maku, Urmiya, Salmas, Xoy, Sayınqala, Tikantəpə (Tikab) bölgələri xüsusilə böyük çətinlik içindədir. Şimali İraqdan silahlı terror qruplarının Cənubi Azərbaycana keçmək üçün hazırlaşdığı barədə ciddi iddialar mövcuddur".

Sherg.az xəbər verir ki, bu fikirləri öz sosial şəbəkəsində Cənublu fəal, siyasi şərhçi Mehsa Mehdili paylaşıb:

"Xalqımız hər yerdə panika içindədir. İnternet kəsilib, böyük qeyri-müəyyənlik hökm sürür və bölgə addım-addım xaosa sürüklənir.

Bu şərəfli xalq illərdir azərbaycançılıq və türklük uğrunda bədəl ödəyib. Belə bir xalq bu qədər tək buraxılmağa layiq deyil.

Bir Cənublu azərbaycanlı olaraq, varlığı və siyasəti ilə hər zaman ümid mənbəyi olan şanlı Türkiyə Dövlətinə minnətdaram. Yanımızda olan jurnalistlərə və alimlərə də həssaslıqlarına görə təşəkkür edirəm".

Güneyli fəal bildirib ki, İranın izlədiyi siyasət açıq şəkildə “intihar” xəttini xatırladır:

"Bu anlayışı bilərəkdən istifadə edirəm. Bu, özünə bomba bağlayıb başqalarını öldürərkən özünü də məhv edən bir düşüncədir. “Mən gedərəmsə, hamını da özümlə apararam” yanaşmasıdır. Bunu birbaşa İran dövlətininmi, yoxsa müəyyən bir qrupunmu həyata keçirdiyi müzakirə oluna bilər. Ancaq dəqiq olan budur ki, bu bölgə burada yaşayan xalqların qardaşcasına bir arada yaşadığı coğrafiya olmalıdır. İstər birlikdə, istərsə də yaxşı qonşuluq hüququna əsaslanaraq bu, baş tutmalıdır".

Siyasi şərhçi vurğulayıb ki, İran, başda Türkiyə olmaqla qonşuları ilə münasibətlərində etimadı və yaxşı qonşuluq hüququnu əsas götürməlidir:

"İran problemlərin böyüməməsi və regional sabitliyin qorunması üçün daha ağıllı, sağlam düşüncəli və konstruktiv siyasət yürütməlidir.

Artıq radikal qrupların, ABŞ-nin və ya Netanyahunun bölgə xalqlarını bir-birinə qırdırma dövrü başa çatmalıdır. Bu torpaqlarda sülhə, qonşuluğa və qardaşlığa ehtiyac var.

İnanıram ki, bu sülh və sağlam düşüncə prosesinə Türkiyə dövləti liderlik edəcək. Ümidim Türkiyənin dövlət ağlına, alicənablığına, gücünə və irfanınadır".