“Cənubi Azərbaycan türkləri öz hüquqlarını qorumaq üçün aktiv olmalıdır”
Bu gün İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına edilən dron hücumları vəziyyəti həm dövlət, həm də ictimaiyyət tərəfindən qınanılıb. İranın bu adımmının regionda onsuz da gərgin olan vəziyyəti daha da dərinləşdirərək, təhlükəsizlik və sabitlik məsələlərini ön plana çıxarıb.
Qeyd edək ki, İran dronlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Nəticədə hava limanı binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb. Rəsmi Bakı bu hücumu qətiyyətlə pisləyərək onun beynəlxalq hüququn və dövlətlərin suverenliyinə hörmət prinsiplərinin kobud şəkildə pozulması olduğunu bəyan edib.
Baş verən hadisə təkcə iki ölkə arasındakı münasibətlər kontekstində deyil, həm də İranda yaşayan milyonlarla azərbaycanlının vəziyyəti fonunda geniş müzakirələrə səbəb olub. Uzun illərdir İran hakimiyyətinin Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların ana dilində təhsil, mədəni özünüifadə və siyasi iştirak kimi fundamental hüquqlarını məhdudlaşdırdığı barədə paylaşımlar artıb. Azərbaycanlı fəalların təqib edilməsi, həbs olunması və ictimai fəaliyyətlərinə görə təzyiqlərlə üzləşməsi bu narazılıqları daha da dərinləşdirən amillər kimi göstərilib. Onu da deyək ki, İranda baş verən hərbi-siyasi proseslər və daxildə artan gərginlik fonunda Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın gələcək taleyi və hüquqları ilə bağlı müzakirələr də aktuallaşıb. Bəzi analitiklər hesab edir ki, mövcud vəziyyət Cənubi Azərbaycanda milli kimlik və hüquqlar uğrunda mübarizənin daha qabarıq şəkildə gündəmə gəlməsi üçün yeni imkanlar yarada bilər. Digər tərəfdən isə bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyi və soydaşlarımızın hüquqlarının hansı mexanizmlərlə təmin oluna biləcəyi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.
Bu kontekstdə əsas müzakirə mövzularından biri də Cənubi Azərbaycanda milli kimliyin qorunması, dil və mədəni hüquqların təmin olunması üçün hansı siyasi və ictimai mexanizmlərin daha effektiv ola biləcəyidir. Ekspertlərin fikrincə, regionda baş verən hadisələr təkcə geosiyasi müstəvidə deyil, həm də milyonlarla azərbaycanlının hüquq və identiklik məsələsi baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Təbriz Gənclər İttifaqı İranın Azərbaycana hücumu ilə bağlı bəyanat verib.
"MOUZE" teleqram kanalında paylaşılan bəyanatda bildirilib:"Biz tez bir zamanda İran rəsmilərindən Azərbaycan ərazisinə müdaxilə ilə bağlı açıqlama gözləyirik.
Qeyri müəyyən məqamlar var, amma İran rejimindən dərhal açıqlama və izah gözləyirik. Əks halda Təbrizdə etiraz aksiyalarına başlayacağıq".
Xalq şairi Sabir Rüstəmxanlı “Sherg.az”a açıqlamasında bildirib ki, İranın Naxçıvana zərbə endirməsi məqsədyönlü şəkildə həyata keçirilib. Onun fikrincə İran qonşu dövlətləri də oda atmaq siyasəti yeridir: “İranın qonşulara qarşı münasibətini Türkiyənin Xarici İşlər naziri hakan Fidan çox gözəl ümumiləşdirib təsvir edib. O İranın özü ilə birlikdə bütün qonşuları da savaşa qatmaq istəyində olduğunu bildirib:
“Əgər mən batacaqamsa, bölgədəki digər ölkələri də batıraram” anlayışı son dərəcə səhv bir strateqiyadır””.
İran tarix boyu bu cür siyasət yeritdiyini xatırladan S. Rüstəmxanlı qeyd edib ki, İranda molla rejimi hakimiyyətə gəldiyi gündən bu günə qədər Azərbaycana qarşı müxtəlif formalarda hücum siyasəti aparıb: “Necə olur ki, İran Naxçıvana dron hücumları həyata keçirir, eyni zamanda qonşuluqdakı Ermənistana 30-35 il boyunca hərbi və iqtisadi yardım göstərərək Azərbaycanın torpaqlarının işğalında dolayı yolla iştirak edib. Bu siyasət Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı sistemli təhdid yaratmaqla yanaşı, regionda gərginliyi artırıb, etimadsızlıq mühitini möhkəmləndirib və həm də Cənubi Azərbaycan və ümumilikdə Azərbaycan xalqının təhlükəsizliyi baxımından ciddi risklər doğurub”.
S. Rüstəmxanlı qeyd edib ki, Azərbaycanın sülh niyyətinə baxmayaraq, İran Naxçıvana dron hücumları edərək münasibətlərdə səmimiyyətsizliyini göstərir: “Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, ölkəmizdə Amerikanın və ya İsrailin hər hansı hərbi obyekti yoxdur və bizim ərazimizdən İrana qarşı hər hansı təhlükə müzakirə mövzusu deyil. Üstəlik, İranda baş verən hadisələrdə həyatını itirən insanlar və ali dini lider Xamenei ilə bağlı həm Prezident, həm də müxtəlif təşkilatlar baş sağlığı veriblər. Buna baxmayaraq, İran Naxçıvana dron hücumları həyata keçirir, məktəbləri və hava limanını hədəfə alır. Bu isə onların Azərbaycanla münasibətlərində səmimi olmadığını açıq şəkildə göstərir və biz bunu yaxşı bilirik.”
Ötən yüzilliklər ərzində İrandakı azərbaycanlıların hüquqları sistemli şəkildə pozulduğunu xatırladan Xalq Şairi vurğulayıb ki, bütün bu zülmlərə baxmayaraq, biz İran xalqının ümumilikdə zülm çəkməsini, müharibələrdə həyatını itirməsini və təhlükələrə məruz qalmasını istəmirik: “Rejim başqa, dinc əhali başqadır. Milliyyətindən, dinindən və ya etnik mənsubiyyətindən asılı olmayaraq, mülki insanların münaqişələrdə zərər görməsi və həyatını itirməsi qəbuledilməzdir”.
S. Rüstəmxanlı hesab edir ki, baş verənlərdən sonra Güneydəki azərbaycanlılar talelərinin başqaları tərəfindən həllini, Xameneidən sonra İran rejiminə rəhbərlik edəcək şəxslərin kim olacağını gözləməməlidir: “Pəhləvi kimdir ki, onun oğlu da gəlsin İran xalqına rəhbərlik etsin. İndiki rejimin də öz zülmlərini davam etdirməsinə imkan verilməməlidir. Hazırkı rejimin zülmlərini davam etdirməsinə imkan verilməməli və azərbaycanlılar öz hüquqlarını qorumaq üçün aktiv olmalıdırlar. İranda molla rejimi hakimiyyətə gələndən bu günə qədər Azərbaycanın məktəblərinə, mədəniyyət ocaqlarına, tarixinə və heysiyyətinə zərbələr endirib. Dilimizi qadağan edib, məktəbləri bağlayıb, ana dilində danışmağa məhdudiyyət qoyub, tariximizi unutdurmağa çalışıb. Azərbaycana qarşı assimilyasiya siyasəti yürüdüb. Bütün bunlar da Naxçıvana atılan dron qədər təhlükəlidir. Bu mənada deyə bilərəm ki, Naxçıvana dron zərbəsi təkcə taktiki addım deyil, həm də siyasi mesajdır. Lakin bu mesajın hədəfi hərbi obyekt yox, mülki infrastruktur olduqda, məsələ artıq beynəlxalq hüquq müstəvisinə keçir.
Dronlardan birinin məktəb yaxınlığına düşməsi təsadüfi epizod kimi təqdim olunsa da, bu cür hadisələr regionda ciddi narahatlıq yaradır. Çünki məktəblər, hava limanları və digər mülki obyektlər beynəlxalq humanitar hüquqa görə hücumdan qorunan obyektlər sayılır.
Azərbaycan türklərinin təşəbbüsü və təşkilatlanması vacibdir. Onlar öz mövqelərini həm milli, həm də beynəlxalq səviyyədə açıqlamalıdırlar. Bu, yalnız siyasi mövqe deyil, həm də tarixi bir haqqdır. Min illərdir İranda yaşayan və müxtəlif dövrlərdə siyasi hakimiyyətə təsir göstərmiş bir xalq olaraq, Azərbaycan türkləri öz hüquqlarını qorumaq üçün aktiv olmalıdır”.
Azərbaycan və Türkiyənin Cənubi Azərbaycan türklərinə dəstəyinə gəldikdə isə, S. Rüstəmxanlı bildirib ki, atılacaq addımların qərarı hər iki ölkənin rəhbərliyinə aiddir: “İran ərazisində baş verə biləcək hər hansı münaqişənin öz sərhədlərinə sıçramasına imkan verməmək və regiondakı gərginliyi azaltmaq hər iki hökumətin əsas prioritetidir. Ehtiyac yarandığı təqdirdə, Cənubdakı soydaşlarımızın təhlükəsizliyini təmin etmək və onlara dəstək olmaq hər iki ölkənin gücü və iradəsi çərçivəsində olmalıdır. Onu deyim ki, regional təhlükəsizlik və milli hüquqlar yalnız diplomatik və hərbi tədbirlərlə deyil, həm də xalqın öz təşəbbüsü, təşkilatlanması və beynəlxalq ictimaiyyətlə əlaqə qurması ilə qorunmalıdır. Azərbaycanın və Türkiyənin mövqeyi bu baxımdan həm strateji, həm də humanitar əhəmiyyət daşıyır”.