İranın Türkiyənin əleyhinə çalışdığı zamanlar olub - Necat Taşçı

Bu gün Ankaranın Tehranın yanında dayanmağı qonşuluq əxlaqının tələbi kimi qiymətləndirir

Yaxın Şərqdə geosiyasi dinamikanın sürətlə dəyişməsi region ölkələri arasında münasibətləri daha da mürəkkəbləşdirib. Bu kontekstdə Türkiyə ilə İran arasındakı əlaqələr həm əməkdaşlıq, həm də rəqabət elementlərini özündə birləşdirib. 

Bu kontekstdə dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Prezident bildirib ki, İranı hədəf alan yeni müharibə heç kimə qazanc gətirməz, əksinə, bölgə uduzar.

“Türkiyə divar hörən, qarşıdurmanı alovlandıran deyil, körpü quran və sülh üçün zəmin yaradan ölkə mövqeyindədir”,-deyə o, vurğulayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə İran ilə ABŞ arasında mövcud problemlərin dialoq yolu ilə həllini istəyir. Həmçinin o, hər iki ölkə ilə ən yüksək səviyyədə təmasların davam etdiyini deyib.

Beynəlxalq Münasibətlər və Siyasət üzrə ekspert Dr.Ufuk Necat Taşçı Sherg.az-a açıqlamasında Türkiyə ilə İran münasibətlərinin ictimaiyyətə əks olunan və əks olunmayan tərəfləri ilə rəqabət xarakteri daşıdığını vurğulayıb: 

"Bir çox məsələlərdə İran Türkiyənin əleyhinə müxtəlif addımlar atıb. Suriyadan İraqa, Kərkükə qədər müxtəlif ölkələrdə İran Türkiyə ilə masada başqa cür danışıb. Arxa planda isə Tehran qonşuluq münasibətləri ilə ziddiyyət təşkil edən addımlar atıb.

Bu gün Türkiyə İranın yanında dayanmağı qonşuluq əxlaqının tələbi kimi qiymətləndirir. Eyni zamanda bunu regional sabitlik baxımından mühüm məsələ hesab edir. Hətta Allah eləməsin, Türkiyə ABŞ ilə bənzər bir vəziyyətdə olsa, İranın Ankara üçün eyni mövqeni sərgiləməyəcəyini hamı bilir. Buna baxmayaraq, Ankara böyük diplomatik əxlaq və əhdə sədaqət prinsipi ilə strategiyalarını müəyyən edir.

Türkiyə özünə qarşı İranın yürütdüyü və bölgəni qana boyayan Tehran siyasətinə baxmayaraq, vəziyyəti soyuqqanlı şəkildə qiymətləndirir. Ankara İrana qarşı mümkün hücumun regional və qlobal xərclərini də çox yaxşı bilir". 

Politoloq vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında Türkiyənin nümayiş etdirdiyi mövqe orta və uzunmüddətli perspektivdə ölkənin hesabına müsbət amil kimi yazılacaq:

"İranın daxilindəki bir siyasi səbəbilə bütün ölkənin cəzalandırılması ədalət prinsipinə ziddir. Türkiyə məsələyə ilk növbədə əxlaqi baxımdan yanaşır. 

Ankara bəzi ölkələrin rejimləri ilə razılaşmır. Buna baxmayaraq, həmin ölkələrin xalqları ilə münasibətləri daim güclü qalır.

İsrailin təcavüzləri, işğalları və soyqırımı fonunda vəziyyət daha da həssasdır. Zərərçəkmiş ölkələrin marjinallaşmaması və bölgədəki böhranın dərinləşməməsi üçün İrana qarşı mümkün hücumu Türkiyə dəstəkləmir".