İrəvan dəmiryolunun bərpası üçün öz maliyyəsini xərcləməyəcək

44 kilometrlik məsafədə heç bir iş görülməyib


Rusiyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Mixail Mişustinlə görüşüb. Görüş Soçidə baş tutub. Paşinyan deyib ki, Moskvada keçirilən nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın iclasında nəzərəçarpacaq irəliləyiş əldə olunub: “Mən bir daha Ermənistanın bu nəqliyyat kommunikasiyalarının keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Bu, üçtərəfli bəyanatın 9-cu müddəasında göstərilən kommunikasiyalara aiddir.

 Ümid edirəm ki, biz konkret həll yolları tapa biləcəyik”. Onun sözlərinə görə, Ermənistan tərəfi konkret təkliflər verib və o, onların qəbul ediləcəyinə ümid edir: “Prinsipcə, bu bizim təkliflərimiz deyil, bunlar son iki il ərzində işlədiyimiz kompromis həllərdir”. Xatırladaq ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının, eləcə də MDB ölkələrinin liderlərinin Şurasının iclaslarında iştirak etmək üçün bu gün Rusiyaya səfər edib. Onun Rusiyaya səfəri iyunun 9-na qədər davam edəcək.
  
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Paşinyan hökumətinin son iki il ərzində işləyib hazırladığı təkliflərin kompromislərdən ibarət olduğunu vurğulayıb: "Yenə ortada çox söz, çox vəd var, real irəliləyiş isə nəzərə çarpmır. Məsələn, Azərbaycan Ermənistan sərhədinə qədər dəmiryol tikintisini yekunlaşdırmaq üzrədir. Ermənistan isə ərazisindəki 44 kilometrlik məsafədə heç bir iş görməyib. Ermənistan rəsmiləri bunun zaman alacağını vurğulayıblar. Yəni yaxın günlərdə hər hansı sənəd imzalansa belə, bu dəhlizin qısa müddətdə açılacağı anlamına gəlmir. Digər tərəfdən, İrəvan dəmiryolunun bərpası üçün öz maliyyəsini xərcləməyəcək, borc istəyəcək. Bu da vaxt itkisinə səbəb olacaq".